Mərkəzi Bank “Mastercard”la əməkdaşlıq edəcək
Azərbaycan Respublikası Mərkəzi Bankı və "Mastercard" təşkilatı arasında anlaşma memorandumu imzalanıb.
Bankdan AZƏRTAC-a bildirilib ki, məqsəd "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsidir. Mərkəzi Bank ölkədə rəqəmsal ödənişlərin inkişaf etdirilməsi məqsədilə beynəlxalq kart təşkilatları ilə davamlı olaraq əməkdaşlıq edir. Qeyd olunan Dövlət Proqramı da Mərkəzi Bankın strateji tərəfdaşı qismində çıxış etmiş "Mastercard" ilə birgə "Nağdsız Azərbaycan" layihəsi çərçivəsində aparılmış geniş analitik təhlil və bazar araşdırmaları nəticəsində hazırlanıb.
Memorandum çərçivəsində ölkədə innovativ ödəniş alətlərinin tətbiqi, maliyyə savadlılığının artırılması, regionlarda əhali və təsərrüfat subyektlərinin rəqəmsal ödənişlərə stimullaşdırılması istiqamətində tədbirlərin keçirilməsi, kiçik təsərrüfat subyektləri üçün ucuz ödəniş üsullarının tətbiqi, ölkənin ictimai nəqliyyat sistemində, təhsil və turizm sektorunda müasir ödəniş texnologiyalarının istifadə imkanlarının araşdırılması sahələrində əməkdaşlıq ediləcəyi razılığına gəlinib.
Mərkəzi Bank ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi sahəsində beynəlxalq təşkilatların təşəbbüslərini daim dəstəkləyir və bu istiqamətdə ən müasir təcrübənin ölkəmizə gətirilməsini prioritet hesab edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət