KİV: Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını 4 mln. barel azaltmağa hazırdır
Səudiyyə Ərəbistanı digər neft hasil edən ölkələrlə razılaşmalar çərçivəsində hasilatı gündə maksimum 4 mln. barel azaltmağa hazırdır, lakin yalnız rekord qeydə alınan aprel ayının səviyyəsindən – 12,3 mln. barel.
“APA-Economics”in məlumatına görə, bu barədə “Reuters” mənbəyə istinadən xəbər verir.
Bir gün öncə Rusiyanın Energetika Nazirliyinin nümayəndəsi TASS-a bildirib ki, Rusiya hasilatı 2020-ci ilin I rübünün səviyyəsindən 14% və ya gündə 1,6 mln. barel azaltmağa razılıq verib. Rusiya belə bir addımı ümumi istehsaldakı payının digər ölkələrdə mütənasib azalması halında ata bilər.
Bu gün “OPEC+” ölkələrinin "OPEC+" (Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) nazirləri video-konfrans formatında danışıqlar aparacaq. Konfransda neft istehsal edən ölkələr koronavirus pandemiyası nəticəsində tələbin düşməsi fonunda bazarda mümkün hərəkətləri müzakirə edəcək.
“OPEC+” neft hasilatının azaldılmasına dair razılaşma martın sonunda başa çatıb. Rusiya ilə Səudiyyə Ərəbistanı arasında davam edən əməkdaşlığın şərtləri barədə razılığa gələ bilməyən fikir ayrılıqlarına görə onu uzatmaq mümkün olmayıb. Bundan sonra OPEC ölkələri neft hasilatını artırmağa başladı. Bu zaman koronavirus epidemiyası səbəbindən qlobal neft tələbatı kəskin şəkildə azaldı. Nəticədə, neftin bir barelinin qiyməti son 20 ildə ilk dəfə 22 dollara düşdü. Bu səbəbdən “OPEC+” ölkələri fövqəladə iclas keçirmək qərarına gəldi ki, bu görüşdə neft hasilatının azaldılması müzakirə ediləcək. Aprelin 10-da G20 Energetika nazirlərinin təcili iclası keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət