Lənkəranda orta məktəb psixoloqları üçün təşkil edilmiş təlim kursları başa çatıb
Lənkəran rayonunun orta ümumtəhsil məktəblərində çalışan psixoloqlar üçün “Məktəb psixoloqlarının psixokorreksiya sahəsində bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində təşkil edilmiş təlim kursları başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran şəhərindəki 4 nömrəli humanitar təmayüllü məktəb-liseydə keçirilən tədbirdə 25 məktəb psixoloqu iştirak edib.
İki gün davam edən təlimlərdə təlimçi-psixoloq Elnarə Baxışlı tərəfindən məktəb psixoloqlarına müasir praktik psixoloji xidmətin tərkib hissəsi olan psixokorreksiyanın metod və vəzifələri, korreksiyaya ehtiyacı olan müxtəlif problemlər və onların aradan qaldırılması üçün tətbiq olunan üsullar və psixoterapiya texnikaları tədris edilib, təlimin yekun qiymətləndirilməsi aparılıb.
Təlimdə iştirak edən təhsil üzrə ekspert Rövşən Bağırov iştirakçılara Təhsil Nazirliyinin həyata keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi” və onun təhsil işçiləri üçün əhəmiyyətindən, layihələrin yazılması və idarə olunması, habelə müraciət qaydaları haqqında geniş məlumat verib.
Təlim məşğələlərində müxtəlif problemli situasiyalar üzrə praktiki konsultasiyalar və müzakirələr aparılıb, qrup işləri, təqdimatlar, rol oyunları kimi müasir təlim üsullarından geniş istifadə olunub.
Psixoloqların maarifləndirilməsi üçün çap edilmiş bukletlər müəllimlərə paylanılıb.
Kursun sonunda iştirakçılara Lənkəran Şəhər Təhsil Şöbəsi tərəfindən sertifikatlar təqdim olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət