Dərc edildi: Baxış sayı: 960
Məktəblərə elə dərsliklər payladılar ki... “Cırıq, mikrob mənbəyi”
Bəzi məktəblərdə yeni təhsil ili üçün uşaqlara paylanılan kitablar bərbad vəziyyətdədir. Valideynlər iddia edir ki, dərsliklər tədrisə tam yararsızdır, hətta mikrob mənbəyidir.
Bu barədə BakuPost-a danışan valideyn Ağamməd Günəşov bildirib ki, bu sahədə vəziyyət elə acınacaqlıdır ki, bütün aidiyyəti qurumlara və şəxsən Təhsil naziri Ceyhun Bayramova müraciət edib: "Bu il birinci sinfə qədəm qoyacaq uşaqlar arasında qızım da var. Məktəbə hazırlıq prosesini yüksək müvəffəqiyyətlə bitirən qızıma Xavər Vəliyev adına 75 saylı orta məktəbdən dərsliklər təqdim olunub.
Lakin həmin dərsliklərin vəziyyəti olduqca acınacaqlıdır; vərəqləri cırılıb, bütün məsələ və misallar kitabda həll olunub, bütün kitablarda adlar yazılıb.
Hətta deyə bilərəm ki, kitablar kirlidir və mikrob yuvasından başqa bir şey deyil”.
Məsələ ilə bağlı əvvəlcə məktəb direktoruna iradını bildirən valideyn, bunun heç bir nəticə vermədiyini qeyd edib: "Övladlarımıza bu vəziyyətdə kitablar təqdim edən məktəb rəhbərliyi bundan utanmalıdır, amma utanmırlar. Məktəbə müraciət etdikdə bildirildi ki, nazirlikdən bu formada verilib”.
Ağamməd Günəşovun sözlərinə görə, məktəbdə uşaqlara verilən bütün kitablar yararsız vəziyyətdədir: "Bütün valideynlərə verilən kitablar bu gündədir. Dərsliklər 2016 və 2017-ci ilin nəşrləridir. Həm nəşr baxımından köhnəlib, həm də istifadəyə tamamilə yararsızdır. Təsəvvür edin ki, 2016-cı ildə nəşr olunan kitabları 2020-ci ildə istifadə etmək üçün bizlərə təqdim edirsiniz. 4 il ərzində o qədər dəyişikliklər olub ki! Üstəlik də, dəfələrlə nəşrlər yenilənib, amma hələ də köhnə nəşri istifadəyə verirsiniz.
Riyaziyyat dərsliyində bütün məsələlər, misallar qələmlə, karandaşla həll edilib. Sual edirəm, övladım bu dərslikdən nə öyrənəcək?
Ana dili dərsliyi olduqca bərbad vəziyyətdədir. Kitab sanki I dünya müharibəsinin veteran iştirakçısıdır! Vərəqlər parçalanıb, şeirlər cırılıb, səhifələr qatlanıb və s.”
Kitab cərimələrindən yığılan pullar...
Şikayətçi maraqlı bir məsələyə də toxunub. Bildirib ki, kitabların bu vəziyyətdə təqdim olunmasının kökündə pul hərisliyi durur: "Bilirik ki, hər il kitablar geri yığılan zaman yoxlanılır, yaxşı vəziyyətdə deyilsə, valideyndən cərimə olaraq kitabın pulu alınır. Bəs alınırsa, həmin pula yeni kitab alınıb yerinə qoyulmalı deyilmi? Niyə 4 ildir, istifadədə olan kitabı biz istifadə etməliyik?”
"Siz öz övladlarınıza belə kitab verərsinizmi?”
O, söhbəti zamanı Təhsil Nazirlyinə maraqlı sual ünvanlayıb:
"Hörmətli nazirlik, hörmətli məsul şəxslər, siz nəvənizə, övladınıza bu cür dərslikləri rəva görərdinizmi?
Sual edirəm, axı bu yararsız dərsliklərlə övladımıza oxumağı, öyrənməyi necə sevdirəcəyik? Onlara daha yaxşı gələcəyi bu yararsız dərsliklərlə mi bəxş edəcəyik?
Xahiş edirəm, bu məsələnin həlli istiqamətində bizi məlumatlandırın. Həmçinin bizim kimi yüzlərlə uşaqlara paylanmış deformasiyalı, təhsilə yararsız, müddəti keçmiş, keyfiyyətsiz, köhnə və mikrob dolu kitabları geri yığıb övladlarımıza sağlam dərsliklərin verilməsini qısa müddətdə təmin edin”.
Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehoğlu BakuPost-a bildirib ki, qeyd olunan ittihamların nazirliyə dəxili yoxdu: "Bu məsələni siz Təhsil Nazirliyi nümayəndəsilə niyə müzakirə eləyirsiz?
Bir dərslik cırılıbsa, yaxud yazılıbsa, həmin valideyn getsin həmin məktəbə müraciət eləsin”.
Məktəbə müraciət edildiyini, direktorun isə dərsliklərin nazirlik tərəfindən verildiyi iddiasına isə mətbuat katibi belə cavab verib: "Təhsil Nazirliyinin işi-gücü qurtarıb yazılı kitabları versin camaata? Siz buna inanırsızmı? Valideyn məktəb direktoru, yaxud kitabxanaçının yanına getsin desin ki, bu problemlə bağlı mənə yardım et...”
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət