Dərc edildi: Baxış sayı: 576
Məhəmməd Füzuli - Məni zikr etməz el, əfsaneyi-Məcnunə mayildir
Məni zikr etməz el, əfsaneyi-Məcnunə mayildir,
Nə bənzər ol mənə, dərdi onun dərmanə qabildir.
Biyabanlarda Məcnundan qəmü dərdim sual etmin,
Nə bilsin bəhr halın ol ki, mənzilgahi sahildir.
Mənim tək ola bilməz şöhreyi-şəhri-bəla Məcnun,
Qəbul eylərmi bu rüsvalığ hər kim ki, aqildir.
Nə müşkil halı olsa aşiqin mə’şuq edər çarə,
Gər ol bidərd bilməzsə bu hali, hal müşkildir.
Fəraq əyyami seylabi-sirişkimdən xəbər tutmaz,
Qiyamət macərasından gör, ol zalim nə qafildir.
Fəqihi-mədrəsə mə’zurdur inkari-eşq etsə,
Yox özgə elminə inkarımız, bu elmə cahildir.
Füzuli, el səni Məcnundan əfzun der məlamətdə,
Buna münkir degil, Məcnun dəxi mə’qulə qaildir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət