Slimfit
  1. AZƏRBAYCAN

Kamran Əliyev: “Üzərində xüsusi buraxılış sənədi olmayanlar karantin rejimini pozmuş hesab olunur”

Kamran Əliyev: “Üzərində xüsusi buraxılış sənədi olmayanlar karantin rejimini pozmuş hesab olunur”
Sakura

Kamran Əliyev: “Üzərində xüsusi buraxılış sənədi olmayanlar karantin rejimini pozmuş hesab olunur”

Sumqayıtdan Bakı istiqamətinə gedən avtomobillər polis əməkdaşları tərəfindən saxlanılıb. Nəticədə Bakı-Sumqayıt yolunun paytaxt istiqamətində nəqliyyatın hərəkəti iflic olub.

Oxu.Az xəbər verir ki, mövcud vəziyyətlə bağlı videogörüntülər sosial şəbəkədə paylaşılıb. Görüntülərdə Masazır dairəsindən başlayan tıxacın “Ekologiya postu” deyilən əraziyə qədər davam etdiyi görünür.

Məsələyə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Oxu.Az-a açıqlamasında münasibət bildirib:

“Günlərdir kütləvi informasiya vasitələrindən əhaliyə müraciət olunur. Zərurət olmadan evdən çıxmamaq, şəxsi avtomobillərdən istifadə etməmək tövsiyə edilir. Lakin əhalinin böyük hissəsi mövcud vəziyyətin ciddiliyini başa düşmür. Xüsusi karantin rejimində bu qədər nəqliyyat vasitəsinin gediş-gəlişinə icazə verilsə, yoluxma halları daha da artacaq. Bu gün son məlumatlara görə, daha 61 nəfərdə koronavirus aşkar olundu.

Bakı-Sumqayıt yolunda sıxlıq yaradan insanlar düşünsün ki, iki dəqiqə ərzində yollarda nə qədər nəqliyyat vasitəsi yığılır. Onların hamısı zərurətdəndirmi? Bu qədər insanlar həyati vacib olan sahələrdə çalışır? Təəssüf ki, xeyr. Karantin rejiminin qaydalarına ciddi yanaşılmalıdır”.

K.Əliyev onu da qeyd edib ki, xüsusi karantin rejiminə riayət etməyən şəxslər qanunvericiliyin tələblərinə uyğun olaraq, məsuliyyətə cəlb olunacaqlar:

“Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən, xüsusi rejim dövründə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələri, eləcə də həmin sahələrdə çalışan şəxslər, təxirəsalınmaz tibbi yardıma zərurət olan, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yaranan məqamlar istisna olmaqla, digər hallarda yola çıxan nəqliyyat vasitələri geri qaytarılır.

Həyati əhəmiyyətli sahələrdə çalışan şəxslərdən isə xahiş olunur ki, mütləq şəkildə üzərlərində şəxsiyyəti təsdiq edən sənəd, çalışdıqları müəssisələrə aid vəsiqə və rəhbərlik tərəfindən həmin xidmətdə işlədiyinə dair müvafiq arayış olmalıdır. Həmin an polis əməkdaşı dəqiqləşdirə bilməz ki, şəxs hazırda həmin yerdə çalışır, yoxsa yox. Rəhbərlik tərəfindən verilən müvafiq sənəd mütləq olmalıdır. Əks təqdirdə, həmin şəxs və ya şəxslər karantin rejimini pozmuş hesab olunurlar.

Eyni zamanda, polisin xəbərdarlığına məhəl qoymayan, karantin rejimini pozmağa cəhd edən şəxslər qanunvericiliyin tələbinə uyğun olaraq, məsuliyyətə cəlb olunacaqlar”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR