Slimfit
  1. MARAQLI

İtalyanca necə sevgi dilinə çevrilib?

İtalyanca necə sevgi dilinə çevrilib?
Sakura

İtalilyalılar gözlərinə yaxşı görünən hər şeyi bello (gözəl) deyə tərif edirlər

İtalyan dilinin tərzi və lüğəti, yazıçı və şairlərin əsrlərə dayanan gözəllik və sevgi təranələri əsasında formalaşıb

Bu yaxınlarda yenə başıma gəldi. ABŞ-da yaşadığım şəhərin küçələrindən birində gəzişirdim və birdən qulağıma italyanca danışan bir cütlüyün səsi gəldi.

Tələsib onlara tərəf getdim ki, daha yaxında yeriyib, qulaq müsafiri ola bilim. Onların danışığından belə başa düşdüm ki, evlərini yenidən təmir etməyi planlaşdırırlar.

Heç də lətafətli söhbət deyildi. Amma, sözlər o qədər gözəl səslənirdi ki, gözümdən yaş süzüldü.

Eyni göz yaşları Florensiyada iki il yaşadıqdan sonra, Amerikaya qayıdarkən də məni müşayiət etmişdi.

Niyə mənim şəhərimdə gözəllik bu qədər diqqətdən kənarda qalır?! İtalyanlar gözlərinə yaxşı görünən hər şeyi bello (gözəl) deyə tərif edirlər. İtaliyada gözəllik birinci gəlir.

Heç italiyalıların özləri də geri qalmırlar.

Bu coşqun dil səni elə şirnikləşdirə bilər ki, onun xətrinə həyatını da dəyişə bilərsən. Bəziləri İtaliyaya tərk edilmiş ferma evlərini yenidən bərpa etmək həvəsi ilə köçür.

Bəziləri sinif otağına oturub qəribə səslənən sözləri tələffüz etməyə can atırlar (dil karıxdıran və 'kişilər' mənasına gələn uomini sözü kimi).

Bəziləri isə saatlara davam edən operalarda oyaq qalmağa çalışırlar. Və bunlar heç də təsadüfi deyil. İtalyan dili məftunedici, cəzbedici və valehedicidir.

Çünki, bu dil, ölkədə iz buraxan şairlər - rəssamlar tərəfindən yaradılıb.

Geosiyasət İtaliyaya unikal tarix bəxş edib. Qərbi Avropadakı Fransa və İspaniya kimi həmkarları ilə müqayisədə, ölkə daha gec birləşib - 1861-ci ildə.

1950-ci illərə, yəni televizorun daha ümumi anlayış olduğu dövrə qədər, əhalinin 80%-nin ana dili dialektləri olub.

İtaliyanin Birləşmiş Millətlərdəki daimi nümayəndəsi və tərcüməçi Michael Moore Francis belə deyir.

"İspaniya və Fransa daha tez birləşdiyinə görə, onların dilləri dövlət və administrativ dil sayılırdı... İtalyanca isə daha çox ədəbi dil hesab olunurdu," o deyir.

Yüz illər boyu indi tanıdığımız İtaliya, krallıqlara bölünmüş halda olub və rəsmi və administartiv dilə malik dövləti olmayıb.

Nəticədə italyanca, özlərini yaradıcı yolla ifadə etməyi seçən insanlar tərəfindən yaranıb. Onun tərzi və lüğəti, yazıçı və şairlərin əsrlərə dayanan gözəllik və sevgi təranələri əsasında formalaşıb.

Amma, hər regionun öz dialekti olub: Piedmontez, Romanesko, Neapolitan, Siciliya, Lombardo bunlardan bəziləridir.

Lakin, daha çox üstünlük təşkil edən Toskaniya olub.

İtalyanca məftunluq və cazibə ilə dolu ehtiraslı bir dildir

 

Bəlkə də bu heç təsadüfi deyil. Toskaniya öz təpələri, üzüm bağları və çay vadiləri ilə İtaliyanın ən gözəl hissələrindən biridir.

Bura İntibahın beşiyidir və dil, incəsənət, dəb və turizmin mərkəzi olmaqda davam edir. Mən regionun paytaxtı Florensiyada yaşayan zaman yerli dostlarımdan öyrənmişdim ki, Toskaniya ləhcəsi onlar üçün qürur mənbəyidir.

Uzun və həzin yay axşamlarında şəhərin ən tanınmış şairi Dante Alghierinin heykəlindən azca aralıda yerləşən kafedə onların Hoca Hola (Coca Cola əvəzinə) sifariş etdiyi günləri unutmaq qeyri-mümkündür.

İtalyan dilinin inkişafında Alighierinin əvəzsiz rolu olub.

1265-ci ildə Florensiyada (evi hazırda muzeydir) dünyaya göz açan şair, klassik inci sayılan İlahi Komediyanın müəllifidir.

Poemada cəhənnəmdən başlayan, ərafdan keçən və cənnətdə bitən bir səyahət təsvir olunur. Onu bu yolda ideal qadın hesab etdiyi Beatrice müşayiət edib.

Mükəmməl bir əsər ərsəyə gətirməklə yanaşı Dante, yerli Toskaniya ləhcəsində yazaraq dövrü üçün radikal bir addım atmışdı.

O zaman ali təhsilli kübarlar, latın dilinə üstünlük verirdilər. O, hətta seçimini De Vulgari Eloquentia (Ana Dilinin Bəlağəti Haqqında) əsərində müdafiə edib.

Özündən sonra isə Dante, yaddaşlarda region və dilin müdafiəçisi kimi qalıb.

İtaliyalı şair Dante Alighieri İlahi Komediya əsərini Latın dili əvəzində yerli Toskaniya ləhcəsində yazıb

 

Onun əsərlərinə qarşı olan diqqət isə heç zaman səngiməyib. Buna görə də səyahətçilər Florensiyaya daha çox axışırlar.

Şəhər onunla doludur: dünyaca məşhur Uffizi Muzeyində ucalan əzmli heykəli, Piazza Sante Corcedə yerləşən başqa bir heykəli. Abidələr sanki yuxarıdan insanları izləyir.

Dante İtaliyanın ən məşhur yazıçısı olsa da, italyan dilini indiki şəklə salan sima tək o deyil.

Francesco Petrarca (və ya Petrarch) 1304-cü ildə Toskaniyanın Arezzo qəsəbəsində dünyaya göz açıb. Bəzən Humanizmin banisi də adlandırılan Francesco, əksər sevgi şeirlərini yerli Toskaniya italyancasında qələmə alıb.

Eləcə də onun florensiyalı müasiri, dostu və Dekameron əsərinin müəllifi Boccaccio. Petrarch istəyirdi ki, onun əsərlərini bir çoxu anlasın.

O həmçinin, İtaliyanın nüfuzunu artırmaq və italyan dilinin intellektuallar və rəssamlar üçün hələ də standart dil sayılan Latından heç də geri qalmadığını sübut etmək istəyirdi.

"O, italyan dilinin [latın dili kimi] klassik dillər qədər ali olduğunu sübut etməyə çalışırdı," Francis deyir.

"Və bu səbəbdən o, çətin və əsilzadə bir üsuldan istifadə edirdi."

Francis-ə görə, Petrarch-ın əsərləri hazırda bir az formal səslənsə də, lakin I Elizabeth-in dövründə insanlar onun əsərlərinə dəlicəsinə aşiq olublar. Heç təsadüfi deyil ki, Shakespeare-in- uzun poetik monoloqlu və aşiq baş qəhrəmanlı - Romeo və Juliet əsərindəki hadisələr, İtaliyada cərəyan edib.

İndi Petrarch-ın şeirlərini çox oxuyan olmasa da, 15-ci əsrdə Pietro Bembo adlı venesiyalı bir nəfər qərara alır ki, Petrarch-ın dili ən zərif italyancadır və dünyanın ən böyük ədəbi dilləri sırasında yer almalıdır.

Bembo özü də şair idi və Toskaniya italyancasını sevən güclü və aristokrat bir ailədən gəlirdi. O, Romada Papa X Leo-un katibi olur və sonralar kardinal dərəcəsinə yüksəlir. Petrarch-ın ali italyan poeziyası onu həvəsə gətirmişdi.

Mütəxəssislərə görə, italyancanı cazibədar edən onda gizlənən 'nəğmədir'

 

Bembo, divarlarla əhatəli orta əsr şəhəri Urbinoda (hazırda Unesco Dünya İrsinə daxildir) yaşadığı zaman ən məşhur əsəri Prose della Volgar Lingua-nı (Ana Dili Haqqında Müzakirələr) qələmə alır.

Burada o, latın dilinə bərabər dərəcədə gözəl və səlis italyanca yazmaq haqqında söz açır. O, 14-cü əsr Toskaniyanı bir model və Petrarch-ı bu işi ən yaxşı bacaran yazıçı kimi göstərir.

"Bembo səsə bələd idi və Petrarch kimi şairlərin dilindəki misalları bəyənirdi. O, əsərin keyfiyyətindən söz açır və 'yüngül' və 'ağır' səslər arasındakı mükəmməl balansı tapmaq haqqında danışırdı," Francis deyir.

"Bembo-un işi, İtaliyada hazırda danışılan dilin formalaşmasında böyük rol oynayıb."

Bəzi dilçilər təklif edirlər ki, ingilisdilli insanların italyan və fransız və ispanca kimi romantik dillərə meyli, onların alışdıqları ton və səsləri tanımalarından irəli gəlir. Amma, London Kollec Universitetindən nitq, eşitmə və fonetik elmlər üzrə müəllim Dr. Pratti Adank düşünür ki, italyancanı cazibədar edən sözügedən 'nəğmədir'.

İtalyan dilində saitlərlə bitən sözlər çoxluq təşkil etdiyinə və samitlərin ardıcıl gəldiyi çox az söz olduğuna görə açıq səs əmələ gəlir və bu da onu ifa üçün əlverişli edir.

Və ya Müqəddəs Romanın imperatoru V Charles-in dediyi kimi, "Mən Allahla ispanca, qadınlarla italyanca, kişilərlə fransızca və atımla almanca danışıram."

Əlbəttə ki, Francis, Toskaniya nüfuzunun italyan dilinin episentri olması faktının yüz illər sonra 'təbliğat' olduğunu təsdiq edir. Milan kimi başqa şəhərlər Florensiyanı ticarət və məşhurluqda ötüb keçməyi bacarıblar.

Bir çox şəhərlər turizmə bel bağladıqları halda, Florensiya məşhurluğunu tarixinə borcludur.

Alessandro Manzoni kitabını bitirməmişdən öncə deyib ki, onun dilini Arno çayında yumalıdır

 

İtalyan dilində yazılan ilk romanın müəllifi və müasir italyancanın pionerlərindən olan Alessandro Manzoni, 1827-ci ildə I promessi sposi (Nişanlılar) əsərini bitirməmişdən öncə Florensiyaya gedib kitabın dilini Arno çayında 'yuyacağını' deyib. Arno çayı şəhəri iki hissəyə ayırır.

Xoşbəxtlikdən turistlər hələ də, həm Toskaniya həm də regional (xüsusilə cənubda) dialektləri eşidə bilərlər.

Onlar ənənəvi italyancadan çox fərqlidir. Toskaniyadan uzaqlaşdıqca eşitdiyin ləhcələrdə yunan, ərəb, ispan, fransız və hətta, yəhudi dilinin təsirini görmək mümkündür.

Nə yaxşı ki, bello hər yerdə keçərlidir.

 

Mənbə: BBC Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR