Slimfit
  1. CƏMİYYƏT

İt dişləmələri: valideynlər nələrə diqqət etməlidir?

İt dişləmələri: valideynlər nələrə diqqət etməlidir?
Sakura

İt dişləmələri: valideynlər nələrə diqqət etməlidir?

Professor: “Bir dəfə iynə vurulması ilə iş bitmiş sayılmır, valideynlər son dərəcə diqqətli olmalıdır...”
 
Bakının Qala qəsəbəsində 4-cü sinif şagirdinin it dişləməsindən sonra dünyasını dəyişməsi, sahibsiz itlər və onlarla davranış məsələsini yenidən gündəmə gətirib. Əvvəlcə məlumat üçün qeyd edək ki, Xəzər rayonu Qala qəsəbəsi Xaşaxuna yaşayış massivində it dişləməsi nəticəsində dünyasını dəyişən 4-cü sinif şagirdi Ömər Poladovun valideynləri həkimləri məsuliyyətsizlikdə ittiham ediblər.
 
Valideynlərin iddiasına görə, Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasının həkimləri burada uşağa bir iynə vurmaqla kifayətlənərək daha sonra türkəçarə yolu ilə müalicə məsləhət görüblər. Onların sözlərinə görə, sözügedən xəstəxanada bir iynə vurduqdan sonra məsləhət görülüb ki, it dişləyən yeri sabunla yusunlar. Məsələ ilə bağlı xəstəxananın qəbul şöbəsindən isə bildiriblər ki, valideynlərin ittihamı əsassızdır. Burada vurulan iynədən sonra valideynlərə növbəti müalicə üçün poliklinikaya getmələri bildirilib.
 
Valideynlər isə məsuliyyətsizlik edərək getməyiblər. Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin açıqlamasında da 10 yaşlı uşağın ölümünə səbəb kimi valideyn məsuliyyətsizliyi göstərilir. Qeyd olunur ki, uşağın valideynlərinə dəfələrlə digər iynələrin vurulmalı olduğu izah edilib. Valideynlər isə iki dəfə yaşayış üzrə poliklinikada iynə vurdurmaqla kifayətləniblər: 
 
“4-cü sinif şagirdi Ömərov Polad ötən il dekabr ayının 29-da saat 12:30-da 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. İt dişlədiyi yara cərrahi işlənib, antirabik vaksin vurulub və qohumlarına izah olunub ki, poliklinikaya müraciət etsinlər, eləcə də yaralıya digər iynələr vurulsun. Hadisə barədə Xəzər Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə və 26 saylı poliklinikaya məlumat verilib. Uşağın valideynlərinə dəfələrlə izah edilib ki, mütləq qaydada digər iynələr vurulmalıdır. Aldığımız məlumata görə, iki dəfə iynə vurdurublar, daha sonra isə poliklinikaya getməyiblər”, -deyə məlumatda bildirilib.
 
Təkcə Qala qəsəbəsi deyil, bu gün Bakının mərkəzi küçələrində də sahibsiz itlərin sayı kifayət qədərdir. Havanın qaranlıq çağlarında küçə itləri sürü ilə gəzir, ətrafdan keçənlərə hürür, bəzi hallarda isə hücum edirlər. Əgər itlərin içərisində quduzu varsa, o zaman bu xəstəlik dişlədiyi adama da keçir. Səhiyyə Nazirliyinin məlumatına görə, 2019-cu ilin ilk üç ayı ərzində ölkədə beş min insanı it dişləyib, 2018-ci ildə isə bu cür halların sayı 20 mindən çox olub. Bu, onu göstərir ki, vəziyyət kifayət qədər ciddidir.
 
Bəs it dişləyən zaman nə etmək lazımdır ki, belə faciəvi sonluq olmasın?
 
Mövzunun aktuallığını nəzərə alaraq bildirək ki, quduzluq xəstəliyi təkcə itdən deyil, digər heyvanlardan, o cümlədən xəstəliyə yoluxan pişiklərdən, canavardan da keçə bilər. Heyvan dişləməsindən sonra dərhal yaranın yuyulması, təmizlənməsi, zərərçəkənin həkim-infeksionistə gətirilməsi və təcili surətdə quduzluq əleyhinə vaksinin vurulması lazım gəlir. Quduzluq xəstəliyinə yoluxan insana vaksin vurulmadığı təqdirdə onda quduzluq əlamətləri hiss edilir. Bu əlamətlər hiss edildikdən sonra vaksinin heç bir köməyi olmur və xəstə ölür. Buna görə də dərhal reaksiya lazımdır. Həkimlər valideynlərə çağırış edərək bildirirlər ki, övladlarını it dişləyən zaman məsuliyyətli olub 28 gün ərzində vurulması lazım gələn vaksinləri vurdurmalıdırlar.
 
“Yeni Müsavat”a danışan professor Adil Qeybulla bildirdi ki, istənilən halda quduz itlərin hücumuna hər kəs məruz qala bilər: 
 
“Bir zamanlar Bakıda hətta Bulvar ərazisində də sahibsiz itlər həddindən artıq artmışdı. Bu, sahibsiz heyvanların mühafizəsi ilə bağlı atılan addımın nəticəsi idi. Ancaq hazırda aparılan qısırlaşdırma işləri ilə bağlı şəhərdə vəziyyət bir qədər fərqlidir. İt dişləyən zaman birinci addım kimi xəstəxanaya müraciət etmək lazımdır. Xəstəxanada quduzluq əleyhinə vaksin vurulur. Bu, profilaktik tədbirdir. Yəni orqanizm bu xəstəliyə qarşı mühafizə qazanır. Vaksin vurulduqdan sonra həmin xəstə müşahidə altına alınmalıdır. Əgər bir müddət sonra kliniki əlamətlər aşkar edilirsə, o zaman müalicə dozasına keçilir. Profilaktik doza birinci, yeddinci və 28-ci gün vurulur. Bu, profilaktik dozadır. Müalicə dozası isə, təbii ki, artıqdır. Əgər hansısa problem olarsa, bu, ciddi nəzarətdə saxlanılır. Qeyd etdiyim məsələlərə mütləq riayət edilməlidir. Çünki hansısa kiliniki əlamətlər baş verərsə və vaksin də zamanında vurulmasa, sonradan kömək etmək mümkün olmayacaq”.
 
A.Qeybullaya görə, bu cür hallarda valideynlər son dərəcə diqqətli olmalıdır: 
 
“Valideyn bilməlidir ki, uşağı it dişləyibsə, ona vaksin vurulmalıdır. Bir dəfə iynə vurulması ilə iş bitmiş sayılmır. Qeyd etdiyim kimi, bu, diqqətdə saxlanılmalı və dəyişikliyə uyğun olaraq müalicə də təyin edilə bilər. Ağırlaşma olmadığı təqdirdə isə, profilaktiki dozalar vurulmalıdır. Poliklinikalarda belə iynələr olmalıdır. Əgər iynələr vurulmasa, 40 gün sonra xəstəlik pik həddə çatır və bundan sonra xəstəni xilas etmək mümkün olmur. İt dişləməsi nəticəsində dərinin tamlığı pozulur, yumşaq toxumaların deşilmiş və cırılmış yarası əmələ gəlir. İtlərin ağzında çoxlu xəstəlik törədən mikroblar, tetanus xəstəliyi törədiciləri və quduzluq virusları olur. İt dişləyən zaman itin tüpürcəyi ilə birlikdə həmin mikroblar yaraya düşür və ardınca da qana keçir. Virus bədənə düşdükdən sonra çoxalmağa başlayır, xüsusilə sinir hüceyrələrinin zədələnməsi baş verir. İnsanlarda sudan qorxma, işıqdan qorxma əlamətləri olur. Getdikcə beyin pozuntuları və sinir impulslarının pozulması baş verir və insan boğulmadan, qırtlaq bölgəsində qıcolmalardan dünyasını dəyişir”.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR