“İşsizin DOSTu” proqramı çərçivəsində indiyədək 38 min nəfər işlə təmin olunub
Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan və qısa ərzində fəaliyyət göstərən “İşsizin DOSTu” proqramı haqqı ödənilən ictimai işlərin təşkilinin sistemli və şəffaf şəkildə həyata keçirilməsi və genişləndirilməsinə xidmət edir. Əsasən bölgələrdə tətbiq olunan layihənin əsas məqsədi isə işsizlərin müvəqqəti məşğulluğunu təmin etməkdir.
AZƏRTAC xəbər verir ki, həmin proqrama uyğun olaraq yerli icra orqanları və təşkilatlar gündəlik həyata keçirdikləri işlərdən əlavə olaraq xüsusi ixtisas və peşə qabiliyyəti tələb etməyən ictimai faydalı işlər təklif edirlər.
Bu ilin yanvarından fəaliyyət göstərən layihə çərçivəsində İndiyədək ölkəmizin 68 rayonundan işsiz 36 mindən çox vətəndaş özünə iş tapa bilib. İlin sonunadək proqrama uyğun olaraq daha 38 min vətəndaşın işlə təmin olunması üçün tədbirlər görüləcək.
Hər bir işsiz vətəndaş qeydiyyatda olduğu rayon məşğulluq idarəsinə müraciət edir və orada qeydiyyatdan keçir, bundan sonra onun barəsində olan məlumatlar DOST mərkəzinə ötürülür. Mərkəzdə həmin məlumatlara əsasən hər bir işsiz vətəndaşla əmək müqaviləsi bağlanılır.
Bununla yanaşı sosial xarakterli işlərdə çalışmaq istəyənlər də uyğun işlərə cəlb olunurlar. Müraciət edənlərin 8 min nəfəri paytaxt sakinləridir.
Müraciətlər isə əsasən ekoloji sağlamlaşdırma, yaşıllıqların salınması, abadlıq işləri, parkların təmizlənməsi və digər işlərlə əlaqədardır. İşə qəbul edilənlərin əməkhaqqı kartları avtomatik rejimdə banklarda sifariş edilir və hər bir vətəndaş öz məvacibini bankın filiallarından ala bilər. Əməkhaqqı işlərin xarakterindən və əmək funksiyasından asılı olaraq müəyyən olunur. İşçinin sosial sığortası, habelə işsizlikdən sığorta ödənişləri də “DOST İş Mərkəzi” tərəfindən həyata keçirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət