İtaliyanın kütləvi informasiya vasitələri Ermənistanın Azərbaycana qarşı son hərbi təcavüzündən yazırlar
İtaliyanın “Kmetro”, “Il Tempo”, “Politicamente Corretto”, “Libero Quotidiano”, “Agenzia Nova”, “Askanews”, “Notizie Yahoo”, “Fortuneita”, “Maximitalia”, “Agenzia Stampa Italia”, “Adnkronos”, “Radioveronicaone”, “Sardegnagol”, “Notizie Geopolitiche” və sair kütləvi informasiya vasitələrində Azərbaycanın İtaliyadakı səfirliyinin mətbuat açıqlamaları əsasında 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatları barədə çoxsaylı məlumatlar dərc olunub.
Ens.az AZƏRTAC-a istinadən xəbər verir ki,məlumatlarda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin hadisələrlə bağlı Azərbaycan xalqına müraciətinə geniş yer verilib.
Yazılarda 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atması, mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananların olması, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan vurması qeyd olunur.
Məlumatlarda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirlərini həyata keçirdiyi əksini tapıb.
Mətbuatda gedən yazılarda 27 sentyabr tarixində Ermənistanın Azərbaycana qarşı yeni təcavüz aktının son aylar ərzində Ermənistan tərəfinin təxribatlarının, eləcə də Ermənistan rəhbərliyinin təhrikçi bəyanatları və fəaliyyətinin davamı olduğu bildirilir.
Məqalələrdə eləcə də 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Azərbaycanın Naftalan rayonunun Qaşaltı kəndinin sakini 1951-ci il təvəllüdlü Qurbanov Elbrus və onun dörd ailə üzvü - 1956-cı il təvəllüdlü Qurbanova Şəfayət, 2006-cı il təvəllüdlü Qurbanova Fidan, 2007-ci il təvəllüdlü Qurbanov Şəhriyar və 1981-ci il təvəllüdlü Əmirova Afaqın həlak olması, Ermənistan tərəfinin Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozması qeyd olunur.
Oxucuların diqqətinə çatdırılıb ki, 28 sentyabr 2020-ci il tarixində səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tərtər şəhərinin intensiv atəşə tutulur, düşmən qüvvələri şəhərin mülki şəxslərini və obyektlərini məqsədyönlü şəkildə hədəfə alır, Tərtər şəhərinin dinc sakinlərini atəşə tutmaqla, mülki insanlara qarşı terror vasitələrindən istifadə edir və növbəti dəfə beynəlxalq humanitar hüququ kobudcasına pozduğunu nümayiş etdirir.
Ermənistanın yeni təcavüz aktına cavab olaraq əks-hücum tədbirlərini həyata keçirən Azərbaycan Silahlı Qüvvələrinin mülki əhaliyə, qadınlara və uşaqlara qarşı müharibə aparmadığını bəyan edərək, əks həmlələrini məhz beynəlxalq humanitar hüquq çərçivəsində həyata keçirdiyi qeyd olunur. Ermənistan tərəfinin beynəlxalq hüquqa zidd addımlarının isə bu ölkənin yeni təcavüz planlarına nail olmaq üçün bütün vasitələrdən, o cümlədən müharibə cinayətləri kimi tövsif olunan əməllərdən də istifadə etdiyini nümayiş etdirdiyi bildirilir.
Yazılarda Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyevin, Xarici İşlər Nazirliyinin müvafiq mətbuat bəyanatları, eləcə də İtaliya parlamentinin üzvü olan, İtaliya Parlamentində Azərbaycan-İtaliya Parlamentlərarası Dostluq Qrupunun sədri, İtaliya Senatının Xarici əlaqələr daimi komissiyasını üzvü, “Liqa” partiyasından olan senator Stefano Lucidi, İtaliya Parlamentində İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının sədri, “Liqa” partiyasından olan deputat Rossana Boldi, İtaliya Senatının xarici əlaqələr daimi komissiyasının üzvü, iqtidar “5 Ulduz Hərəkatı” partiyasından olan senator Canluka Ferrara, İtaliya Senatında “İrəli İtaliya” siyasi qrupunun sədr-müavini, Azərbaycan-İtaliya Parlamentlərarası Dostluq Assosiasiyasının sədr-müavini, senator Maria Rizzotti, İtaliya Senatının “Yaşasın İtaliya” partiyasından olan üzvü, senator Mauro Marinonun Azərbaycanın haqlı mövqeyinə münasibətdə ifadə etdikləri dəstək açıqlamaları da əks olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət