Məmmədyarov məğlub oldu - Dünya Kuboku
Sentyabrın 22-də Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin səkkizdəbir final mərhələsinin tay-breyk partiyaları oynanılıb.
Axar.az xəbər verir ki, bu mərhələdə Azərbaycan şahmatçıları Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov qarşılaşıblar. Tay-breyk partiyasında şahmatçılarımız dörd görüş keçiriblər. Görüşün sonunda Rəcəbov 3,5:2,5 hesabı ilə Məmmədyarovu məğlub edərək dörddəbir finala vəsiqə qazanıb. Şahmatçımızın dörddəbir final mərhələsində rəqibi ABŞ təmsilçisi Cefferi Xionq olacaq.
Xatırladaq ki, beş şahmatçımızın qatıldığı dünya çempionatında Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezə, Eltac Səfərli isə Ş.Məmmədyarova məğlub olaraq mübarizəni dayandırıblar.
Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.
FIDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər.
Sentyabrın 10-da start götürən dünya kuboku turnirinə oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət