İspaniya halogen lampalarla vidalaşır
Sentyabrın 1-dən Avropa qanunvericiliklərinə müvafiq olaraq halogen lampaların istehsalı dayandırılır.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının üzvü olan bütün ölkələrdə halogen lampaları daha istehsal edilməyəcək.
İspaniyanın İstehlakçılar və İstifadəçilər Təşkilatının nümayəndələrinin sözlərinə görə, diod lampaları ilə işıqlandırma daha ucuzdur, daha uzun müddət xidmət edir və nəzərəçarpacaq dərəcədə enerjiyə qənaət edir. Bu lampalar köhnə közərmə lampalarına nisbətən 10 dəfə çox effektlidir, qızmır, ani olaraq alışır və vaxt ötdükcə keyfiyyətini itirmir.
Halogen lampaların istehsalının dayandırılması Kioto protokolu və Avropa Komissiyasının yerli isitmə cihazlarının ekoloji layihələndirilməsi tələblərinə dair 2015/1428 nömrəli reqlamenti çərçivəsində həyata keçirilir. Həmin reqlamentin əsas məqsədi ətraf mühit üçün maksimum mənfəəti və istifadəçilər üçün minimum mənfi nəticələri təmin etməkdir.
Mütəxəssislərin hesablamalarına görə, halogenlərin diod lampaları ilə əvəz edilməsi Portuqaliyanın bir il ərzində istifadə etdiyi elektrik enerjisinə (48 TVt/saat) bərabər enerjiyə qənaətə imkan yaradacaq və 2025-ci ilədək 15,2 milyon ton karbon tullantılarının azaldılmasına səbəb olacaq. Bu, həmçinin Aİ-nin neft idxalını 73,8 milyon barrel azaldacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət