Slimfit
  1. CƏMİYYƏT

Magistratura və doktorantura dərslikləri hələ də yoxdur

Magistratura və doktorantura dərslikləri hələ də yoxdur
Sakura

Magistratura və doktorantura dərslikləri hələ də yoxdur

Azərbaycan ali məktəblərində, o cümlədən də Milli Elmlər Akademiyasının institutlarında magistratura və doktorantura pilləsi üzrə təhsil verilir. Ali məktəblərə və akademiyaya bu səlahiyyətlərin verilməsi ölkədə kadr potensialının güclənməsinə şərait yaradır. Bu müsbət haldır. Amma bu sahədə mənfi hallar daha çoxdur.

Əsas problem isə ali məktəblərin magistratura və doktorantura pilləsində təhsil alanlar üçün müvafiq dərsliklərin olmamasıdır. Hər ali məktəbin özünün bu pillələr üzrə xüsusi dərsliklərinin olması vacib olsa da, ali təhsil müəssisələri bu dərslikləri yaratmağa tələsmirlər. Onlar magistr və doktorantlara bakalavrlar üçün olan dərsliklərdən istifadə etməklə “bilik” verməyə çalışırlar. Ali məktəblərin magistratura və doktorantura üzrə dərsliklər hazırlamasına mane olan nədir?

  • Kamran Əsədov: Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universiteti istisna olmaqla, təəssüflər olsun ki, digər universitetlər…”

Tarix üzrə fəlsəfə doktoru, tanınmış təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə bildirdi ki, bu sahədə dərsliklərin olmaması çox mənfi bir haldır və bunun məsuliyyətini ali təhsil müəssisələri daşıyırlar: “Çox təəssüf ki, bu gün ölkəmizin ali məktəblərinin magistratura və doktorantura pillələri üçün dərslik vəsaiti yoxdur. Ölkənin 50 təhsil müəssisəsində 180 ixtisas üzrə ayrı-ayrı sahələrə aid kadr hazırlığı həyata keçirilir. Onlar magistratura üzrə 56 proqramda cəmləşiblər. Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universiteti istisna olmaqla, təəssüflər olsun ki, digər universitetlər magistratura və doktorantura üzrə vəsaitlərini hazırlayıb çap etməyiblər. Baxmayaq ki, bu ali məktəblər yalnız bakalavr pilləsi üzrə resurslardan istifadə edərək tədris prosesini qururlar. Bu da o deməkdir ki, universitetlər tərəfindən magistratura və doktorantura pilləsinə ciddi yanaşılmır. Çünki hələ də “Ali təhsil haqqında” qanun layihəsi qəbul edilmədiyi üçün, onun ümumi proqramında boşluqlar var. Azərbaycan universitetləri kadrlara bakalavr pilləsində bütün məlumatları, informasiyaları verirlər, təhsil bakalavr pilləsində bitir. Halbuki, bakalavr pilləsində tədris sadələşdirilsəydi, ixtisaslı kadrların əldə etməli olduğu bilik və bacarıqlar təhsilin növbəti pilləsinə çatdırılmalı idi”.

K.Əsədov hesab edir ki, ali məktəblər akkreditasiyadan keçərkən mütləq onların göstəriciləri qeyd edilməlidir. Onun sözlərinə görə, bakalavr pilləsində tələbələrə dərs deyənlər eyni vəsaitlərlə magistr və doktoranturada da dərs deyirlər: “Eyni dərsliyi orada keçirlər, təkrarçılıq olur. Ona görə də bizim gənclər kütləvi olaraq magistratura və doktoranturaya getmək istəmirlər. Bu səbəbdən də magistratura və doktorantura pilləsində oxuyanların bilik, bacarıqları bakalavr pilləsindən fərqli deyil, çünki eyni informasiya öyrədilir. Bu isə düzgün yanaşma deyil. İxtisaslaşma və dərinləşmə fərqli olmalıdır. Azərbaycan universitetlərinin dünya reytinqində olmamasının əsas səbəblərindən biri də onların bu standartlara uyğun gəlməməsidir. 2005-ci ildən Bolonya prosesinə keçmişik. Bunun da tələblərindən biri bakalavr pilləsindən fərqli olaraq magistratura pilləsində daha genişləndirilmiş və dərinləşdirilmiş informasiyaların, elmi-praktik tədbirlərin keçirilməsidir, lakin biz o tələbi yerinə yetirmirik” - deyə müsahibimiz vurğuladı.      

  • İlqar Orucov: “Magistratura pilləsində dərslik problemi var və bu çox ciddi məsələdir”

Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin rəhbəri, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov qeyd etdi ki, magistratura pilləsindən fərqli olaraq, doktorantura pilləsində dərslik olmur. “Magistratura pilləsində dərslik problemi var və bu çox ciddi məsələdir. Hələ də bu pillə üzrə keyfiyyətli, standartlara uyğun dərsliklər hazırlanması problem olaraq qalır. Bu gün bizim ali təhsil müəssisələrini ən çox narahat edən hallardan biri magistratura pilləsində həm proqramların tələblərə cavab verməməsi, həm də dərsliklərlə bağlı problemlərdir. Bu çox ciddi məsələdir. Bu da təəssüf ki, Azərbaycanda magistratura pilləsini geri salan məqamlardan biridir. Xüsusilə mövcud olan problemlərdən biri magistratura pilləsindəki dərslərin bakalavr pilləsindəki dərslərin təkrarı olmasıdır. Bu çox narahatlıq doğuran məqamlardır. Məsələ bundadır ki, magistratura pilləsinin Azərbaycanda xeyli müddətdir mövcud olmasına baxmayaraq, bu sahədə kadr hazırlığında xeyli ciddi qüsur var. Magistratura pilləsində keçilən dərslər bir sıra hallarda magistratura pilləsində də keçilir. Bu da dərsliklərlə bağlı problemlə bağlıdır. Magistratura ali təhsilin tamamlanmış formasıdır, həmçinin də bu, elmi tədqiqatlara başlanğıcdır. Nəzərə alsaq ki, magistraturada gənclərimizin aldıqları təhsil, əslində, mütərəqqi dünya səviyyəsində magistratura hazırlığından bir xeyli geri qalır, burada formallıq da müşahidə olunur. Məsələn, magistratura pilləsində işlərin yerinə yetirilməsində, diplom işlərinin hazırlanmasında və müdafiəsi məsələlərində də xeyli problem var. Plagiat hallarının da mövcud olduğu məlumdur. Bundan başqa, burada bəzi qaranlıq məqamlar da var ki, bu, magistrlərlə rəhbərlər arasındadır. Açığını deyim ki, burada bir sıra xoşagəlməz hallara yol açan məqamlar var” - deyə İ.Orucov qeyd etdi.

Doktoranturalarla bağlı vəsaitlərə gəlincə, İ.Orucov qeyd etdi ki, onlar lazımi vəsaitləri əldə etmək üçün mövcud vəsaitlərdən yararlana bilirlər, amma onların bu vəsaitləri əldə etmələri elə də asan deyil. Elektron kitabxanalarda bu vəsaitlərlə tanış olmaq üçün müəyyən miqdarda vəsait ödənilməsi tələb olunur. “Amma biz bir neçə müddətdir bu prosesdə bizim gənclərə dəstək olmaq istəyirik. Elmi jurnallarda çap olunma, elmi jurnallara çıxış məsələlərində artıq gəncləri Avropada XXI əsrin trendi olan “Open Akademiya” və digər platformalara qoşmaq istəyirik. Açığı, bu sahədə də xeyli problem var. Doktorantura pilləsinə qəbulla bağlı bəzi neqativ hallar, təəssüf ki, hələ də qalmaqdadır. Xüsusilə də nəzərə alsaq ki, gənclər bu pillədə təhsil almağa elə də meyl etmirlər” -deyə İ.Orucov qeyd etdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR