Slimfit
  1. AZƏRBAYCAN

"Made in Azerbaijan” brendini necə tanıdırıq?

"Made in Azerbaijan” brendini necə tanıdırıq?
Sakura

"Made in Azerbaijan” brendini necə tanıdırıq?

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində bir sıra addımların atıldığı göz önündədir. Lakin Prezident İlham Əliyevin "Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 18 yanvar 2016-cı il tarixli sərəncamından irəli gələn "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi ilə bağlı atılan addımlara diqqət yetirsək bu sahədə əldə olunan uğurları görə bilərik. İlk növbədə qeyd edək ki, yerli məhsulların xarici bazarlara çıxarılması işinin təşkili, bazarların araşdırılması, "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə çəkilən xərclərin dövlət hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi qaydası, həmçinin Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı görülmüş işlər barədə hesabat forması təsdiq edilib. Bununla yanaşı, Prezident İlham Əliyev tərəfindən "Xarici ölkələrə ixrac missiyalarının təşkili, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti, "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər alması, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman da imzalanıb.

Bəs görəsən 2016-cı ildən bu günə qədər "Made in Azerbaijan” brendinin tanıdılması istiqamətində hansı işlər görülüb?

“2017-ci ildə ixrac missiyaları zamanı imzalanmış müqavilələr üzrə 2 mln. manatlıq məhsul ixrac olunub”

2017-ci il ərzində "Made in Azerbaijan" brendinin xarici ölkələrdə təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Çinə, Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana, Pakistana, Qətərə, Qazaxıstana, Macarıstana, Rusiyaya və Səudiyyə Ərəbistanına ümumilikdə 10 ixrac missiyası təşkil olunub. Bu ixrac missiyalarında 160-dan çox şirkət iştirak edib, missiyalar çərçivəsində bir sıra məhsulların ixracına, o cümlədən meyvə-tərəvəz, şərab, meyvə şirələri, konservləşdirilmiş məhsullar, tikinti materialları, mebel və digər məhsulların ixracına dair razılaşmalar əldə olunub, müqavilələr bağlanılıb. “Bundan əlavə, “Gulfood 2017” beynəlxalq ərzaq sərgisində, “Prowein 2017” beynəlxalq şərab sərgisində, “Worldfood Moscow” beynəlxalq ərzaq sərgisində, “ANUGA” beynəlxalq ərzaq sərgisində, “Hong Kong International Wine & Spirits Fair 2017” beynəlxalq şərab sərgisində yerli şirkətlərin "Made in Azerbaijan" vahid ölkə stendi ilə iştirakı təmin edilib. 2017-ci ildə vahid ölkə stendi mexanizmi çərçivəsində 19 mln. manatlıq müqavilələr imzalanıb və 6 mln. manatadək məhsul ixrac edilib. Bundan başqa, 2017-ci ildə ixrac missiyaları zamanı imzalanmış müqavilələr üzrə 2 mln. manatlıq məhsul ixrac olunub. Xarici ölkələrdə və beynəlxalq KİV-də yerli məhsullarımızın tanıdılması ilə bağlı reklamlar yerləşdirilib. “Azərbaycan şirələri” və “Azərbaycan meyvələri” sahəvi brendlər üzrə reklam çarxları hazırlanaraq Rusiya Federasiyasının “Rossiya 24” federal televiziya kanalında oktyabr-noyabr aylarında yayımlanıb”.

“2018-ci ildə ixrac missiyalarının və beynəlxalq sərgilərin sayı artırılıb”

2018-ci ilin yanvar-may ayları ərzində "Made in Azerbaijan" brendinin xarici ölkələrdə təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə Rusiyanın Həştərxan vilayətinə ixrac missiyası təşkil olunub. İxrac missiyasında tikinti materialları, tekstil, qənnadı məhsulları, meyvə-tərəvəz, təbii mineral sular və limonadlar, meyvə şirələri və s. sahələr üzrə 30-dan çox yerli şirkətin nümayəndəsi iştirak edib. Bundan əlavə, ilin əvvəlindən Azərbaycan şirkətlərinin vahid ölkə stendi ilə 4 sərgidə iştirakı təmin olunub. Belə ki, Azərbaycan şirkətləri Moskvada keçirilən "Prodexpo 2018", Dubayda "Gulfood 2018", Çin Xalq Respublikasının Şanxay şəhərində "Sial China 2018" və Berlində "Fruit Logistica 2018" beynəlxalq ərzaq sərgilərində "Made in Azerbaijan" vahid ölkə stendi ilə iştirak ediblər.

2018-ci ilin əvvəlindən vahid ölkə stendi mexanizmi çərçivəsində 5,5 mln. manatlıq müqavilə imzalanıb və artıq 4 mln. manata yaxın məhsul ixrac olunub. Belə ki, məhsul və xidmətlərin xarici bazarlarda təşviqi məqsədi ilə müvafiq beynəlxalq tədbirlərdə iştirakın təmin edilməsi, sahibkarların xarici bazarlarda fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində uğurla həyata keçirilmiş tədbirlərin davamı olaraq, dövlət başçısının 11 yanvar 2018-ci il tarixli Fərmanına əsasən, 2018-ci ildə təşkil ediləcək ixrac missiyalarının və beynəlxalq sərgilərin sayı artırılıb. Ümumilikdə, bu il 13 ixrac missiyasının təşkili nəzərdə tutulur. İxrac missiyasının maksimum müddəti 4 gündən 6 günədək, iştirakçıların sayı isə 20-dən 30-a qədər artırılıb. Bütün bunlar isə, Azərbaycanın iqtisadi və ticarət əlaqələrinin, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinin genişlənməsinə, qeyri-neft məhsullarının ixracının artmasına, xarici ölkələrə ixrac missiyalarının və Azərbaycana alıcı missiyalarının səmərəli təşkilinə geniş imkanlar yaradır.

"Made in Azerbaijan” brendinin tanıdılması istiqamətində işlər yetərlidirmi və bu istiqamətdə daha hansı addımların atılması uğur gətirə bilər?

“Bu işdə özəl sektor da maraqlı olmalıdır”

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri iqtisadçı ekspert Ruslan Atakişiyev bildirib ki, "Made in Azerbaijan” brendinin tanıdılması üçün müxtəlif ölkələrdə yarmarkalar, tanıtım işlərinin davam etdirilməsi lazımlıdır: “Bu brendin tanıdılması istiqamətində dövlətlə yanaşı, özəl sektor da maraqlı olmalıdır. Özəl sektor həm də istehsal etdiyi məhsulların keyfiyyətinə önəm verməlidir. Əgər biz "Made in Azerbaijan” brendi adı altında beynəlxalq standartlara cavab verən məhsul istehsal etməsək, o zaman bu istiqamətdə görülən işlərdən nəticə əldə etmək mümkün olmaz. Biz brendimizin adına xələl gətirəcək keyfiyyətsiz məhsullar deyil, daha keyfiyyətli məhsul istehsal etməklə onu qorumalıyıq. Məhsulların tanıdılmasında ilk işlərdən biri onun keyfiyyətli olmasıdır. Çünki alıcı hər hansı məhsulu alıb ondan razı qaldıqda mütləq şəkildə digər alıcıya da tövsiyə edir”.

“Məhsulların fasiləsiz təminatı məsələsinə önəm verilməlidir”

Ekspert söyləyib ki, "Made in Azerbaijan” adının brend kimi tanıdılması formalaşmasında özəl sektor yerli istehlakçılarla birgə çalışmalıdır: “Burada məhsulların fasiləsiz təminatı məsələsi də var ki, bu məsələyə önəm verilməlidir. Əgər biz brendi tanıdırıqsa və həmin məhsul bazarlarda yoxdursa, o zaman görülən işlər lüzumsuz fəaliyyətə çevrilə bilir. Reklam xərci çəkən şirkətlərə də dövlət dəstəyinin edilməsi mühümdür”.

"Made in Azerbaijan”ın reklamının hansı ölkələrdə genişləndirilməsinə ehtiyac var?

R. Atakişiyev hesab edir ki, Made in Azerbaijan”ın brendinin reklamının genişləndirilməsi üçün ilk növbədə beynəlxalq bazar öyrənilməlidir.

“MDB bazarlarında daxil olmaq daha asandır”

Hər bir bazarın özünün standartlarının olduğunu deyən ekspert söyləyib ki, MDB məkanında yaxın qonşu dövlətlər təmsil olunduğu üçün bu bazarlara daxil olmaq daha asandır: “ Daxil olması asan olan bazarlardan istifadə etmək yerli brendimizin tanıdılmasında mühüm rol oynaya bilər. Həm də bu bazarlar vasitəsilə digər bazarlara irəliləmək mümkündür. Beynəlxalq məhsul ixracında maraqlı olan şirkətlərin özünün strategiyası olmalıdır. Xarici bazarlara daxil olan zaman məhsulun növünə fikir vermək önəmlidir”.

Mərkəz sədri əlavə edib ki, müxtəlif ölkələrlə yerli sahibkarların görüşünün təşkili də "Made in Azerbaijan” brendinin tanıdılmasına öz töhfəsini verə bilər: “Belə olan halda, ölkələrin hansı məhsullarının tələbatını bilmək olar”.

Məlumat üçün nəzərinizə çatdıraq ki, artıq Belarusda Latviyada, Riqada Azərbaycan ticarət evləri fəaliyyət göstərir. Azərbaycanın məhsullarının məhz bu mexanizm vasitəsilə satışı təşkil olunur.

Qeyd edək ki, cari ilin sentyabrın 2-də Çinin Urumçi şəhərində “Azərbaycan Şərab Evi” açıldı. Bu, Azərbaycanın xarici ölkədə açılan ilk Şərab Evidir. “Made in Azerbaijan” brendinin təşviqi, ixracın və istehsalın stimullaşdırılması, o cümlədən Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması və satışının genişləndirilməsi məqsədi ilə xarici ölkələrdə yeni ticarət və şərab evlərinin açılması nəzərdə tutulur.

Mənbə: SİA

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR