Milli qəhrəmanın ailəsinə mənzil verildi
Paytaxtın Binəqədi şossesi döngə 8 ünvanında yaşayan Milli qəhrəman İnqilab İsmayılovun ailəsi 1992-ci ildə Xocalı şəhərindən məcburi köçkün olub. Polis işləyən İnqilab İsmayılov Xocalı uğrunda gedən döyüşlər zamanı ailəsi ilə birlikdə yüzlərlə soydaşımızı döyüş meydanından çıxarsa da, özü sonadək düşmənlə mübarizə aparıb. Gülnaz Orucova deyir ki, yoldaşı onun ölümündən sonra ailəsinə dövlət qayğısının göstəriləcəyindən əmin idi. 10 ilə yaxındır 1 otaqlı evdə yaşayan ailə yeni mənzillə təmin olunub.
Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində 3 otaqlı mənzillə təmin olunan məcburi köçkün ailəsinin sevincinin həddi-hüdudu yoxdur. Tam təmirli və bütün mebel dəstləri ilə təmin edilən mənzil artıq şəhid ailəsinin ixtiyarına verilib. Bu evdə İnqilab İsmayılovun hər iki oğlu öz ailəsi ilə birlikdə yaşayacaq.
Xatırladaq ki, Prezidentin 2011-ci ildə imzaladığı Sərəncama əsasən Kürdəxanıda salınan yeni yaşayış məhəlləsində sakinlərin rahatlığı üçün bütün şərait yaradılıb. Layihə üzrə doqquzmərtəbəli 15 bina tikilib ki, bunlardan 9-u 54, 4-ü 36, digərləri isə 108 və 72 mənzillidir. Yeni mənzillərinə köçən milli qəhrəman ailəsi onlar üçün yaradılan bütün şəraitə baxmayaraq yaxın zamanda işğal altındakı torpaqlarımızın azad olunacağını və doğma yurd-yuvalarına, Xocalıya qayıdacaqlarını arzulayırlar.
Qeyd edək ki,1992-ci il 25-26 fevral Xocalı soyqırımı törədilən zaman İnqilab İsmayılov, bir neçə erməni silahlısını məhv edərək yerli sakinləri təhlükəsiz əraziyə çıxarıb. 1992-ci il 12 iyun tarixində yenidən ermənilərin hücumlarını dəf etməyə nail olan polis nəfəri düşmənin 6 postunu məhv edərək qəhrəmancasına həlak olub. Döyüşçü dostlarının cəhdlərinə baxmayaraq onun cəsədini döyüş meydanından çıxara bilməyiblər. Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə İnqilab İsmayılova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət