Slimfit
  1. İQTİSADİYYAT

Koronavirusa görə kimə nə qədər vergi güzəşti ediləcək?

Koronavirusa görə kimə nə qədər vergi güzəşti ediləcək?
Sakura

Koronavirusa görə kimə nə qədər vergi güzəşti ediləcək?

Öz gözlənilməz həmləsi ilə dünya dövlətlərinə ağır problemlər yaradan pandemiyanın ən ciddi təsir göstərdiyi sahələrdən biri də, şübhəsiz ki, iqtisadiyyatdır. Beynəlxalq ticarət əlaqələrinin zəiflədiyi, iqtisadiyyatların kiçildiyi, dövlətlərin əksəriyyətinin sərhədləri bağlayaraq karantin rejimi tətbiq etmək məcburiyyətində qaldığı bir dönəmdə, təbii olaraq, sahibkarlar da ciddi problemlərlə üzləşiblər. Bu isə dövlətlərin üzərinə düşən yükü artırmaqla yanaşı, qəfil yaranmış problemin tez və məsuliyyəti həllini də zəruri edir. Bunun üçün isə ilk növbədə səmərəli xilasedici və dəstəkverici mexanizmlərin işə salınması tələb olunur.

"Qafqazinfo" xəbər verir ki, bu baxımdan Azərbaycan dövlətinin pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin problemlərinin həlli istiqamətində atdığı addımlar son dərəcə təqdirəlayiqdir. Bu addımlar içərisində son günlər ən çox müzakirə olunanı vergi güzəştləri və tətillərinin verilməsidir ki, bununla əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsi və sosial sığorta üzrə qanunvericiliyə zəruri dəyişiklikləri ehtiva edən təkliflər hazırlayıb. Genişmiqyaslı xarakter daşıyan bu təkliflərə əsasən, koronavirus pandemiyasının mənfi təsirinə məruz qalmış sahələrdə çalışan sahibkarlıq subyektlərinə mühüm vergi güzəştləri və tətillərinin verilməsi nəzərdə tutulur ki, onlardan biri də sosial sığorta yükünün azaldılmasıdır. Onu da qeyd edək ki, ümumilikdə sosial məzmununa görə bu paket ən faydalı paketlərdən biri sayıla bilər.

Məlumdur ki, ölkəmizdə aparılan sosial islahatlar çərçivəsində minimum aylıq əməkhaqqının məbləği 2019-cu ilin sentyabr ayından etibarən 250 manat məbləğində müəyyən edilib. Bu sosial xarakterli mühüm dəyişiklik qeyri-muzdlu gəlirlər üzrə minimum aylıq əməkhaqqının müəyyən faizi üzrə hesablanan məcburi dövlət sosial sığorta haqları məbləğinin də artımına səbəb olub ki, bu da xüsusilə indiki dövrdə vətəndaşlar üçün çətinliklər yaradır. Bunu nəzərə alaraq, sosial sığorta yükünün azaldılması məqsədilə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı dərəcələrinin dəyişdirilməsi təklif edilir. Təkliflərə əsasən, məcburi dövlət sosial sığorta haqqının 1 aprel 2020-ci il tarixdən 1 yanvar 2021-ci il tarixədək minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 25 faizi, digər sahələrdə isə 15 faizi miqdarında olmaqla hesablanması və regionlar üzrə diferensial faiz əmsallarının tətbiq edilməsi nəzərdə tutulur. 2021-ci il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək olan dövrdə isə məcburi dövlət sosial sığorta haqqının minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında olmaqla hesablanması və regionlar üzrə diferensial faiz əmsallarının tətbiqi təklif edilir. 

Mühüm yeniliklərdən biri də sabit qəbz və fərqlənmə nişanı ilə çalışan vergi ödəyicilərini əhatə edir. Həmin vergi ödəyicilərinin sosial sığorta yükünün azaldılması və bu məqsədlə sosial sığorta haqqının regionlar üzrə diferensial qaydada minimum aylıq əməkhaqqının müəyyən misli məbləğində hesablanması təklif edilir. Lakin yeniliklər təkcə bununla məhdudlaşmır. Təkliflər paketində məcburi dövlət sosial sığorta üzrə inzibatçılığın və sosial sığorta ödənişləri üzrə prosedurların sadələşdirilməsi də nəzərdə tutulur ki, bu da vətəndaş məmnunluğunun təmin olunmasına xidmət edir. Daha konkret desək, təkliflərin qəbul ediləcəyi təqdirdə bu vergi ödəyiciləri məcburi dövlət sosial sığorta haqqı ödənişlərini də sabit qəbz almaqla həyata keçirə biləcəklər.

 Məsələn, Bakı şəhərində fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər hazırda 30 manat vergi və 62.5 manat sosial sığorta haqqı ödəyirlər. Onların cəmi vergi və sosial sığorta yükü 92.5 manat təşkil edir. Dəyişiklikdən sonra bərbər 30 manat vergi, 15 manat sosial ayırması həyata keçirəcək və onun cəmi vergi və sosial yükü 45 manata enəcək. Bu, bütövlükdə 47.5 faiz azalma deməkdir. Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan şəxslər hazırda 18 manat vergi və 62.5 manat sosial sığorta haqqı ödəyirlər. Onların cəmi vergi və sosial yükü 80.5 manat təşkil edir. Dəyişiklikdən sonra bu şəxslər 9 manat vergi, 30 manat sosial sığorta ayırması həyata keçirəcək və onun cəmi vergi və sosial yükü 39 manata enəcək. Bu, bütövlükdə 51.5 faiz azalma deməkdir.

Təqdirəlayiq haldır ki, təkliflər paketində kənd təsərrüfatında çalışanların sosial yükü də nəzərə alınıb. Bu isə mövcud qanunvericiliklə təsbit edilmiş yükün kifayət qədər azaldılması deməkdir. Belə ki, hal-hazırda mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər torpaq sahəsinin az və ya çox olmasından asılı olmayaraq sabit olaraq hər bir əmək qabiliyyətli ailə üzvünə görə minimum əməkhaqqının 6 faizi miqdarında baza sosial sığorta haqqı ödəyir. Minimum aylıq əməkhaqqı məbləğinin 250 manat məbləğinədək artırıldığını nəzərə alsaq, 5 hektar torpaq sahəsi və 4 nəfər ailə üzvü olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər aylıq 60 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəyir ki, bu da xüsusilə pandemiya dövründə vətəndaş üçün ağır yükdür. Məhz bu məqamı nəzərə alaraq, sosial sığorta qanunvericiliyinə təklif olunan dəyişikliklərdə torpağın sahəsindən asılı olaraq məcburi dövlət sosial sığorta haqqının hesablanmasında müəyyən güzəştlər nəzərdə tutulur. Belə ki, torpaq sahəsi 5 hektaradək olduqda 2 faiz, 5 hektardan 10 hektaradək olduqda 6 faiz, 10 hektardan yuxarı olduqda 10 faiz miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəniləcək.

Torpaq mülkiyyətçiləri üçün daha bir vacib yenilik sosial sığorta hesabatının verilməsinin sabit qəbzlə əvəzlənməsidir ki, bu da onları qayğılarının bir hissəsindən azad edəcək. Təkliflər paketində nəzərə alınanlar sırasında vəkil, sərbəst mühasib və auditorlar da var. Həmin kateqoriyadan olan şəxslərin sosial sığorta yükünün optimallaşdırılmasını nəzərdə tutan layihədə onların sosial sığorta yükünün əldə etdikləri gəlirlərinin xərclər çıxılmaqla 10 faizi miqdarında müəyyən edilməsi nəzərdə tutulur. 

Göründüyü kimi, vergi güzəştləri və tətilləri geniş spektri əhatə edir. Bu isə həmin spektrdə təmsil olunan vergi ödəyicilərinin pandemiyanın zərərli təsirindən daha tez çıxacağına böyük ümid yaradır.

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR