Dərc edildi: Baxış sayı: 1905
Məhəmməd Füzuli - Mənə badi-səba ol sərvi-gülrüxdən xəbər verməz
Mənə badi-səba ol sərvi-gülrüxdən xəbər verməz,
Açılmaz qönçeyi-bəxtim, ümidim nəxli bər verməz.
Töküb göz yaşını sənsiz həlakim istərəm, əmma
Əcəl peykinə seyli-əşk girdabi güzər verməz.
Gözümdə məskən et, xari-müjəmdən etiraz etmə,
Güli-xəndanə sordum, xarə yar olmaq, zərər verməz.
Əgər can almaq istərsən, tənimdən tiğini kəsmə
Ki, pəjmürdə nihalə verməyincə su səmər verməz.
Qiyas et şəmdən, vəhm eylə çərxin inqilabından
Kim, ol baş almağa qəsd etməyincə taci-zər verməz.
Bəla zimnində rahət olduğun izhar edər xəlqə
Fələk, bihudə xari-xüşkdən gülbərgi-tər verməz.
Füzuli, dəhrdən kam almaq olmaz olmadan giryan,
Sədəf su almayınca əbri-niysandan gühər verməz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət