Slimfit
  1. CƏMİYYƏT

Məşhur azərbaycanlı ovçular: Bu yaxınlarda anakonda ovlamağa gedəcəyik

Məşhur azərbaycanlı ovçular: Bu yaxınlarda anakonda ovlamağa gedəcəyik
Sakura

Məşhur azərbaycanlı ovçular: Bu yaxınlarda anakonda ovlamağa gedəcəyik

 

Dünyanın ən reytinqli ovçularının siyahısında yer alan, 91 ölkəni gəzən həmvətənlərimiz çoxsaylı beynəlxalq turnirlərdə mükafat qazanıb. Budəfəki həmsöhbətlərimiz hər kəsin tanıdığı və cəsarətinə qibtə etdiyi ovçulardan olan - “Safari Azərbaycan” Ovçuluq Klubunun rəhbəri Faiq Babanlı və Asif İlyasovdur.

Faiq Babanlı 1977-ci il yanvarın 9-da Qazax rayonunda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan qəhrəmanımız uzun müddət güləş və qaydasız döyüş növləri ilə məşğul olub. Çoxsaylı beynəlxalq yarışların qalibidir.

Asif İlyasov isə 1977-ci il aprelin 13-də Şəki rayonunda doğulub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirən A.İlyasov 12 il ölkə xaricində yaşayıb. Bu iki həmkar dünya ölkələrində Azərbaycanın təbliğatı ilə məşğul olurlar. Afrika, Amazon cəngəllikləri, Yeni Zelandiya, Avstraliya, Alyaska, Qrenlandiya, Kolumbiya, Kamçatka və dünyanın bir-birindən maraqlı və təhlükəli ərazilərində ov edən F.Babanlı və A.İlyasovun hər kəsi heyran edən ov kolleksiyası var.

Oxu.Az tanınmış azərbaycanlı ovçular Faiq Babanlı və Asif İlyasovla müsahibəni təqdim edir:

Dünyanın Pamir, Tyan-Şan, Himalay, Pireney sıra dağları kimi ucqar yerlərində olan və öz kolleksiyalarını artırmağa çalışan möhtəşəm ikili bu yaxınlarda növbəti dəfə təhlükəli Amazon cəngəlliklərində ovdan qayıdıblar:

- Faiq bəy, hər kəsə maraqlı olan sualdan başlayaq. Necə oldu ki, ovçuluğa belə böyük maraq yarandı?

- Özümü tanıyandan ovçuluğa maraq göstərmişəm. Bu, həvəs deyil, artıq həyat tərzinə çevrilib. Hər insanın enerji aldığı bir sahə olur. Mənim ruhum isə bu işə yaxındır. Orqanizmlə yanaşı, ruhum da daim adrenalin, ekstrim tələb edir. Bunu isə yalnız cəngəlliklərdə, necə deyərlər, təhlükənin düz göbəyində tapmaq olar. Başqa heç bir sahədə ruhumun tələbatını ödəyə bilmirəm. Özümü tanıyandan məndə bu hiss var.

Mən həyatda mümkünsüz olan bir çox şeyin mümkün olduğunu sübut etmişəm. Asan işlər mənə görə deyil. Keçilməz yolları, təhlükələri adlamışam, heç kimin gedə bilmədiyi ərazilərdən keçmişəm, risk edib etmədiklərini bir göz qırpımında etmişəm. Məni hər kəsdən fərqləndirən budur. Bəziləri buna dəlilik deyir, amma bunları düşünüb etmişəm.

- Asif bəy, bəs sizi hər dəfə təhlükə ilə üz-üzə gəlməyə vadar edən nədir?

- İnsanın cismi ilə ruhu tamamilə ayrıdır. Onların tələbatı da fərqlidir. Biz artıq cismimizi deyil, ruhumuzu bəsləyirik. Ruh adamıyıq desək, yerinə düşər. İnsana baxanda təkcə onun cismini yox, ruhunu da görüb qiymət veririk. Bir insanın ruhu bizə yaxın olmadısa, onu hiss etmədiksə, həmin adamları öz çevrəmizə buraxmırıq. Biz bunu bacarırıq və qarşımızda yalnız bizdən daha hissiyyatlı, daha güclü insanlar olmalıdır.

- Necə düşünürsünüz, Azərbaycanda ovçuların sayı azdır? Hər halda bu sahədə az insanın adı hallanır.

Faiq: Ovçu olmaq asan deyil. Əlinə silah almaqla ovçu olmaq olmur. Dünya şöhrətli ovçuların reytinq cədvəlində ilk sıralardayıqsa, bunun çox ciddi səbəbləri, həyati riskləri var. Ov çox böyük maliyyə tələb edir. Ovçuların hamısı oliqarxlar, hansısa ölkələrin rəhbər şəxsləri, tanınmış şəxsiyyətlərdir. Onların arasında söz demək üçün həm maliyyə imkanın olmalıdır, həm də sözün yaxşı mənasında ad qazanmalısan.

Asiflə mən artıq 20 ildir ov edirik. Bu, az müddət deyil.

Sizə qəribə gəlir, çağırırsınız, müsahibə alırsınız, reportaj hazırlayırsınız. Amma bizə də sizin bizə münasibətiniz qəribə gəlir. Çünki bu hadisələr bizim üçün o qədər adiləşib ki, hətta digər insanların bu qədər passiv həyat tərzi keçirməsinə təəccüblənirik.

Asif: Biz xarici ölkələrdə olanda, cəngəlliklərə ova gedəndə hər kəs artıq tanıyır. Diqqətlə bizə baxırlar ki, indi yenə qeyri-adi nəsə edəcəklər. İlk dəfə görənlər isə birbaşa yaxınlaşaraq haralı olduğumuzu soruşur. Heç kim ad soruşmur, birbaşa hansı ölkədən olduğumuzla maraqlanırlar. Biz də fəxrlə azərbaycanlı olduğumuzu deyirik. Amazonda azərbaycanlıların hər kəsi heyrətləndirməsi isə özlüyündə böyük təbliğatdır.

“BİZƏ SUİ-QƏSD ELƏMƏYƏ ÇALIŞIBLAR”

- Olduqca riskli sahədir. Heç sizə mane olmaq istəyən olub?

Asif: Siz heç ağlınıza belə gətirməzsiniz ki, bizə qarşı nə qədər sui-qəsd etməyə çalışıblar. Amma heç biri alınmayıb. Allah bizimlədir.

Faiq: Elə ovçular tanıyıram ki, maliyyə imkanı yaxşıdır, amma ürək, cəsarət yoxdur. Biz ekstremal ovçularıq. Bizə heç kim bata bilmir. Həmin oliqarx ovçuların böyük əksəriyyəti bir yerə sadəcə bir dəfə gedib və orada gördükləri mənzərə, qorxu onlara imkan verməyib ki, ikinci dəfə getsinlər. Biz isə dəfələrlə Amazonda olmuşuq, Afrika, Avstraliya, Alyaska, Qrenlandiya, Kolumbiya, Kamçatka və dünyanın bir-birindən təhlükəli ərazilərinə bir neçə dəfə getmişik. Ömrümüzün sonuna qədər də gedəcəyik.

- Heç qorxmursunuz?

Faiq: Qorxmaq? Kişinin, döyüşçünün mənəvi qidası ovdur. Qorxunun necə bir hiss olduğunu bilmirəm. (gülür) Hərdən mənə deyirlər ki, “filan şeydən qorxdum”. Fikirləşirəm, heç bir izah tapa bilmirəm: mən nə vaxtsa qorxu hissi yaşamışam, ya yox. İnanırsınız, hərdən mənə dəli kimi baxırlar. Deyirlər ki, sən həqiqətən də dəlisən, o cəngəlliklərə ölümün gözünə baxa-baxa gedirsən. Mən də belələrinin bu qədər qorxaq olmalarına təəccüblənirəm. Ovçuluq kişilik normatividir - mən belə düşünürəm.

- Cəngəlliklərdən danışaq. Cəngəlliklərin içərisində yaşayan qəbilələr başqa insanların oraya girişinə maneələr qururlarmı?

- Sən cəngəlliklərin içərisində yaşayanları görmürsən. Amma onlar səni həm görür, həm də qoxunu hiss edir. Cəngəlliklərin dərinliyinə getmək olmur. Yad adamı nizə ataraq öldürmək istəyirlər. Biz elə yerlərə gedə bilmişik ki, ora heç insan ayağı dəyməyib. Amma bizə heç nə deyə bilmirlər. Çünki bizim cəsarətimiz, göstərdiyimiz iş onlar üçün möcüzə kimidir.

İndi elə bir dövrdür ki, ölkəni tanıtmaq, təbliğ etmək üçün qeyri-adi cəsarətli addım atmaq lazımdır. Başqa cür dünyanı təəccübləndirmək olmaz. Artıq, demək olar, bütün sahələr öz gücünü itirir. Yalnız ekstrim, adrenalin olmalıdır. Səni görəndə ürəkləri əsməlidir. Necə ki, Asiflə məni görəndə ovçuların ürəkləri əsir.

- Heç yaralanmısınız?

Faiq: Məni yalnız saxladığım, bəslədiyim heyvanlar yaralayıb: bəbirlər, şirlər. Ov zamanı elə də xəsarət almamışam. Yəni mən peşəkaram və səhv edə bilmərəm. Biz quş ovlamırıq, vəhşi heyvanların izi ilə gedirik. Orada bir saniyə səhv, gecikmə ölümdür. Yaralanmaq deyilən bir şey yoxdur. 

Asif: Biz inanclı insanlarıq. Vəhşi təbiətin içində heç kimdən kömək istəmək olmaz. Hər kəs o an öz canının hayında olur. Biz 20 ildən çoxdur çiyin-çiyinə çalışırıq, lakin heç vaxt ov zamanı bir-birimizlə ünsiyyətdə olmamışıq. Ancaq praktiki olaraq bir-birimizi hiss edə bilirik. Bir anlıq o hissiyyat itəndə artıq dönüb axtarırıq ki, tərəfdaşım haradadır.

- Evdə heyvan saxlayırsınızmı?

Faiq: Bəbir saxlayıram. Ona məndən başqası yaxınlaşa bilməz. Hiss etsə, hücuma keçir. Hətta bir dəfə məni də əlimdən yaralayıb. Mənim təbiətim vəhşidir, ona görə də ev heyvanları ilə hissiyyatım düz gəlmir.

- Belə bir hal olubmu?

Asif: Bəli olub. Bunu sizə Faiq danışsın.

Faiq: Deməli, bir gün cəngəllikdə ova çıxmışıq. Uzun müddət axtardığımız şirin izi ilə getmişdik. Biz 20 ildir ki ülgüc üzərində gəzirik. Səhv etməyə ixtiyarımız yoxdur, yoxsa bu gün burada sizinlə danışmazdıq. Biz o şiri gecə saatlarında vurmuşduq. Qaranlıqda, fənər işığında bir neçə metr aralıdan keçəndə artıq onun ölümü üçün saniyələri saydım. Asif məndən irəlidə idi. Şir isə kolluğun arxasından keçəndə onun nəfəs aldığını eşitdim və bir anlıq çevrilib tək atəş açdım. Bir neçə saniyə geciksəydim, o, mənim üzərimə atılardı.

- Hədəfi vurdunuz, yoxsa şirin bəxti gətirdi?

- O ölməli idi və öldü. Xilas olmaq nədir? (gülür) Faiq Babanlı hədəfdən yayına bilməz.

SÖZÜN ƏSL MƏNASINDA ŞİR ÜRƏYİ YEYƏNLƏR

- Həqiqətən vurduğunuz şirin ürəyini yemisiniz?

- Əlbəttə. Biz o şirin ürəyini çıxarıb bişirdik. Ürək əzələsi dadlı olur. Həm də asan bişir. Ocaqda heyvanın bədən nahiyələrinin bişməsi uzun çəkir.

Müsahibənin bundan sonrakı hissəsində suallarımızın böyük əksəriyyətini Faiq Babanlı cavablandırır, Asif bəy isə başını yelləyərək onun dediklərini təsdiq edir.

- Başqa hansı heyvanları yemisiniz?

- Elə gün olub ki, 4-5 gün ac qalmışıq. Özümüzlə apardığımız yeməklər bitib və biz ac-susuz yola davam etmişik. Sağ qalmaq üçün meymun yemişik, şir ürəyi, ayı ürəyi, zürafə, fil, timsah əti yemişik. Belə deyəndə hamınız təəccüblənirsiniz. Amma inanın mənə, onu yaşamaq lazımdır. Bizim suyumuz bitmişdi. Cəngəllikdə gölməçələrdən su içmək olmaz. Zəhərlənə bilərsiniz.

Beş gün susuz qaldıqdan sonra Asif dözməyib gölməçədən su götürdü, üzərinə limonu xatırladan meyvələri sıxdı ki, turşuluq bir az tərkibini öldürsün. Onu içdi. Allah saxladı ki, heç nə olmadı. Orqanizm buna reaksiya vermədi. Bu cür hallarla qarşılaşanda ovladığınız heyvanı yeyə bilərsiniz. Biz doymaq üçün yemirik, sadəcə, aclıq hissi ölsün deyə buna məcburuq.

- Dadı necədir?

- Məsələn, o boyda filin əti toyuq ətinin dadına oxşayır. (gülür) Bir növ ətdən deyil, bişirmə metodikasından asılıdır. Biz Cənubi Afrikada bişirilən zebra ətini sevməmişdik, amma digər ərazilərdə daha dadlı bişirildiyini görmüşük.

- Heç heyvan haqları təşkilatlarının hədəfinə tuş gəlirsinizmi?

- Bunların hamısı bir oyundur. Avropada bütün ovların hamısını aidiyyəti qurumlar təşkil edirlər. Onlar bəzi cəmiyyətlərin nəzdində yaradılan qurumlardır, insanların fikrini bulandırırlar. Ov qanunidirsə, burada hüquq pozuntusundan söhbət gedə bilməz. Təbii ki, müəyyən insanlar ovla məşğul ola bilərlər. Yoxsa bütün əhali ov etsə, dünyada heyvan qalmaz. Ona görə də deyirəm ki, əlinə silah almaqla ovçu olmaq, ova getmək olmaz. Bu fikirdə olanlar həyatı dərk etmir.

- Nə vaxta qədər ovçuluq edəcəksiniz?

- Şərt deyil ki, gedib güllə atasan. Nə qədər yaşayacağıqsa, ov da davam edəcək. Bu, bizim ruhumuzun qidasıdır. İşlərimə baxılır və yüksək qiymət verilirsə, bu, mənə stimul verir.

- Ov zamanı nələrə riayət etmək lazımdır?

- Ov o qədər dəqiq, incə hesablanan bir sahədir ki, izah etsək də, suallarınız qalacaq. Ayağınızı atdığınız yerə diqqət etməlisiniz. Əlavə bir budaq səsi, yarpaq xışıltısı belə, sizi vəhşi heyvanın qarşısına atacaq nüansdır. Onlar bunu hiss edir. Su içəndə, yemək yeyəndə belə risk qarşısındasınız.

Gecədir, göz-gözü görmür. Hədəfi vurana qədər tək silahınız hissiyyatınızdır. Hətta təbii ehtiyaclarınızı bacardıqca saxlamalısınız. Ya da suya etməlisiniz ki, o qoxu yayılmasın. Əks halda yanınıza gözləmədiyiniz "qonaqlar" gələcək.

- Vurduğunuz heyvanların sonrakı aqibəti necə olur?

- Afrikada onların satışı təşkil olunur. Fil, şir, ayı - bütün bunların ovu leqaldır. Onları satırıq. Ovlamaq asandır, lakin lisenziya mərhələsi bahadır və uzun vaxt alır.

- Hərdən elə düşünürlər ki, sizin sponsorunuz var.

- Xeyr! Birmənalı olaraq belə bir şey yoxdur. Mən heç kimə ixtiyar vermərəm ki, mənə sifarişlə iş gördürsün, mənə pul versin. Bu işdə pul keçmir. Hörmət qazanmalısan. Hörmətin olmadısa, milyon töksən də, dünya səni şəxsiyyət kimi qəbul etməz. Mən öz hesabıma ova gedirəm və hər şeyi öz kefimə görə təyin edirəm.

- Növbəti səyahətləriniz haradır?

- İllik səyahətlərimiz bir neçə ay əvvəldən qeydə alınır. Hər kəs işini buna görə planlaşdırır. Bu səyahətlərə külli miqdarda xərc çəkirik, hər şey dəqiq və konkret olmalıdır. Məsələn, noyabrda Belarus, dekabrda ABŞ, avqustda Boliviya istiqamətinə səyahət etməyi planlaşdırmışıq.

- Bütün bunları necə təşkil edirsiniz? Ümumiyyətlə, ova neçə nəfərlik qruplarla gedirsiniz?

- Bu, ovdan-ova dəyişir, baxır nə ovuna gedirsən. Elə ov var ki, ora bir nəfər gedə bilər. Hər istəyəni ova aparmaq olmaz. Böyük ovlar var, məsələn, şir, fil, kərgədan, bəbir ovu çox çətindir və pul məsələsinə görə də ciddi vaxt tələb edir. Asiflə birgə Cənubi Afrikada bu heyvanların ovunda olmuşuq.

- Ailədən çox uzaq qaldığınız üçün sizi bu işdən yayındırmağa çalışan olub?

- İkimiz də ailəliyik. Asifin üç qızı var. Mənimsə iki övladım var. Onlar əvvəllər qorxsalar da, indi hər səyahətimiz onlar üçün bir növ yeni əfsanədir. Bəzən qayıdanda suallar verirlər, onlara başımıza gələnlərdən danışırıq. Özlərinə də ləzzət edir. Onlara həyatın çətinliklərini öyrətmək lazımdır. Ailələrimiz, övladlarımız artıq bizi belə qəbul edib. Biz bu gün varıq, sabah olmaya bilərik. Amma bu, heç nəyi dəyişməyəcək, belə davam edəcək.

- Başınıza gələnlər hər adamın yaşaya biləcəyi hadisələr deyil. Kitab yazmağı düşünürsünüzmü?

Asif: Bəli, bir kitab üzərində çalışırıq. Düzdür, 20 ili bir kitaba sığdırmaq olmaz, amma maraqlı məqamları yazmaq istəyirəm. Kitabın adını Faiqlə birlikdə elə bir məqamda tapdıq ki, heyrətə gələrsiniz. Ov zamanı qara bəbir bizim izimizi tapdı. Bu an bir səs oldu. Bəbir o səsə reaksiya verdi. Artıq başqa yol yox idi, gəlməyini gözləyirdik. Biz onun nəfəsini hiss etdik. Əslində, o gün hədəfimiz bəbir ovlamaq deyildi, yalnız həyatda qalmaq üçün onu vurmalı olduq.

Həmin an Faiq onu çox qısa məsafədən - nəfəsi bədənimizə dəyə biləcək qədər yaxın məsafədən vurdu. O an dedim ki, Faiq sən ölmüsən, ölülər bir də ölə bilməz. Kitabın adı da rus dilində məhz belədir: “Ölülər ölə bilməz”. Ovçuluq fəaliyyətimizi əks etdirən “Peru” sənədli filminin təqdimatı da olub.

- Heç olub ki, güllə bitib və silahsız ov etmisiniz?

Faiq: Bəli, olub. Biz daim ilanların içində gəzirik. Onlara dəymədikcə, onlar sizi sancmır. Zəhərlidirlər, hər an sanca bilərlər. Amma mən əlimlə ilanı yuvadan çıxarmışam. Hər kəs bunu görəndə dəli olmuşdu ki, onun zəhəri birbaşa ölümdür. Necə risk etdin? Mən cavab verə bilmədim. O an ağıl dayanır, yalnız refleks və cəldlik kömək edir.

Ümumiyyətlə, ovçuların imzası varmı?

- Əslində, adlar var. Ondan əlavə, ovçuları fərqləndirən cəhət hədəf atışlarıdır. Mən çox zaman qırtlaq, boğaz nahiyəsinə atıram. Birbaşa ölüm - öz aramızda belə xarakterizə edirik.

- Ərəblər tez-tez ov üçün Azərbaycana gəlirlər. Siz bir peşəkar ovçu kimi bunu necə dəyərləndirirsiniz?

- Ərəb ovçularla cəngəllikdə qarşılaşmışıq. Mənə görə elə də güclü ovçu deyillər. Onlar Azərbaycana gəlib köçəri quşlara, ördəklərə güllə atırlar. Hədəfi vurmaq üzrə zəifdirlər. Bir quşu vurmaq üçün çox güllə israf edirlər. Ümumiyyətlə, bu, Azərbaycana pul, turist gətirir. Qətiyyən tənqid etmirəm.

- Sizin təklifinizlə ölkəmizə gələn ovçular da az deyil.

- Çox adamlar gəlir. Sadəcə, mən onların adlarını çəkə bilmərəm. Məqsədim Azərbaycanı onlara olduğu kimi tanıtmaqdır. Bu təbliğatdır.

- Amazon cəngəlliklərinə Azərbaycan bayrağı sancdığınız doğrudur?

- Xaricdə imkan düşən kimi, ov etdiyim hər yerə Azərbaycan bayrağı sancıram. Asifin də, mənim də üstümdə hər zaman Azərbaycan bayrağı olur. Orada bəzən tanımayanlar olanda biz onlara danışırıq və onlar da ikinci dəfə bayrağı görəndə “Azərbaycanlılar gəldi” deyirlər. Bir dəfə cəngəllikdə dedim ki, bayrağı qaldırıb yuxarıdan asın. Dedilər ki, burada axı heç kim görməyəcək. Mən onlara başa saldım ki, bu ərazilərdən heç kim piyada keçməyəcək. Təyyarə ilə buradan uçan oliqarxların bu bayrağı görməsi kifayətdir.

- Cəngəllikdən gələndən sonra burada həyata adaptasiya çətin olmur ki?

- Dörd gündür yuxusuzuq. Hiss edirsiniz? Bax, bizim həyatımız budur. Sizə deyim ki, mən cəngəllikdə özümü daha rahat hiss edirəm, nəinki burada. Çünki cəngəlliyin dilini bilirəm (gülür). Burada adamın əsəbləri pozulur.

- Cəngəllikdəki insanlarla danışırsınız?

- Xeyr, onlarla hissiyyatımız vasitəsilə əlaqə qururuq. Onlar savadsızdır, cahildir. Amma hissiyyatları sayəsində vəhşi heyvanların qurbanı olmadan yaşaya bilirlər.

- Azərbaycanın ov potensialı barədə nə düşünürsünüz?

- Çox yüksəkdir. Mən Azərbaycanda ov etmirəm, amma kənardan baxanda çox münbit görünür. Gələcəkdə Azərbaycana müəyyən heyvanları gətirmək fikrimiz də var. Azərbaycanda ovçuluq turizmini inkişaf etdirmək üçün əlverişli şərait mövcuddur və bu iş hökmən dövlət nəzarəti altında olmalıdır. Biz bura xaricdən gəlib ov etmək istəyən qonağı müşayiət edirik. Ona istiqamət veririk ki, hansı heyvanı vurmaq olar, hansını yox. Özümüz də hansısa ölkəyə gedəndə ov üçün heyvanın növündən asılı olaraq rəsmi lisenziya alaraq ödəniş edirik.

- Davamçı yetişdirməyi düşünürsünüzmü?

- Mən məşhur Babanlılar nəslinin nümayəndəsiyəm. Bu, insanın ruhunda olmalıdır. Bizə qoşulmaq üçün çox müraciət olub. Amma insan sərrafı olmaq üçün 20 il az müddət deyil. Heç kimin gözündə o cəsarəti görməmişik.

- Özünüzə rəqib hesab etdiyiniz insan varmı?

Faiq: Mən rəqibsizəm. Rəqibim yoxdur.

Asif: Bizə rəqib olmaq istəyən şəxs gərək əlavə 20 il bu sahədə çalışsın ki, qarşımızda qeyri-adi şücaət göstərib diqqətimizi çəkə bilsin. Hələlik rastlaşmamışıq.

“NATIONAL GEOGRAPHIC”İ CİDDİYƏ ALMIRIQ

- “National Geographic”dən sizə təkliflər gəlirmi? Əlinizdə olan kadrlar kifayət qədər maraqlıdır.

- Biz onları ciddiyə almırıq. Səbəb odur ki, onlar planlaşdırılmış iş görürlər. Bizdə isə an məsələsidir. Nə yaşandısa, odur. Vəhşi heyvanı yaxınlıqda hiss edəndə Asif telefondan, mənsə silahdan yapışıram (gülür). Hərdən Asifə deyirlər ki, çəkəndə kadr çox titrəyir, sabit saxlayın. Biz bu insanlara gülürük. Axı adrenalin anında sakit qalmaq olmaz. Səhər proqramı çəkmirik, saniyəsi ölümə bərabər olan ov səhnəsi çəkirik.

OVÇULAR ANAKONDA İZİNDƏ

- Qarşıda hansı heyvanı ovlamaq planınız var?

- Anakonda ovlamaq. Artıq neçə ildir onu axtarırdım, axır ki tapdım. Bir nəfər çəkib göndərib, indi səfərə hazırlaşırıq. Onun arxasınca gedəcəyəm.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR