Dərc edildi: Baxış sayı: 751
Məhəmməd Füzuli - Mürdə cismim iltifatından bulur hər dəm həyat
Mürdə cismim iltifatından bulur hər dəm həyat,
Ölərəm gər qılmasan hər dəm mənə bir iltifat.
Yazə bilməz ləblərin vəsfin təmami-ömrdə,
Abi-heyvan versə Xizrə kilkü zülmətdən dəvat.
Mən fəqirəm, sən ğəni, vergil zəkati-hüsn kim,
Şər içində həm mənədir, həm sənə vacib zəkat.
Görməyincə hüsnünü imanə gəlməz aşiqin,
Yüz peyğəmbər cəm olub, göstərsələr min möcüzat.
Məzhəri-asari-qüdrətdir vücudi-kamilin,
Feyzi-fitrətdən qərəz sənsən, tüfeylin kainat.
Cövhəri-zatindədir məcmui-övsafi-kəmal,
Bu sifat ilə ki, sənsən, qandadır bir pak zat?
Eşqə ta düşdüm Füzuli, çəkmədim dünya qəmin,
Bil ki, qeydi-eşq imiş dami-təəllüqdən nəcat.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət