Slimfit
  1. ƏDƏBİYYAT

Koroğlu - Koroğlu dastanı/Mahru xanımın Çənlibelə gəlməyi (I hissə)

Koroğlu - Koroğlu dastanı/Mahru xanımın Çənlibelə gəlməyi (I hissə)
Sakura

Koroğlu - Koroğlu dastanı/Mahru xanımın Çənlibelə gəlməyi (I hissə)

Bəli, bu dəfə söhbəti sizə Çardaqlı Çənlibeldən açım. Çənçiskin avazımışdı. 

Çardaqlı Çənlibel gül-çiçəyə qərq olmuşdu.

Vallahi behişt də onun yanında yalan idi. Bir tərəfdən gülün-çiçəyin ətiri, o biri tərəfdən bülbüllərin cəh-cəhi adamı məst edirdi. 

Bu, o vaxt idi ki, Koroğlu ilə Giziroğlu Mustafa bəy Hasan paşanın qırx min
qoşununu Toqat keçidində qanına qəltan etmişdi.

Giziroğlu Mustafa bəy Gizir qalasına dönəndən sonra qoşun sərkərdələrindən Şamlı bəy, Bəbir Alı, Şərxata Mədəd, Dəli Çovdar, Şir Vəli, Sanlı Səməd, Sırt Yusif, Qurd Cəlil, Cinli Mehdi, Adıbəlli, Aşıq Kəngərlə məsləhət-məşvərət edib, Gizir qalasında çəkidə yüngül, vəzində ağır nə vardısa yüklətdi qəflə-qatıra. 

Yeddi yüz yetmiş yeddi dəlisi ilə üz qoydu Çardaqlı Çənlibelə.
Ustadların söz-sovuna görə, Koroğlunun, Nigar xanımın, cəmi Çənlibel
dəlilərinin Giziroğlu Mustafa bəyin dəliləri ilə gəlişindən kefdamaqları
çağ idi. Koroğlunun əmri ilə o günü Çardaqlı Çənlibeldə
yeddi yüz yetmiş yeddi tuncu, öyəc, erkəc boynu buruldu. Çənlibeldə
bir vur çatdasın idi, göz istəyirdi tamaşasına. Şərab içən kim, şərab
süzən kim...
Bəli, Giziroğlunun gəlişi şərəfinə qırx gün Çənlibeldə məclis quruldu.
Məclisin qırxıncı günü hamı baxdı Koroğlunun üzünə. Koroğlu
belə işlərdə çox arif idi. Anladı ki, dəlilər ondan söz istəyir. Koroğlu
yanındakı Bulğurlu sazı götürüb əvvəl-əvvəl zil-bəm elədi. Mindirdi
sineyi-sandığa, dedi:
– Hey dəlilərim! Ulularımız söz söyləməzdən əvvəl, söyləyəcəyi
fikri yüz ölçüb bir biçiblər, sinəmə bir neçə xanə söz gəlib. Deməyi
məndən, eşitməyi sizdən.
Bəli, Koroğlu bayaqdı Bulğurlu saza tərsə-ovand tazana vurdu.
“Çoban bayatı” üstündə elə bir dəli nərə çəkdi ki, yer-göydə ənşərmənşər
qopdu:
Söz igidin sərindən,
Dostluq olar dərindən.
İki qardaş bir olsa
Dağ oynadar yerindən.
Dağları gəzən mənəm,
Paşalar əzən mənəm,
Giziroğlu əl verdi,
Əhdimi pozammanam.
Gün dolanar, ay olar,
Dost-dostuna tay olar.
İki qüvvə bir olsa,
Paşalara vay olar.
Dəlilərim bac alar,
Dava günü öc alar,
İgid sözü bir olsa,
Xotkarlardan tac alar.
Soyum sərt, kürdü mənim,
Suyum bərk, Kürdü mənim,
Qoy eşitsin paşalar,
Arxam çox gurdu mənim.
Söz tamaşa yetişdi. Koroğlu sazla dediyini, sözlə də dedi. Sonra
üzünü tutdu cəmi dəlilərə, dedi:
– Hey dəlilərim! Biz yeddi min yeddi yüz yetmiş yeddi dəli idik.
İndi Giziroğlu Mustafa bəyin 777 dəlisi də oldu bizim canbir qardaşımız,
– deyib bayaqdı Misri qılıncı çıxardı qınından. Giziroğlu Mustafa
bəy də bir himə bənd imiş kimi Giziri qılıncı çıxardı qınından. Hər
ikisi şəhadət barmağını yaralayıb qanını sıxdılar bir-birinə.
O tərəfdən də Şamlı bəylə Dəli Həsən, Qurd Cəlillə Dəmirçioğlu,
Bəbir Alayla Eyvaz xan, Şir Vəliylə Koroğlunun qoç balası Həsən
bəy, Sanlı Səmədlə Bəlli Əhməd, Yağıqıranla Tüpdağıdan, Sırt Yusiflə
İsabalı, Şərxata Mədədlə Gürcüoğlu, Dəli Çovdarla Dəli Mehdər,
Cinli Mehdiylə Halaypozan, Aşıq Kəngərlə Aşıq Cünun da yaraladılar
şəhadət barmaqlarını, qatdılar bir-birinə qanlarını. Əlqərəz, can qardaşlığı
Çənlibeldə oldu qan qardaşlığı.
Nigar xanım əlində iki piyalə durdu Koroğlu ilə Giziroğlu Mustafa
bəyin qənşərində. Cəmi Çənlibel xanımları da dayandılar əllərində
piyalə qan qardaşlarının qarşısında. Yox olsun yoxsulluq, Çənlibeldə
yemək-içməkmi yox idi. Dəlilər yedilər, içdilər, damaqlar oldu çağ.
Bəli, Koroğlu gecədən xeyli keçmiş üz tutdu məclisə, dedi:
– Can dəlilərim! Bilin və agah olun. Bu gündən sonra xotkarların,
paşaların, xan-xavanların, paşa-sultanların gözünə yuxu getməyəcək.
İndi gərək biz bəndi-bərələri, keçidləri, suvadları, karvan yollarını
göz bəbəyi kimi qoruyaq. Odu ki, hər bir sərkərin dəliləri ilə ərazisi
bəlli-başlı olmalıdı. Dəmirçioğlu, Qurd Cəlil, Həsən bəy, Sanlı Səməd,
Yağıqıran dəlilərilə Şamlı keçidini – Qanıxlı bərəsini, Sırt Yusif,
İsabalı, Cinli Mehdi, Şərxata Mədəd dəlilərilə Yağı qoruğunu, Eyvaz
xan, Dəli Çovdar, Halaypozan, Tüpdağıdan, Bəbir Alı dəliləriylə
Dardaş keçidini, Şamlı bəy, Dəli Həsən, Adıbəlli, Qorxuqanmaz, Gürcüoğlu
dəliləriylə Sınaq keçidini, Giziroğlu Mustafa bəy, Dəli Mehdər,
Aşıq Kəngər, Aşıq Cünun mənimlə Çardaqlı Çənlibeli quşdan ayıq,
qurddan sayıq qorumalıyıq. Yığışma işarəmiz mənim nərəm, yaxud
Giziroğlunun Haça şeşbəridi.
Əlqərəz, Koroğlu tapşıracağını tapşırmaqda, deyəcəyini deməkdə
olsun, indi alın xəbəri İstanbulda xotkar Muraddan. Xotkar Muradın
qulağı ala-çula çalmışdı ki, aman-zaman bircə bacısı Mahru xanım
Giziroğlu Mustafa bəyə könül verib, bir fürsət axtarır İstanbuldan
yayınmağa. O idi ki, xotkarın kürkünə bərk birə düşmüşdü. Yuxusu
çəkilmişdi ərşi-əlaya. Köpmüş dana kimi tıs-tıs tısqırırdı. Bu tərəfdən
də Koroğlu ilə Mustafa bəyin dəlilərinin Çardaqlı Çənlibeldə qan
qardaşlığı qır saqqız olub yapışmışdı Xotkarın kəlləsinə. Çox götürqoydan
sonra xotkar qərara gəldi ki, məmləkətin paşalarına, sultanlarına,
pəhlivanlarına fərman yazsın.
Əlqərəz, Cəfər paşaya, Ərəb Reyhana, Hasan paşaya, Əhməd
paşaya, Qara paşaya, Davud paşaya, Səlim paşaya, Hüseyn paşaya,
Bürcü paşaya, Abdal paşaya, Bolu bəyə, Qədir paşaya, Ayaz paşaya,
Nəzər paşaya belə bir fərman yazdı: “Möhtərəm paşalar! Sizin hər
birinizin şan-şərəfini Alosmanda yeddi qatar dəvə karvanı çəkə bilməz.
Aslanlar zəhminizdən bəri-biyabanda tük tökür. Xəzinəmizin birillik
gəliri yeddi arxadan dolananızı yağ içində böyrək kimi saxlar. Bir
mehdər gədəsi ilə gizir gədəsi kəsib doqqazınızın çənəsini. Alosmanda
xotkar, paşa, sultan qızı qalmadı. Odu, hamısı çən-çiskinlidə yolkəsənlərlə,
başkəsənlərlə baş qoyublar bir yastığa. Ya gərək başımıza
papaq qoyaq, ya da İstanbul örpəyi. Biz birləşib bu gədələrin əhədini
kəsməsək, onda onlar bizim başımızı kəsəcək. Ya biz ad-sanla yaşa-
malıyıq, ya da ağzımıza yaşmaq almalıyıq. Qırx gündən sonra ramazandı.
Qoşunu səfərbər edin. İnşallah bu ramazanda əlimizə yolkəsənlərin
qanından həna yaxarıq. Kim Koroğlunun başını gətirsə, bacım Mahru
xanım baş yoldaşıdı, Çənlibelə yürüş on beş gündən sonra.
Hörmətlə Xotkar Murad”.
Xotkar fərmanı möhürləyib müşəmbələdi, verdi çaparlara. Çaparlar
üz qoydular Toqata, Ərzuruma, Qarsa, Ruma, Ərzincana, Hələbə, Bağdada,
Taxtı Süleymana, Ağ şəhərə, Vana, Diyarbəkirə, Üsküdara.
Əlqərəz, ağalar yaxşı deyib ki, sirrli söz quyuda da qalmaz. Onu da
deyək ki, xotkarın son günlər vurnuxmasından Mahru xanımın gözü su
içmirdi. Nə isə xotkarın bir ilməsi vardı. Şam süfrəsində Mahru xanım
qəsdən çeçədi, dedi:
– Tacidarım! Dün gecə yuxumda gördüm ki, tacı-taxtın şəfəq
saçır.
Xotkar dedi:
– Yuxun çin olsun, gözümün nuru! İnşallah, bu ramazanda mehdər
oğlunun, gizir gədəsinin qanından əlinə həna yaxarsan. Elə o günü də
sənin baxtın İstanbulda nur saçar. İnşallah onda sənə bir toy edərəm,
səsi Qaf dağını titrədər.
Bəli, nağılçılar sözünü qısa, köhlən mənzilini kəsə edər. Mahru
xanım xotkarın sözlərindən anşırdı ki, qardaşı bu neçə gündə niyə narahatmış.
Mahru xanım orasını da anladı ki, bu günlərdə xotkar Çardaqlı
Çənlibelə qoşun çəkmək istəyir. Mahru xanımı od götürdü. İlan-çayan
çalan yatdı, o yatmadı. Gecə səhərəcən aranı dağa, dağı arana daşıdı.
Kirpik çalmadan açdı sabahın gözünü. Üzünüzə uğurlu sabahlar açılsın.
Mahru xanımın dayəsi içəri girəndə gözlərinə inanmadı, dedi:
– Ömrümün butası, canımın yarısı! Olmasın azar, bu nə halətdi
düşmüsən? Gözlərinə qan sızıb?!
Mahru xanım dedi:
– Aman dayə! Əl mənim, ətək sənin, dərdimə bir əlac.
Mələk dayə dedi:
– Bıy, başıma xeyir, bala! Sənin dərdin gəlsin dayənə. Bəyəm
ölmüşəm, itmişəm. Bu saat Alosmanın loğmanlarını tökərəm buraya.
Mahru xanım baxdı ki, dayəsi mətləbi almadı, dedi:
– Can dayə! Mənim dərdimin əlacı loğmanlıq deyil. Bu bir sirrdi
girib bağrıma. Sirr də ki, sirli qalmalıdı. Mələk dayə ömür görmüş, dünya
yormuşdu. Çox sirrlərin üstündən su içib yola salmışdı. Mahru xanımın
dediyindən anladı ki, bu sirr cavanlıq, xanlıq, sultanlıq sirridi, dedi:
– Ömrüm-ömrünə calansın! Hələ sənin nə yaşındı. Sirr adamı
saraldıb sapa, incildib ipə döndərər. Hər düyünün bir ilməyi, hər sirrin
bir işartısı var. Sən sirrini de, dayən sirr dağarcığıdı. Sirrini mənə də
deməyib, bə kimə deyəcəksən, canım sadağa.
Mahru xanım dedi:
– Canım, gözüm, şirin-şəkər sözüm dayə! Mənə elə adam tap ki,
başını islatsın burda, Çənlibeldə otursun dəllək qarşısında.
Əlqərəz, çox götür-qoydan sonra Mələk dayə dedi:
– Qızım, sənin bu müşkül dərdinin əlacı ancaq Xoca Yaqubdadı.
Bir namə yaz, verərəm Xocaya. Hesabında Xoca Yaqub bu günlərdə
qayıtmalıdı Təbrizə.
Mahru xanım dedi:
– Can dayə! Bu sirri tək göydə ulu Tanrı, yerdə sən bilməlisən.
Mahru xanım qələm, kağız götürüb ürəyindəkilərini, xotkardan
eşitdiklərini üşələdi sətirlərə, müşəmbələyib verdi dayəsi Mələyə.
Bəli, Mələk dayə naməni Xoca Yaquba aparmaqda olsun, alın
xəbəri Xoca Yaqubun kimliyindən.
Ustadların söz-sovuna görə, Xoca Yaqub Təbrizdəndi. İyirmi ildən
artıq idi ki, Təbriz, Dərbənd, Şirvan, Naxçıvan, Gəncə, Tiflis, Toqat,
İstanbul, Hələb, Misir, Şam, Bağdad bazarlarında tacir-tüccarlıq edib,
ad alıb surfa salmışdı. Xoca Yaqub Koroğlu ilə bərk dost olduğundan
Gəncə, Tiflis, Alosman bazarlarına mal çıxarmaq sarıdan beli bərk idi.
Amma Şərul, Dərələz, Çuxur oba, Ağrı, Qars karvan yolu sarıdan
ehtiyat edirdi. Bu karvan yolunun bəndi-bərəsini Giziroğlu Mustafa
bəy kəsmişdi. Quş uçsa qanad, qatır keçsə dırnaq salardı. İllaha da
Şamlı bəylə Cinli Mehdinin əlindən tacir-tüccar, xan-xavan, bəzirganlar
gəlmişdilər cana. Elə ki, düşdün Cinli Mehdinin əlinə, tök
mətahını, qurtar canını.
Əlqərəz, Xoca Yaqub bu dəfə İstanbula karvan qaldıranda oğlu
Pənah qırsaqqız olub əl çəkmədi yaxasından, dedi:
– Ateyi-mehriban! Bu səfərə mən də səninlə gedəcəm.
Xoca Yaqub dünyagörmüş, çox səfərlər yorub yola salmışdı.
Bilirdi ki, Pənah hələ yenicə özünü bozardıb. Bərkə-boşa düşməyib.
Xasiyyəti də tünddür. Dedi:
– Can-ciyərim! Bu dəfə yol uzaq, səfər ağırdı. İnşallah Gəncəyə
gedəndə səni mütləq apararam.
Bəli, Xoca Yaqub dedi, yalvar-yaxar etdi. Amma Pənah
dediyindən dönmədi ki, dönmədi. Dedi:
– Ateyi-mehriban! Sən məndən qızırğalanma. Mən uşaq deyiləm.
Adıma nahaqdan “Qara Pələng” demirlər. Bu dəfə karvanı qaçaqquçaqdan,
haramilərdən özüm keçirəcəyəm. Koroğludu, Giziroğludu
nədi, görərlər ki, analar necə oğullar doğub?!
Xoca Yaqub baxdı ki, ey dili-qafil, oğlunun damarlarında qan
qaynayır. Çox havalıdı. Elə hey qan-qan deyir. Dedi:
– Oğul, bala! Sinəmə bir neçə xanə söz gəlib. Deyim, anlayarsan,
çox yaxşı, anlamazsan öz işindi:
Gözlərimin nuru oğlum,
Yaşın hara, qan-qan hara?
Koroğlu igid dəlidi,
Başın hara, qan-qan hara?
İyidləri sanlı-sanlı,
Hər birisi dəliqanlı,
Əyinləri dəmir donlu,
Huşun hara, qan-qan hara?
Ağqayadan nərə çəkər,
Bəzirganlar malın tökər,
Çox igidlər, dizə çökər,
Yaşın hara, qan-qan hara?
Həsəni fənddi, feilli,
Dəmirçisi dəvə kinli,
Nizələri haça dilli,
Tutun hara, qan-qan hara?
Yaqub Koroğluya qardaş,
Dar günümdə olub sirdaş.
Nərə çəksə, salar təlaş,
Başın hara, qan-qan hara?
Söz tamama yetişdi. Xoca Yaqub dedi:
– Canım oğul! Səni cavanlıq qanın coşdurur. Ticarətdə də sənin
səriştən yox. Oğul, səfər uzun, sənsə naşı. Gəl bu dəfə ətəyindən tök
daşı.
Kimə söz deyirsən?! Ay Qara Pələng başa düşdü ha?! Əlqərəz,
Xoca Yaqub nə qədər yalvar-yaxar etdi, Qara pələng dediyindən dönmədi.
Axırda Xoca Yaqub çarı-naçar verdi razılıq.
Ata, oğul ya mədəd səndən – deyib, karvanı qaldırdı səfərə. Günə
bir mənzil, tey mənzil, az gedib çox gedib az qatdılar gecəni gündüzə.

 

(II hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR