Dərc edildi: Baxış sayı: 1403
Məhəmməd Füzuli - Ney kimi, hər dəm ki, bəzmi-vəslini yad eylərəm
Ney kimi, hər dəm ki, bəzmi-vəslini yad eylərəm,
Ta nəfəs vardır quru cismimdə, fəryad eylərəm.
Ruzi-hicrandır sevin, ey murği-ruhim kim, bu gün
Bu qəfəsdən mən səni, əlbəttə, azad eylərəm.
Vəhm edib ta salmaya sən mahə mehrin hiç kim,
Kimə yetsəm zülmü cövründən ona dad eylərəm.
Qan yaşım qılmaz vəfa, giryan gözüm israfına,
Bunca kim, hərdəm ciyər qanından imdad eylərəm.
İncimən hər necə kim, əğyar bidad eyləsə,
Yar cövriçün, könül, bidadə mötad eylərəm.
Bilmişəm bulman visalın, leyk bir ümmid ilə
Gah-gah öz xatiri-naşadımı şad eylərəm.
Lövhi-aləmdən yudum əşk ilə Məcnun adını,
Ey Füzuli, mən dəxi aləmdə bir ad eylərəm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət