Slimfit
  1. ƏDƏBİYYAT

Məmməd Mübariz Əlizadə - Qiyasəddin Məhəmməd ibn Məlikşahın tərifi

Məmməd Mübariz Əlizadə - Qiyasəddin Məhəmməd ibn Məlikşahın tərifi
Sakura

Məmməd Mübariz Əlizadə - Qiyasəddin Məhəmməd ibn Məlikşahın tərifi

Biz vurğunuq sənə, sənə də dilbər ayinə,
Seyr eylərik səni, səni seyr eylər ayinə.

Ayinə gördü surətini, sən öz hüsnünü,
Səndən bətər vuruldu sənə yeksər ayinə.

Ayinədə camalın edər canları xəyal,
Yersiz deyil ki, aləmə naz eylər ayinə.

Nurlu üzün, şirin dodağın etmiş aşikar
Bir nöqtə içrə atəş ilə kövsər, ayinə.

Ayinəyə vurulma sən, ey ayinəpərəst,
Qəlbim sınar, sənə ola aşiq gər ayinə.

Hər yerdə var dəmir, əridər ahımın odu,
Seyqəl vurub düzəltməsin ahəngər ayinə.

Ayinəyə pərəstiş edib, qiblə söyləmə,
Əks eyleyər camalını, baxsan, hər ayinə.

Min surəti özündə qılan əks bir camal,
Yersiz olar deyə: məni sən göstər, ayinə!

Xaqaninin üzündəki göz yaşlarında, gəl,
Seyr et camalını, sənəma, gör tər ayinə!

Şahın iradəsindən alarsa Günəş ziya,
Baxsan, o Ay üzündən alar, bil, fər ayinə.

Xaqan qeybdən bizə vermiş elə xəbər,
Ki, əks edər özündə necə peykər ayinə...

Şahın ədalətilə rəvadır ki, tərləyə,
Pasdan təmizlənə, öyünə dilbər ayinə.

Ey şah, xatirin necə, gör, nura qərq olub,
Hər ölkədə bilir onu dövlətlər, ayinə.

Əzminlə bir silah özünə sazlamış fələk,
Dəva günü əlində tutar mərdlər ayinə.

Ayinəyə cəmalın edə əks-nur əgər,
Nur ilə Cəbrailə verər şahpər ayinə.

Mehrin, məhəbbətin mənə ilham bağışlayar,
Adət budur, Günəşdə vurar pər-pər ayinə.

Düşmən diyarına qəzəbin düşsə toz qədər,
Zülmət çökər o yerdə, qopar məhşər, ayinə!

Mən qəlbə güzgüyəm, sən iradənlə müştəri,
Hümmət camalına qul olub, işlər ayinə.

İslanmışı hüzuruna qoyma, bu rəsmdir:
Çirkinləşər camal, olarsa tər ayinə.

Düşmən vücudu tək əgər ayinə pas tuta,
Fərman yazan qələm ucuna bənzər ayinə.

Qəlbində mehrdən mənə gər olsa bir əsər,
Təbim cila alar, necə ki, cövhər, ayinə.

Əksin görüncə tuti, edər vird hər sözü,
Hər kəlməni ona dedirər əzbər ayinə.

Lütfün məni alıbsa, qəribə görünməsin,
Simü zəri verib, alar aqillər ayinə.

Kor düşmənim satarsa məni, düşmə heyrətə,
Bilməz cahanda qədrini hər mehtər, ayinə

Bir başqa şəxsi mədh eləsəm, əfv qıl məni,
Ayinə olmasa, sayılar xəncər ayinə.

Məncə bu eyləməz səni məndən cüda, necin
Hər dəm gül ilə silsən, olar xoştər ayinə

Hər şairəm deyən mənə çatmaz kəlamda,
Paslı dəmirdən ancaq olar bifər ayinə.

Eyb etmə, açmasam da bu sədparə qəlbimi,
Solğun üzü, nə həzzi, görə peydər ayinə.

Div ərşə çıxmayırsa, o qorxur qovulmadan,
Sevməzlər, eyb açandı deyə, çerlər ayinə.

Bu şerimin rədifınə düz gəlməsəydi,
bil, İcad eyləməzdi heç İskəndər ayinə.

Ayinəyə bu vəsf kifayət deyil, əgər,
Bir zərrə nurunu ona versə hər ayinə.

Şahım, cəlalü-şövkətin olsun o qədr ki,
Hər sübh şərq qarşına tutsun zər ayinə.

Düşsün əlacsız mərəzə düşmənin sənin,
Misdən hazırlasın ona misgərlər ayinə.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR