Kürdəmirdə pambıq sahələrinin əksəriyyətinin məhsulu kombaynlarla yığılacaq
Kürdəmir rayonunun pambıqçıları qısa vaxtda tarlalardan 530 tona yaxın məhsul toplayıblar və yığılan “ağ qızıl”ın 528 tondan çoxu qəbul məntəqələrinə təhvil verilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bölgədə məhsul yığımı kampaniyası sürətlə davam edir. Hazırda hər gün tarlalara 1500 nəfərədək işçi qüvvəsi çıxır. Əksər ərazilərdə, o cümlədən bol məhsul yetişdirilən Mehdili, Qocalı, Muradxan, Şilyan, Böyük Kəngərli, Qarasaqqal, Karrar kənd, Ərəbqubalı və bir sıra digər ərazi vahidlərində məhsul yığımı daha sürətlə, mütəşəkkil davam etdirilir. Bu ərazilərdə hər hektardan orta məhsuldarlıq 25 sentnerdən çox gözlənilir.
Qeyd edək ki, builki mövsümdə rayonda 5030 hektarda pambıq yetişdirilib. Sahələrin yarıdan çoxu maşınlarla yığılacaq. Bu məqsədlə 12 pambıqyığan kombayndan istifadə olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət