Slimfit
  1. AZƏRBAYCAN

Meyvələr vaxtından öncə necə yetişdirilir?

Meyvələr vaxtından öncə necə yetişdirilir?
Sakura

Meyvələr vaxtından öncə necə yetişdirilir?

Yolumuz Bakının Zirə kəndinədir... İş  adamı Mürvət  Həsənlinin Azərbaycanda bir  ilk olan faraş meyvə bağları bu il birinci dəfə nübarını verəcək. Ölkənin aqrar sektoru üçün mühüm yenilik olan bu “erkənci bağları”  işıqlandırmaqla onun necə ərsəyə gəlməsini, texnologiyasını, ölkə iqtisadiyyatı, idxaldan asılılığın azalması üçün faydalarını  izah etməyə çalışacağıq. Yolboyu Zirə kəndində yolkənarı hektarlarla ərazinin əkildiyini müşahidə edirik. Kənddə iri istixanalar salınıb. Zirə kəndi həm də Bakı bazarlarını ilin bütün fəsillərində təzə pomidor-xiyarla təmin edir.  Bu ildən etibarən artıq Bakı bazarları faraş meyvəni də xaricdən deyil, Zirə bağlarından alacaq...

“Erkənci bağlar” Azərbaycanda...

Qeyd etdiyimiz kimi, bu bərəkətli torpaqlarda salınan faraş meyvə bağları iş adamı Mürvət Həsənlinin Azərbaycanda imza atdığı bir yenilikdir. Bu plantasiyalarda ərik, alça, şaftalı, nektarin (tüksüz şaftalı), üzüm  kimi meyvələr yetişdirilir. M.Həsənli bizə məlumat verir ki, onun istixanalarında adı çəkilən meyvələr yetişdirilir və bunlara Anadolu  türkcəsində “erkənci bağlar” deyilir: “Bu plantasiyalara  ”erkənci bağlar" deyilməsinin səbəbi odur ki, burada meyvələr zamanından bir ay öncə yetişir, bazara satışa çıxarılır. Gördüyünüz kimi, artıq ərik yetişib, bir həftə sonra biz onun yığımına başlayacağıq. Biz bu ağacları bir il öncə əkmişik, artıq meyvə verib. Özümüz məhsulun çox olmasına imkan vermədik ki, ağacın inkişafına mane olmasın. Artıq olan ərikləri təmizlədik ki, budağa güc salmasın. Azərbaycanda bunu ilk olaraq biz etmişik. Arzu edirik ki, 10-15 belə bağ da olsun ki, biz bu məshulların xaricdə satışını da təşkil edə bilək".

Bu ideyanın necə yaranmasına gəlincə, M.Həsənli deyir ki, bu təcrübəni qardaş Türkiyədən götürüb: “Faraş meyvə bağları ilə ilk dəfə 2013-cü ildə Türkiyənin Mersin bölgəsində quşçuluqla bağlı müşahidə apardıqda, onların istixanalarını gördüm. O zaman meyvələrin yetişmə dövrü idi. Bir dəfə də may ayının 1-də yığım dövründə getdim ki, artıq yoxdur. Bu ideya ağlımda qalmışdı. 2016-cı ilin dekabrında bu istixanaların tikintisinə başladıq, 2017-ci ilin yanvar ayının 20-25-də bu ağacları əkdik. Artıq 1 il 3 ay keçib, ağaclar bar verib.  Hələ ki hədəfimizdə daxili bazarlardır. Növbəti mərhələdə Rusiya bazarını hədəfləyirik. Türkiyədə və İranda da faraş meyvə bağları var. Bizdə yox idi, artıq ilk meyvə bağını yaratdıq”.

44 (6).jpeg (210 KB)

Faraş alça 10 dəfə ucuz olacaq...

İş adamı deyir ki, bəzi meyvələrin qiyməti bu dövr üçün 10 dəfə ucuzlaşa bilər: “Bu zamana qədər Azərbaycan faraş meyvəni xaricdən idxal edirdi , bu səbəbdən qiymətləri həddindən artıq baha olurdu. Biz bu gün marketlərə girərkən görürük ki, orada alçanın bir kiloqramının qiyməti 500-600 manat civarındadır. Biz isə yaxın günlərdə satışa başlayacağıq və qiymətlər bundan 10 dəfə aşağı olacaq. Hesab edirəm ki, artıq xaricdən faraş meyvə idxalı gələn ildən dayanacaq. Bizim istehsalımız imkan verir ki, daxili bazarı tam təmin edək. Hətta yəqin ki, Rusiya bazarına da çıxışımız olacaq və gələn ildən ixrac da edəcəyik”.

Meyvə plantasiyalarından builki istehsal xaricə ixrac imkanı yaratmasa da, növbəti illərdə Rusiya bazarına Azərbaycanın faraş meyvəsi çıxa bilər: “Bu il ixrac imkanımız yoxdur, ona görə ki, bizim ağacların ilk ilidir. Gələn ildən artıq, ağacların tam meyvə verməyə başlayan ili olacaq. Bu baxımdan biz yüksək həcmdə tonlarla meyvə götürəcəyik. Həm yerli bazarlara, həm də xaricə ixracımıza şərait yaradacaq. Hazırda bizdə 4600 ədəd ərik ağacları var və biz bu il üçün 30-35 ton civarında ərik yetişəcəyini gözləyirik. Gələn ildən isə 120-130 tona kimi qalxacaq, 4-cü ildə isə 150-160 ton olacaq. Biz birillik ağaclara çox meyvə yükü vermək istəmirik, bu, ağacı inkişafdan saxlayır. Meyvələr yığıldıqdan sonra ağacların bütün kiçik budaqları budanacaq ki, daha sürətlə inkişaf etsin. Ağaclara aqrotexniki qulluq edilir, təbii gübrələr zamanında verilir. Azotunu , fosfatını veririk. 1  il 3 ayda aldığımız nəticə də göz önündədir. Suvarma sistemi tam avtomatik şəkildə qurulub. Bağın torpağı isə qumdur. Qumda olan inkişaf daha sürətli olur. Çünki qum isti olur, ağacın kökünün şaxələnməsinə, daha rahat getməsinə kömək edir. Bu torpaqda gil yoxdur. Bizim istixanalar 5 hissədən ibarətdir. Onlardan  biri də 4 hektar 20 sot təşkil edən alça plantasiyasıdır. Alça istilikxanasında bizdə 3 sort alça var, bunlar göycə, splinter - yapon gavalısı da deyirik və bir də türklərin ”can ərik" dediyi sort yetişdirilir. Yaxın 10 gündə biz məhsulu satışa çıxarmağı düşünürük. Bu ağaclar birillik olduğu üçün meyvə yükünü azaltdıq. Gələn il daha çox istehsal olacaq".

Qiymətlər 50 faizdən çox ucuzlaşa bilər...

Həmsöhbətim qeyd edir ki, istixana şəraitində yetişən meyvənin digərlərindən dad və keyfiyyət baxımından heç bir fərqi yoxdur: “Sadəcə bağlı şəraitdə yetişir deyə, daha çox istilik yaranır və daha tez məhsul yığılır. Şaftalı plantasiyasından 15 gündən sonra məhsul yığa biləcəyik. Ərazisi 4 hektardan bir qədər artıqdır, 4200 ədəd şaftalı ağacımız var. Şaftalı bağında 4 növ məhsul var, onlardan biri yastı şaftalıdır, ”Astoriya" sortu var. Daxili istehsal tam olaraq xaricdən faraş meyvə idxalının qarşısını alacaq. Hətta biz ixrac edəcəyik. Ölkəyə valyuta gətirəcəyik. Gələcəkdə bu plantasiyalar, istixanaların artması daxili bazarda bir rəqabət  yaradacaq. Həm xaricdən gələn bütün meyvələri öyrənib onların yerli şəraitdə istehsalına nail olmalıyıq. Həm çəyirdəkli meyvələrin, həm də giləmeyvələrin istehsalı üçün Azərbaycanda kifayət qədər münbit şərait var. Dövlət proqramı çərçivəsində böyük maliyyə vəsaitləri tələb edən işlər görülüb, yolların çəkilməsi, kommunikasiya işlərinin görülməsi də sahibkarlara imkan yaradır. Son illər aqrar sektorun əksər sahələrində innovasiyaların tətbiq həmin məhsulların satış qiymətlərinin ucuzlaşmasına gətirib çıxaracaq. Qiymətlər 50 faiz ucuzlaşacaq. Məhsullar əllə yox, texnika vasitəsilə yığılacaq, suvarma sisteminin avtomatik olması, yerli suvarma təşkilatlarının regionlarda daha böyük işlər görməsi, aqroparkların yaradılması son nəticədə məhsulların maya dəyərinin iki dəfə aşağı düşməsi ilə nəticələnəcək. Bu isə o deməkdir ki, həm bazara çıxan məhsul ucuz olacaq. Həm də xaricə ixrac olunan məhsul daha çox gəlir gətirəcək, ölkəyə valyuta axını olacaq".

44 (8).jpeg (145 KB)

Azərbaycan regionun “Hollandiyası” ola bilərmi?

İş adamı vurğuladı ki, Türkiyədən fərqli olaraq Azərbaycanın Rusiyaya ixrac imkanları daha çoxdur: “Çünki Mersindən Moskvaya meyvə 14 günə gedib çıxır. Biz isə məsafə baxımından yaxın olduğumuz üçün məhsulumuzu iki günə Moskva bazarına çıxara bilirik. Bizim bazar imkanımız onlardan üstündür. Mən hər zaman deyirəm ki, aqrar sektorun inkişafı ölkənin də inkişafı olacaq. Əhalinin iqtisadi rifahının yüksək olması üçün iqtisadiyyat çox güclü olmalıdır. Bu isə daxili istehsalın artmasından gedir. Hollandiyanın, Yaponiyanın və Azərbaycanın yararlı torpaq sahəsi, demək olar ki, eynidir. Ancaq Hollandiya ildə aqrar sektordan 60 milyard dollara yaxın gəlir götürür. 2016-cı ilin statistikasına görə biz əhalimizin 55-60 faizini yerli ərzaqla təmin edirik. Yaponiya da əhalisinin 50-55 faizini təmin edə bilir. Ancaq burada onu qeyd etməliyik ki, Yaponiyanın əhalisi 130 milyondur və onun 50-55 faizini təmin edir. Bizim Hollandiya ilə fərqimizə baxsaq, onlardan üstün cəhətlərimiz də var. Ərazimizdən iki bol sulu çay keçir, həm Kür, həm də Araz var. Suvarma problemi olmamalıdır. Subtropik zonamız var, cənub zonasında sitrus meyvələr bitir. Hollandiyanın üstünlüyü isə odur ki, Avropanın mərkəzində bazarı var. Bizim də Rusiya kimi böyük bir bazarımız var. 2019-2023-cü illər dövlət proqramı qəbul olunub, yol xəritəsi hazırlanıb. Kənd təsərrüfatının inkişafı üçün böyük layihələr keçirilir, dotasiyalar, subsidiyalar verilir. Son nəticə olaraq yaxın illərdə biz aqrar sektorda  Avropanın Hollandiyası kimi inkişaf edə bilərik və öz məhsullarımızı xarici ölkələrə sata biləcəyik”.

44 (3).jpeg (216 KB)

M.Həsənli hesab edir ki, yaxın illərdə Azərbaycanın ixrac imkanları ciddi həcmdə artacaq: “2017-2018-ci illərdə biz xarici ölkələrə - İraqa , İrana, BƏƏ-yə, Yaxın Şərqə yumurta ixrac etdik. Gələcəkdə yumurta, toyuq əti, meyvə və digər məhsulların istehsalından əldə etdiyimiz son məhsulların satışı ilə daha böyük bazarlara çıxacağıq. Gələn ildən bizim Yaponiyaya nar ixracımız olacaq. Bu il Rusiyaya 40 min tona qədər alma ixracı olub. Fındıq ixracında Azərbaycan dünyada 4-5-ci yerləri tutur. Gələcəkdə bütün sahələrin inkişafı ancaq ona yönəlib. Son dövrlər ölkə başçısı aqrar sektoru tam nəzarətə götürüb. Bundan sonra  bu sektorun inkişafı birə beş qalxıb. Biz bu istixana qurduğumuz gündən bu günə kimi İqtisadiyyat Nazirliyi tərəfindən, cənab nazir tərəfindən, Şirzad Abdullayev tərəfindən dəfələrlə monitorinq olunub. Onlar dəfələrlə bu bağları gəziblər. Bu isə nazirliyin sahibkarlara diqqətinin nəticəsidir və onu göstərir ki, ölkənin inkişafında dövlət  məmurları sahibkarın yanında olmalıdır. Burada 193 nəfər insan işlə təmin olunub. Meyvə yığımı dövründə mövsümü olaraq  işçilərin sayı daha da artacaq və ilbəil də daha çox insanı işlə təmin etmək imkanımız olacaq. Bunların hamısı ölkə başçısının diqqəti, qayğısı və nəzarəti sayəsindədir. Cənab nazirin tez-tez monitorinq etməsi, nazirliyin əməkdaşlarının baş çəkməsi də bizim işimizə bir dəstəkdir. Yaxın gələcəkdə bizim dostlarımız da faraş meyvə bağlarının salınmasını planlaşdırırlar. Gələn il onlar da məhsul əldə edəcəklər. Ölkədə aqrar sektorda ciddi inkişaf var. Ölkənin süd məhsullarına, toyuq ətinə, yumurtaya olan  tələbatı tam təmin olunur, qırmızı ətlə 70 faiz təmin olunur. Ərzaq məhsullarına görə ölkədən xaricə valyuta getməməlidir. Bizim təbii şəraitimiz imkan verir ki, aqrar sahə inkişaf etsin”.

44 (4).jpeg (283 KB)

İş adamlarına çağırış: “Pulunuzu  ölkənizə yatırın...”

Mürvət Həsənli iş adamlarına da səslənərək, onları  əllərində olan vəsaiti xarici ölkələrdəki ölü yatırımlara deyil, ölkə daxilində istehsal sahələrinə yatırım etməyə səslədi: “Bəzi iş adamları var ki, Azərbaycanda pulu qazanırlar, onunla xaricdə maya dəyəri 50-60 ilə çıxacaq obyektlər alıb kirayə verirlər. Pullarını orada batırırlar. Mən o iş adamlarına səslənirəm ki, pullarını gətirib öz ölkələrində yatırım etsinlər.  Yeni iş yerləri açsınlar. Bu ölkənin vətəndaşı bu ölkəni sevməlidir. Övladın bu ölkədə pulsuz təhsil alır, valideynlərin bu ölkənin qayğısı ilə yaşayırsa, iş adamının da borcu bu ölkəyə yatırım etməkdir. Yeni iş yerləri açsınlar, istehsalı qursunlar, xaricə satıb ölkəyə valyuta gətirsinlər. Adam var ki, xaricdə 10 milyon dollara əmlak alıb, o pulu yaxın 60 ildə geri götürə bilməyəcək. Satdıqda isə yarı qiymətinə belə sata bilməyəcək.  O pulu zamanında öz ölkəsinə aqrar sektora yatırsaydı, həm pulu artardı, var-dövlət qazanardı. Həm də ən  azı 150 adamı işlə təmin edərdi”.

 
Mənbə: Musavat.com
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR