Slimfit
  1. AZƏRBAYCANLI

Koronavirusa yoluxan qadından şok: karantindən qaçıb, toya getdi və hamını... - Nihat Xəlilzadə açıqladı

Koronavirusa yoluxan qadından şok: karantindən qaçıb, toya getdi və hamını... - Nihat Xəlilzadə açıqladı
Sakura

Koronavirusa yoluxan qadından şok: karantindən qaçıb, toya getdi və hamını... - Nihat Xəlilzadə açıqladı

Məmur vicdan deməkdir, xalqa xidmət deməkdir. Xaricdə fəaliyyət göstərən azərbaycanlı məmur isə həm də xalqımız adına qürur deməkdir.

Publika.az-ın özəl müsahibi Cənubi Koreyanın ilk azərbaycanlı məmuru Nihat Xəlilzadədir.

Nihat bəy, illər öncə koreya dilini öyrənmək üçün köçmüsünüz. Bu gün yüksək vəzifədə çalışırsınız. Sirrinizi bölüşməyinizi istəyirəm.

- İllər öncə Koreyaya dövlət təqaüdü hesabına getmişdim. Bu təqaüdün şərtlərinə görə birinci il dil öyrənməli idim. Sonrakı 4 il ərzində isə ixtisasım üzrə təhsil alacaqdım. İlk dayanacağım hazırda koronavirusdan ən çox əziyyət çəkən Dequ şəhəri oldu. Sonra paytaxta köçüb, kompüter mühəndisliyi üzrə təhsilə başladım. Bakalavr və magistr pillələrini tamamladım. Doktorluq üzrə təhsilimi davam etdirməyi planlaşdırıram.

- Karyeranızdakı əzminiz çoxları üçün motivasiyadır...

- Bəli, hələ universitetdə təhsil aldığım dövrdə xırda şirkət qurmuşdum. Düzü işdən qorxan deyiləm. Koreyada çalışmadığım sektor yoxdur. Ofisiant və araşdırmaçı kimi də özümü sınamışam. Çox böyük iş təcrübəsi topladığımı görən Koreya hökuməti qərara gəldi ki, ölkəyə gələn xaricilərə yardımım dəyə bilər. Müsahibəyə dəvət olundum. İşə qəbul edilərkən çoxsaylı rəqiblərim vardı. Tanıdığım bütün savadlı, məşhur mütəxəssislərin arasından seçilməyim gözlənilməz oldu. Bu həm də şansım idi. Hazırda Koreyada dövlət məmuru olaraq iki vəzifədə çalışıram. Biri icra hakimiyyətində xaricilərin konsulluğunda prezident, digəri isə Qanqnam bələdiyyəsində xaricilərin qlobal mərkəzinə rəhbər vəzifələridir. Həmçinin Koreyanın təbliği ilə də məşğul oluram. Bir sözlə şəhərdə yaşayan xaricilərlə bağlı bütün məsələlərə, problemlərə mən nəzarət edirəm.

Qanqnam şəhəri yaddaşımızda məşhur mahnıdan sonra sizin uğurunuzla da yadda qaldı. Maraqlıdır niyə Avropa ölkələri yox, Koreyanı seçdiniz?

- Əslində ingilis dilini öyrənirdim. Avropada təhsilə hazırlaşırdım. Özü də bir neçə ölkənin universitetinə sənədlərimi verirdim. Lakin Koreyanı seçməyimdə əsas səbəb o idi ki, təqaüd təhsildən əlavə bütün xərcləri ödəyir. Artıq valideynlərdən aslılıq qalmır. Bir növ öz həyatını qura bilirsən. Məni bu azadlıq arzusu gətirdi Koreyaya. Həm də o vaxtlar Şimali Koreya daha çox məşhur idi. Hətta bir çox nəhəng şirkətlərin Cənubi Koreyaya deyil, Çinə məxsus olduğu zənn edilirdi. Sadəcə şansımdan istifadə etmək istədim. Bilirdim ki, Avropaya getsəm, valideynlərim xərcimi ödəyə bilməyəcək. Odur ki, gənclərlə söhbət edəndə deyirəm, Asiya ölkələrini dəyərləndirin. Çünki Yaponiya, Sinqapur, Koreya, Çin təhsildə Avropa və Amerikadan heç də geri qalmır. Asiya qısa müddətdə çox böyük yol qət edib. Bu gün seçimimdən çox məmnunam. Həm də gəlin, bu tərəfini də düşünək. Dövlət sizə təqaüd verir, bir növ investisiya qoyur. Təbii ki, öz gəlirini güdüb, sizi ölkəsində saxlayacaq. İşlə təmin edəcək.

L’image contient peut-être : Nihat Khalilzade, sourit, costume

- Bildiyimə görə dillərimizdə bənzərlik var...

- Çox gözəl vurğuladınız. Koreya və Azərbaycan dilləri Altay dil ailəsindən gəlir. Səsləndirmə, sait və samit bölgüsü, cümlə quruluşunda bənzərlik çoxdur. İnternetdəki axtarış vasitələrinə daxil olub koreya dili haqda məlumat əldə etmək istəsəniz, yalnız bir ifadə ilə rastlaşacaqsınız. Koreya dili dünyanın ən çətin dillərindəndir. Bəli razıyam. Amma bizim dilimizə çox yaxındır. Bir azərbaycanlı üçün koreya dilini öyrənmək çox asandır. Yaxud da əksinə. Sadəcə sözləri əzbərləyib, Azərbaycan dilinin qrammatik qaydalarında düzürsünüz. Həm də yəqin fikir vermisiniz, son illər Koreya filmləri dünyada çox məşhurlaşıb. Bu səbəbdən də dilə olan maraq yüksək səviyyədədir.

- Amma dilimiz nə qədər yaxın olsa da, istənilən ölkəyə, mədəniyyətə adaptə olmaq çətindir.

- Koreya cəmiyyətində uzun müddət yaşamaq cəsarət tələb edir. Bunun üçün özünüz burada yaşamalısınız. Çalışqandırlar, günün böyük hissəsini işləməklə keçirirlər. Məsələn, onlarda elə bir ifadə var ki, dövlət sənə yüksək maaş verirsə, sən o pulun 10 qat artığını qazandırmalısan. Hətta mən məmur seçiləndə, şübhələrim vardı. Sonra anladım ki, bu vəzifədə Avropada təhsil alanları deyil, məni görmək istəyirlərsə, bunu mədəniyyətlərinə, xarakterlərinə daha çox bələd olduğumu bildikləri üçün edirlər. Çünki hətta dillərini öyrənəndə də çalışırdım ki, intonasiyam belə eyni olsun.

L’image contient peut-être : 5 personnes, dont Nihat Khalilzade, personnes souriantes, personnes debout et plein air

- Koreyada “Bakı” adlı restoranınızın olduğunu eşitmişəm.

- Digər azərbaycanlı iş adamının sərmayəsi ilə belə bir restoranımız fəaliyyət göstərirdi. Maddi qatqım az idi. Ümumiyyətlə, bura gələndən müxtəlif üsullarla Azərbaycanı tanıtmağa çalışırdım. Sonra universitet çərçivəsindən kənara çıxmağa qərar verdim. “Bakı” adlı restoranımız fəaliyyətə başladı. Kifayət qədər də məşhurlaşmışdı bu restoranımız. Təəssüf ki, dərslərimin və işlərimin çoxluğu ucbatından bu işdən uzaqlaşdım. Bəlkə də 6-7 nüsxəm olsaydı, hamısını davam etdirməyə taqətim qalardı...

(gülürük)

- İstənilən hakimiyyətdə məmur özbaşınalığı halları olur. Koreya hökuməti bu problemlə necə mübarizə aparır?

- Qeyd etdiyiniz kimi bu hal bütün dünya ölkələrində var. Şəxsən öz adıma deyirəm, biri gəlib mənə rüşvət təklif etsə, bunu özümə təhqir bilərəm. Koreyada hətta taksiyə 5 qəpik artıq ödəniş etsəniz, geri qaytaracaq ki, sənin puluna qalmamışam. Oğurluq məsələsi isə ümumiyyətlə qeyri-mümkündür. Dəfələrlə telefonumu kafedə unutmuşam. Hamısında da rəhbərlik geri qaytarıb. Təbii ki, bütün məkanlarda nəzarət kameraları da var. Səmimi deyəcəm 10 ildən çoxdur ki, Koreyadayam. Məndən rüşvət alan, yaxud təklif edən olmayıb. Təbii ki, rüşvət deyəndə milyardlar nəzərdə tutulur. Bu halda Koreya da istisna deyil. Amma gündəlik həyatda rüşvət adlı mental düşüncə yoxdur. Yaxın günlərdə Koreyaya ASAN xidmətdən nümayəndə heyəti gəlmişdi. Onlarla söhbət zamanı anladım ki, rüşvət məfhumu ölkəmizdə də yox olmaq üzrədir. Artıq dünyada bütün sənədləşmə işləri yavaş-yavaş elektronlaşdırılır. Bu çox yaxşı haldır.

- Koronavirus bəlasından danışaq. Bildiyimə görə, bu virusun Çindən sonra ən çox yayıldığı ölkə Koreyadır.

- Təəssüf ki, bəli. Lakin xoşbəxtlikdən burada yaşayan azərbaycanlılar arasında yoluxan yoxdur. Koronavirus Çində yayılmağa başladığı andan etibarən Koreya hakimiyyəti profilaktik tədbirlər gördü. Şübhəsiz ki, sərhədlər bağlansa belə virus yayılacaq. Ən əsası isə Koreyanın zavodlarının çoxu Çində yerləşir. Bir gün məlum oldu ki, Dequ şəhəridə yaşayan qadınlardan biri xəstəxanaya müraciət edib. Koronavirus aşkarlanandan sonra karantinə alınsa da qaçmağa nail olub. Öncə kilsəyə gedib, sonra isə bir tanışının toyuna... Və hər kəsi yoluxdurub. Hazırda Koreyada 5000-dən çox insan bu virusdan əziyyət çəkir ki, onların da 4000-i Dequ sakinidir. Bir qadının səhvi minlərlə insanı qurban etdi. Lakin həm səfirliyimiz, həm də mən mütəmadi olaraq həmvətənlərimizlə əlaqə saxlayırıq. Fövqəladə hallar baş verərsə, ilkin yardım, təxliyə addımları həyata keçiriləcək. Maska geyinmək o demək deyil ki, koronavirusdan qorunursunuz. Bu virus mutasiyaya uğrayıb, müxtəlif yollarla yayılır. Maskanı yalnız xəstələr istifadə etməlidir. Mütləq əlimizi yumalıyıq. Bu isə Azərbaycan mədəniyyətinin bir parçasıdır. Tez-tez ilıq su içməliyik. Koreyanın Çindən bir üstünlüyü də var ki, yüksək texnologiyalar hesabına daha çox insanın xəstəliyə yoluxub-yoluxmadığını test edə bilirlər. Ümumiyyətlə Koreya xalqı istənilən problemdə alternativ həll yolları tapmağı bacarır. Məsələn virus Koreyada yayılan kimi 11-ci sinif şagirdi mobil əlavə yaratdı. Bu əlavəni telefonunuza yükləyirsiniz, virusa yaxınlaşmamış siqnal səsi gəlir ki, təcili uzaqlaşın. Digər tələbə isə koronavirusun əhatə dairəsini göstərən mobil əlavə hazırlayıb. Özü də yeniyetmələr bu addımı pul xatirinə deyil, dövlətə yardım üçün edirlər. Koreyada yaşayan həmyerlilərimizin virusdan qorxmağına ehtiyac yoxdur. Çünki bu ölkə Amerikadan, Yaponiyadan fərqli olaraq xəstələrin sayını gizlətməyə meyl etmir. Əksinə, yoluxanları aşkar şəkildə tapıb bütün müalicə xərclərini öz üzərinə götürür. Bu qanun hətta Koreyada qeyri-leqal yaşayanlara da şamil edilir. Yetər ki, müalicə olunsunlar. Hazırda ailəmlə birgə gündəlik həyatımıza davam edirik. Lakin insanların sıx toplaşdığı məkanlardan qaçırıq. Uşaqların sosial həyatını çərçivələyirik. Məktəb və bağçalarda martın 23-dək tətil elan olunub. Buradan xalqımıza da səslənirəm ki, qapalı məkanlardan uzaq durun və birlik nümayiş etdirin.

L’image contient peut-être : 2 personnes, dont Nihat Khalilzade, personnes souriantes

- Bir az da pozitiv məqamlara toxunaq. Bəlkə bizə Koreya ilə bağlı maraqlı məlumatlar verəsiniz?

- Uzun müddət Koreyada yaşayandan sonra müqayisə aparmaq asan gəlir. Koreya 60-70 il öncə dünyanın ən kasıb ölkələrindən biri olub. Çox qısa müddətdə ölkənin, əhalinin rifahı tam yüksəlib. Bu isə bir növ texnologiyanın inkişafıdır. Çünki əsas yatırımları insan intellektidir. Bu ölkədə təhsilə çox böyük önəm verirlər. Adi məktəblər gün ərzində səhərdən axşamadək fəaliyyət göstərir. Bizim unversitetdə öyrəndiklərimizi onlar məktəb dövründən tədris edirlər. Azərbaycanlı startapçılara tövsiyə edirəm ki, layihələrini Koreyada tanıtmağa güc sərf etsinlər. 6 ay öncə bir tədbirdə iştirak edirdim. Şəhər planlaşdırılması layihəsində nəinki dövlət qurumları, sıravi sakinlər də iştirak edirdilər. Təklif və iradlarını bildirirdilər. Ölkənin idarəsində xalqın sözü çox önəmlidir. Son illər xarici vətəndaşların da sayı durmadan artır. Dünyanın ən ağıllı əlifbası da Koreyaya məxsusdur. Dizayn, musiqi, film və serial bazarından külli miqdarda qazanc əldə edirlər. Azərbaycanın isə kifayət qədər resursu olduğu halda təbliğatımız nisbətən zəif gedir. Buna təəssüflənirəm. Sadə bir misal çəkəcəm. Koreya şəhərlərinin mərkəzi küçələrində milli geyimlər icarəyə verilir. Bu libasları geyinəndən sonra bütün muzeylərə giriş ödənişsiz olur. Görürsünüzmü belə adi məqamlarla təbliğatımızı sürətləndirsək daha böyük addımlar ata bilərik.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR