Slimfit
  1. AZƏRBAYCANLI

İzi qalan xanım…

İzi qalan xanım…
Sakura

İzi qalan xanım…

Bu gün şərait o qədər yaxşılaşıb ki, biz ölkənin bu başından o başına avtomobillə bir günə, təyyarə ilə bir-iki saata gedə bilərik. Ağlımıza da gəlmir ki, bu nəqliyyat vasitələrini bizim üçün icad edən, onların hərəkətə gəlməsindən ötrü yanacağı düşünüb ərsəyə gətirən əbədi rəhmət qazanan insanlar olub.
Haqqında söhbət açamaq istədiyim Natella Kazımova da həmin insanlardan biri idi. Onun nə vaxtsa yaratdığı yüksək temperaturda işləyən antioksidantlar müasir aviasiya mühərrikləri üçün ən qiymətli tapıntı olub. Sovet dövründə patentləşdirilən bu tapıntı aviasiyasiyada hələ də tətbiq olunur...

Onun gənc elmi kadrların hazırlanmasında da xidmətləri az olmayıb. Yetişdirdiyi aspirantlar, elmlər namizədləri və elmlər doktorları bu gün də Natella xanımı ehtiramla yad edirlər. Onun elmi ixtiralarından ilhamlanaraq, Azərbaycanda kimya elminin inkişafı sayəsində uğurla çalışırlar...

Natella xanım 1939-cu ildə Bakı şəhərində dünyaya gəlmişdi. Atası Mirsaleh Kazımov Tbilisi Tibb İnstitutunda ali təhsil alan ilk azərbaycanlı baytar həkimlərindən biri olub. Anası Xanımana Kazımova Azərbaycan Tibb Universitetinin ən parlaq məzunlarından olaraq, ölkənin aparıcı farmaseptlərindən biri idi. O, qırx ilə yaxın Neftçilər Xəstəxanasınının aptekinə rəhbərlik edib. 
Ailədə üç övladın ən böyüyü olan Natella xanım 1957-ci ildə orta məktəbi qızıl medalla bitirib. Eyni zamanda 2 saylı musiqi məktəbində piano sinfində təhsil alıb. Musiqi məktəbində oxuduğu vaxtlar caz ustası Vaqif Mustafazadə ilə tanış olaraq, onunla bərabər uşaq musiqi məktəblərinin konsertlərində iştirak edib. 


Ömrünün son günlərinə qədər pianoya, musiqiyə böyük marağı vardı. Tez-tez konsertlərə gedər, asudə vaxtlarında evdə piano çalardı. Fəqət, ailədə mövcud olan təbiət elmlərinə maraq onun kimyaçı olmasına səbəb oldu...

Beləliklə Natella xanım 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini fərqlənmə diplomu ilə bitirərək, elmi fəaliyyətə başlayır. 1969-cu ildə namizədlik, 1993-cü ildə isə doktorluq dissertasiyasını müdafiə edir. 1967-ci ildən 2012-ci ildə dünyasını dəyişənə qədər Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda çalışır, 2005-ci ildə professor elmi adına layiq görülür...

Neft-kimya elminin sözün əsil mənasında vurğunu idi, Natella xanım. Azərbaycanda, Rusiyada və Avropada dərc olunan 150-də çox elmi əsərin, o cümlədən 65 müəlliflik şəhadətnaməsinin və 6 patentin müəllifi olmuşdu. Onun beynəlxalq konfranslarda elmi məruzələri böyük əks-sədaya yaradır, dünyanın aparıcı mütəxəssislərin diqqətini cəlb edirdi. Elmi araşdırmalarında dəqiqliyi və ciddiliyi sevən Natella xanım, eyni zamanda araşdırdığı elmi məsələlərə xüsusi yaradıcılıqla yanaşırdı. Onların qeyri-adi, standartlardan uzaq həllini tapırdı. Sözün əsl mənasında ziyalı idi. 
Bu qədər elmi ixtiralara imza atan, elm sahəsində misilsiz xidmətləri olan görkəmli alim, həm də olduqca məsuliyyətli və təvazökar insan olub. Həmkarlarının, onunla ünsiyyətdə olan insanların sözlərinə görə çox xeyirxah, alicənab xanım idi, ətrafına sanki nur saçırdı. Onu əhatə edən insanlara böyük rəğbət və ehtiramla yanaşırdı...

Görkəmli alim həm də gözəl ana və həyat yoldaşı olub. Ömür-gün yoldaşı, Dövlət Mükafatı laureatı, uzun müddət Azon zavodunun baş mühəndisi vəzifəsində çalışan, mikroelektronika üzrə tanınmış mütəxəsis Nemət Hüseynovdur. Oğlu Emin Hüseynov Azerbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti, bir sıra kitab və elmi məqalələrin müəllifidir. Çalışdığı ali məktəbin beynəlxalq əlaqələrinin inkişafında aparıcı rol oynayan mütəxəssislərdəndir. Qızı Aida Hüseynova isə Bakı Musiqi Akademiyasının professorudur. Hazırda ABŞ-nın İndiana Universitetində dərs deyir, musiqi ilə bağlı beynəlxalq əhəmiyyətli layihələrin iştirakçısıdır...

Deyirlər ki, ömür çox qısadır, onun hər anı yaşandıqca tarixə çevrilir. Və bir gün bütün bunların sonu gəlir, insan dünyasını dəyişir. Lakin hər kəsin bu dünyada izi qalır. Sözləri, əməlləri xatirələrdə daim yaşayır. Axı hər bir insan onu tanıyanların sonuncu nəfəri dünyadan köçəndən sonra ölür...

Bəli, Natella Kazımovanın əziz xatirəsi onu tanıyanların yaddaşında həmişə yaşayacaq və onun həyatı, insani keyfiyyətləri, elmi nailiyyətləri həmkarları, dostları, doğmaları üçün örnək olacaq.
Yaşasaydı bu il 80 yaşı tamam olacaqdı. Qoy, ehtiramla qələmə alınan bu yazıdakı kəlmələrin hər biri rəhmətə çevrilib yubiley ilində onun ruhuna qovuşsun!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR