Slimfit
  1. CƏMİYYƏT

Məktəblilərin yuxu problemi - "Valideyn qərarlı olsa, uşaq tezliklə rejimə düşər"

Məktəblilərin yuxu problemi - "Valideyn qərarlı olsa, uşaq tezliklə rejimə düşər"
Sakura

Məktəblilərin yuxu problemi - "Valideyn qərarlı olsa, uşaq tezliklə rejimə düşər"

Yay tətilindən sonra dərsə başlayan uşaqların çətinliklərindən biri də səhərin erkən saatlarında yuxudan oyana bilməkdir. Yuxusunu tam almamış uşaqlar günə yorğun, halsız başlayır, məktəbə getməkdə həvəssiz olurlar. Buna görə də uşaqların qidası qədər yuxusunun da normal və qədərində olmasına diqqət etmək vacibdir. Yuxu sağlam inkişafın bir parçasıdır.

Bizimyol.info-nun əməkdaşı Peşəkar Psixologiya Mərkəzinin rəhbəri klinik psixoloq Nuriyyə Quliyeva ilə "İbtidai sinif şagirdlərində yuxu probleminin həlli istiqamətində nələr etmək olar?" mövzusu ətrafında söhbət edib.

 

Nuriyyə Quliyeva Nuriyyə Quliyeva

 

- Tətildə uşaqların yuxu rejiminin pozulması tədris ilinin ilk həftələrində uşaqlarda çətinliklər yaradır. Valideynlər nə etməlidir?

- Valideynlər həftənin hər günü erkən yatmaq vərdişi aşılamalıdır. Bunun üçün ilk növbədə evdə sakitliyi qorumaq lazımdır. Yuxu vaxtında yaxşı olar ki, televizor söndürülsün. Uşaq böyüklərin televizora baxdığını görüb yatmamaqda israrlı davrana bilər. Bundan əlavə yatmaq rutini yaratmaq lazımdır. Məsələn, həmişə yatmazdan əvvəl diş fırçalanır, pijama geyinilir, yatılır.

Tez yatmağa öyrəşdirmək üçün uşağı adət etdiyi vaxtdan 15 dəqiqə öncə yatızdırıb, hər gün bu dəqiqələrin üzərinə 15 dəqiqə də əlavə edib 1 saat tez yatıb, səhər 1 saat tez dura bilməsinə nail olmaq olar.

- İbtidai sinif şagirdləri gün ərzində neçə saat yatmalıdır?

- İbtidai sinif şagirdləri gün ərzində 9-11 saat yatmalıdır. Bu onlar üçün vacibdir. Əks halda kifayət qədər yatmamaq fiziki, zehni və psixoloji problemlərə səbəb ola bilər.

- Bəs səhərləri oyandırarkən nələrə diqqət etmək lazımdır?

-Əgər uşaq yuxudan oyanmaq istəmirsə, oyanmaqda əziyyət çəkirsə, valideyn günün başladığını hiss etdirməlidir. Bunun üçün pərdələri çəkmək, yavaş musiqi səsləndirmək olar. Uşağı əsəbi oyandırmaq, əgər oyana bilmirsə danlamaq olmaz. Yuxudan duran kimi əl-üzünü yumaq lazımdır ki, tam ayılsın.

Erkən oyandığı vaxt onu tərifləyib həvəsləndirmək lazımdır. Tez oyanmağın daha yaxşı və stressiz olduğunu bildirmək, tez oyananda tələsmədiyini, rahat hazırlaşıb, rahat yeməyini yediyini və s. vurğulamaq yaxşı olar.

- Uşaqları dərsdən sonra günorta vaxtı yatırmaq lazımdırmı?

- Məktəbdə keçirdikləri bir neçə saat ərzində uşaqlar yorulur. Buna görə günorta dərsdən sonra bir-iki saat yatmaq və ya uzanıb dincəlmələri yaxşı olar. Bu həm fiziki, həm də zehni yorğunluqlarını aradan qaldırar. Elə uşaqlar var ki, günorta yatanda yuxu rejimi pozulur. Yatmaq istəməyən uşaqları da yatmağa məcbur etmək olmaz. Uzanaraq da dincəlsələr kifayət edər. Hər bir uşağın yuxu ehtiyacı fərqlidir, bunu nəzərə almaq lazımdır.

- Bir az da yuxuya qida və texnoloji vasitələrin təsiri haqda danışardınız.

- Yatmazdan ən azı 2 saat əvvəl qidanı dayandırmaq lazımdır. Tərkibində kofein olan qidalar yuxunu qaçırır. Yuxu problemi olan uşaqlar yatmazdan əvvəl çay içməməlidir. Texnoloji vasitələr uşaqları dərsdən yayındırır. Lakin müəyyən vaxt çərçivəsində telefon, planşetdən istifadəsinə icazə vermək olar. İzah etmək lazımdır ki, bunları əlindən almırıq, müəyyən vaxt ərzində istifadəsinə icazə verəcəyik. Valideyn qərarlı olsa, uşaq 1-2 həftə ərzində rejimə düşər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR