Koronavirusun yayılacağı öncədən bilinirdi? - 1 ay öncə üzə çıxarılan şifrə
Türkiyəli strateq Ertan Özyiğitin 13 dekabr 2019-cu ildə verdiyi proqnozlar hazırda Türkiyədə ən çox müzakirə olunan məsələlərdən biridir.
BAKU.WS xəbər verir ki, onun yayımladığı videonun indi gündəmə gəlməsinə səbəb olan xüsusi məqam dünyanı cənginə alacaq virusun yayılacağını öncədən söyləməsi olub.
O, bunu hansısa öncədəngörmə ilə deyil, məşhur “The Economist” jurnalının 2020-ci il üçün xüsusi nömrəsinin üz qabığındakı şifrələrini taparaq söyləyib.
Ertan Özyiğit qlobal virusun yayılacağı barədə şifrəni öncədən tapmaqdan başqa, texnologiyanın gələcək həyatımızdakı rolu, dünya hakimiyyəti uğrunda mübarizə, qlobal müharibələr və bir çox mövzu barədə jurnalın üz qabığında yerləşdirilmiş şifrələri şərh edib.
Digər məsələlərə videoda baxmağı tövsiyə edirik. Biz isə hazırda koronavirusun sürətlə yayıldığını nəzərə alaraq Ertan Özyiğitin qlobal virusun yayılacağı barədə dediklərini təqdim edirik:
Yuxarıda təqdim edilən jurnalın üz qabığı fotosunda gözə ilk çarpan şey nədir? Əlbəttə ki, “2020”. İndi isə Ertan Özyiğitin bu barədə şərhinə diqqət yetirək:
“Mən bu üz qabığında 2020-ci ildə kütləvi virusun dünyanı təhdid edəcəyini görürəm. 20 20 niyə ayrıdır? Ezoterizmdə 20 20 bir hadisənin və ya vəziyyətin axrasındakı həqiqətin tamamilə görüldüyünü bilmək üçün istifadə edilir. Bundan başqa, 20 20 qüsursuz görən göz üçün də işlədir. Yəni, “iyirmidə iyirmi görürsən” deyərlər. Burada “The Economist” jurnalı göstərdiklərinin baş verdiyinə də işarə vurub.
İndi isə qırmızı və yaşıl rənglərin nə mənaya gəlməsinə diqqət yetirək. Rəng korluğundan əziyyət çəkənlər qırmızı və yaşıl rəngi adətən sarıya yaxın və solğun rəngdə görürlər. Sarı rəng isə simvolizmdə xəstəliyi xarakterizə edir. Məsələn, hansısa bir gəmidə epidemiya varsa, gəmiyə sarı bayraq taxılır. Bu, gəmidə karantin olduğunu bildirmək üçündür.
Jurnalın üz qabığındakı şifrəni tapdıqdan sonra 2020-ci ildə dünyada karantinə alınacaq dərəcədə kütləvi epidemiyanın yayılacağını düşünürəm”.
Xüsusilə bir daha qeyd edirəm ki, türkiyəli strateqin bu videosu 13 dekabr 2019-cu ildə, yəni koronavirusun yayılmasından öncə hazırlanıb. “The Economist” jurnalının 2020-ci il nömrəsi isə 2019-cu ilin noyabrında yayınlanıb.
Ertan Özyiğit də şərhində bir məqama diqqət çəkir ki, dünya hakimiyyəti uğrunda mübarizə fonunda kütləvi epidemiyalar, qlobal müharibələr, iqtisadi və siyasi dəyişikliklər heç də təsadüfi deyil.
Fərid ƏDALƏTBAKU.WS
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət