Slimfit
  1. CƏMİYYƏT

“Meyit o yerdə yuyulmalıdır ki, hörməti oradan getməsin” - İlahiyyatçı

“Meyit o yerdə yuyulmalıdır ki, hörməti oradan getməsin” - İlahiyyatçı
Sakura

“Meyit o yerdə yuyulmalıdır ki, hörməti oradan getməsin” - İlahiyyatçı

Ölüm, yolun sonuna yerləşdirilmiş bir güzgüdür. Arxasındakı sirrə görə, o biri tərəfi heç vaxt göstərmir. Ölümün nə vaxt gələcəyi də bəlli deyil. Bir insan dünyasını dəyişərkən adətən onu pak yerdə yuyub dəfn edirlər. Bunu da əsasən məscidlərdə icra edirlər. Hətta bu bir tendensiya halını alıb. Mərhumu mütləqdirmi məscidlərdə yumaq, yoxsa ev şəraitində də yumaq olar? Bu sualla Modern.az din xadimlərinin fikrini öyrənib.

Məsələ ilə bağlı Binə qəsəbəsi “İmam Rza” məscidinin axund müavini Mübariz Rəhimov Modern.az-a bunları bildirib:

“Sadəcə ölünü məscidlərdə yumaq bir adətə çevrilib. Elə də vacib deyil ki, məscidlərdə yuyulsun. Ümumiyyətlə, müsəlman bir şəxs üçün meyit qüsulu vermək vacib əməllərdən biri hesab edilir. Çünki, meyit o dünyaya pak şəkildə getməlidir. Bunun üçün də meyiti yuyan zaman ona üç hissəli qüsul verilir. 1) Sidr suyu ilə verilən qüsul, 2) Kafur suyu ilə verilən qüsul, 3) Xalis (saf) su verilən qüsul. Bəzi  rayonlar var ki, orada ölüyuma yerləri, yaxud da məsciddə elə bir şərait olmur. Məhz buna görə də, insanlar öz həyətlərində müəyyən bir örtük tutmaqla öz ölülərini yuyurlar. Ancaq bu yerlər pak və təmiz olmalıdır. O yer olmalıdır ki, meyitin hörməti oradan getməsin. Şəriətdə bildirilir ki, ölən qadındırsa, həmin yerin üstü də örtüklə örtülməlidir. Hətta Bakının bir çox kəndləri var ki, insanlar ölülərini məscidlərə aparmırlar. Qəbiristanlığın özündəcə ölülərini yuyurlar ”.

Mübariz Rəhimov meyit qüsulu verilərkən qadın və kişi arasında heç bir fərqin olmadığını da söyləyib:

“Hər ikisinə də eyni qaydada qüsul verilir. Adətən belə vacib məsələlərdə namaz və dəstəmazlarda müəyyən fərqlər olur ki, bunlar da müstəhəb hesab olunur. Əsas fərq odur ki, qadını qadın, kişini də kişi yumalıdır. Bu da təbii ki, 3 yaşından yuxarı olanlara aiddir. Meyiti adətən bu cür yuyurlar:

İlk olaraq sidr suyu baş və boyuna qədər axıdılır. Daha sonra əvvəlcə sağ çiyin, sonra sol çiyinə barmağın ucuna qədər tərkibinə sidr qatılan su tökməklə yuyulur. Bu proses bitdikdən sonra, kafur suyu ilə, daha sonra da saf su ilə durulanır. Bunun ardınca meyitin 7 əzasına hənut vurulur. Alın, iki əlin içi, hər iki diz qapaqları və ayağın baş barmaqları, hansı ki, insan namaz qılarkən bu əzalar vasitəsilə səcdəyə gedir. Daha sonra kəfənə bükülür, meyit namazı qılınır və sonda ölünü üzü qibləyə doğru dəfn edirlər ”.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, tanınmış şərqşünas, “Space” telekanalında yayımlanan “İnam” verlişinin aparıcısı Seyid Camal isə ölünün ev şəraitində yuyulmasının heç bir problemi olmadığını vurğulayıb:

“Mütləq deyil ki, məsciddə yuyulsun. Hətta əsrlərdən gələn ənənələrdən görmüşük ki, həyət evləri olanlar təmiz olan bir yerdə, cənazəni bütün vacib qüsulları ilə yuyurdular. Ona görə bu baxımdan heç bir fərqi yoxdur. Sadəcə indiki dövrdə insanlar özlərini əziyyətə salmaq istəmirlər. Məhz əziyyət çəkməsinlər deyə, məscidlərə üz tuturlar. Yəni məsciddə cənazəni yumaqda da, heç bir qəbahət yoxdur. Əgər sual olunsa ki, ev şəraitində yumaq günah deyil ki? Bu suala cavab olaraq bildirmək istəyirəm ki, burada heç bir günah yoxdur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR