İtaliya tənha yaşayan insanlar ölkəsinə çevrilir
İtaliyada tənha yaşayan insanların sayı artıb, yeni doğulan körpələrin sayı azalıb, insanların ömrü isə uzanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Milli Statistika İnstitutunun (İSTAT) illik hesabatında məlumat verilir. İSTAT-ın 2016-cı il üzrə hesabatının daha təəccüblü cəhəti isə ölkədə daha çox insanın tək yaşamasıdır. Bu ölkədə tənha yaşayan insanların sayı 20,5 faizdən 31,6 faizədək artıb, beş və ya daha çox nəfərdən ibarət olan ailələrin sayı isə 8,1 faizdən 5,4 faizədək azalıb. Ölkədə doğum səviyyəsinin aşağı düşmə tendensiyası davam edir. 2016-cı ildə doğulan uşaqların sayı əvvəlki illə müqayisədə 12 min 342 nəfər azalıb.
Hesabatda bildirilir ki, Avropada ən aşağı doğum səviyyəsi də məhz İtaliyadadır. Bu ölkədə hər qadına orta hesabla 1,35 uşaq düşür. Eyni zamanda, İtaliyada insanlar daha uzun ömür sürürlər. Burada orta ömür müddəti kişilərdə 80,6 il, qadınlarda isə 85,1 il təşkil edir.
İtaliya əhalisinin 8,3 faizi əcnəbilərdir.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət