İtin dişlədiyi uşaq həkimə görə ölüb? - Ekspert
Çox güman ki, ötən gün it dişləməsi nəticəsində ölən Masallı rayon sakini 4 yaşlı Əliheydər Xamıyevə peyvənd elə mərhələdə vurulub ki, artıq onun heç bir köməyi olmayıb.
Bu sözləri Axar.az-a açıqlamasında tibb eksperti Adil Qeybulla deyib. O bildirib ki, həmin uşaq və onu dişləyən it müşahidə altında saxlanılmalı idi:
“Əliheydər Xamıyevə vaxtında vaksin vurulmalı idi. Uşağın ölüm səbəbi valideynin vaxtında həkimə müraciət etməməsi və ya müraciət edilən xəstəxanada quduzluq əleyhinə vaksinin olmaması ola bilər. Əgər Əliheydər Xamıyev aparıldığı xəstəxanada quduzluq əleyhinə vaksinin olmaması səbəbindən vaksin gec vurulduğu üçün ölübsə, burada səhiyyə sistemi günahkardır. Lakin ola bilər ki, valideyn də uşağı xəstəxanaya gec çatdırıb.
Uşağa profilaktik olaraq ilk dəqiqələrdə quduzluq əleyhinə vaksin vurulmalı və uşaq, onu dişləyən it müşahidə altında olmalı idi. Daha sonra bu vaksinlərin birinci, yeddinci gün və bir də 20 gündən sonra vurulması lazım idi. Uşaqda və ya heyvanda hər hansı əlamətlər ortaya çıxdıqda isə vaksinin vurulma dozası və tezliyi dəyişdirilməli idi. Gecikəndə müalicə effekt vermir. Çünki əlamətlər üzə çıxdığı vaxt virus artıq öz işini görür və onunla mübarizə aparmaq nəticə vermir”.
Qeyd edək ki, ötən gün Masallı rayon sakini 4 yaşlı Əliheydər Xamıyev it dişləməsi nəticəsində ölüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət