Dərc edildi: Baxış sayı: 3605
Məhəmməd Füzuli - Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?
Qəmu bimarinə canan dəvayi-dərd edər ehsan.
Neçin qılmaz mənə dərman, məni bimari sanmazmı?
Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən
Desəm, o bivəfa bilməm, inanarmı, inanmazmı?
Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?
Güli-rüxsarinə qarşı gözümdən qanlı axar su,
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?
Degildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil səni görcək utanmazmı?
Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət