Slimfit
  1. CƏMİYYƏT

İşəgötürənlərin yersiz xarici dil tələbi

İşəgötürənlərin yersiz xarici dil tələbi
Sakura

İşəgötürənlərin yersiz xarici dil tələbi

“Ali təhsil ala bilmədiyim üçün diplom tələb edilən işlərə müraciət edə bilmirəm. Bu, başadüşüləndir. Lakin bacarığıma uyğun işləmək üçün də qarşımda yenə maneələr var. Ofisiant olmaq üçün məndən ingilis və rus dilində səlist danışıq tələb edirlər. Qab-qacaq daşıyaraq insanlara xidmət etməyin dil bilməklə nə əlaqəsi var? Mən bu dilləri bilsəydim, niyə ofisiant işləyirdim? Əgər dil biliklərim və savadım olsa idi, hansısa özəl şirkətdə çalışardım”.

Bu sözləri bizimlə söhbətində gənc oxucumuz Orxan Məmmədov bildirdi. Orxan işəgötürənin qoyduğu tələblərlə bağlı şikayətini bildirərkən vurğuladı ki, özəl şirkətlərdə dil tələbi artıq dəb halını alıb. Onun sözlərinə görə, işə düzələrkən ana dilini yaxşı bilməsən də olar, əsas odur ki, xarici dil bilib müsbət imic formalaşdırasan.

 

Axı bura Azərbaycandır…

Belə problemlə qarşılaşan təkcə Orxan deyil. Xanım Cəfərli də işədüzəltmə şirkətlərinə müraciət edərkən belə tələblərlə qarşılaşdığını söylədi. O deyir ki, satıcı işləmək istəsə də, öz ana dilini bilən işçi ilə kifayətlənmirlər. Vəziyyət elə gətirib ki, mağazalarda ana dilində danışan insan görəndə sevinirik: “Biz nə İngiltərədə, nə də Rusiyada yaşayırıq. Axı bura Azərbaycandır…”.

Nigarın problemi isə iş təcrübəsi ilə bağlıdır. O, universiteti bitirsə də, iş tapa bilmir. İş təcrübəsi yoxdur, müraciət etdiyi iş yerlərində isə ən azı 2 il iş təcrübəsi tələb olunur: “Mən haradansa başlamalıyam ki, müəyyən təcrübəm olsun. Bütün müəssisələr, xüsusən də özəl müəssisələr bir neçə illik iş təcrübəsi tələb edir. Bu azmış kimi, əlavə olaraq, yeri gəldi-gəlmədi, xarici dil biliyi mükəmməl olmalıdır, kompüteri əla bilməlidir və s. kimi şərtlər qoyurlar. Yalnız tələb etdikləri kimi, həqiqətən işçi seçib götürərlərsə, bu, müəssisələrdə iş prosesində hiss olunmalıdır. Təəssüf ki, bu, o qədər də hiss olunmur”.

Maraqlıdır, ekspertlər sözügedən məsələ ilə bağlı çıxış yolunu nədə görürlər?

“Elə işlər var ki, dilə dair tələb qoymaq absurddur”

Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirdi ki, bu problemi həll etmək üçün Nazirlər Kabineti tərəfindən dil tələbi olan işlərin və vəzifələrin siyahısı müəyyən edilməlidir. Ekspertin sözlərinə görə, işçilərin bilik və bacarıqlarının artırılmasına xərc çəkmək işəgötürənin borcudur: “Bizdə xarici dil bilikləri tələb olunan iş yerlərinin təsdiq olunmuş siyahısı yoxdur. Bununla belə, biznesin öz maraqları var. Bu gün müasir restoranda, yaxud satış şəbəkəsində heç olmasa ingilis və ya rus dilini elementar səviyyədə bilən satıcılara və ofisiantlara ehtiyac var. İndi taksi sürücülərinə də dil öyrədirlər ki, müştəri ilə danışıq apara bilsin. Amma elə işlər var ki, orada dilə dair tələb qoymaq absurddur. Mən buna görə Nazirlər Kabineti tərəfindən dil tələbi olan işlərin və vəzifələrin siyahısının müəyyən edilməsinin tərəfdarıyam. Eyni zamanda, işəgötürənlərin də borcudur ki, işçilərin bilik və bacarıqlarının artmasına xərc çəksinlər”.

“Tələbə könüllü işləməlidir”

İş yerlərində təcrübə məsələsinə gəldikdə isə S.Məmmədov deyir ki, bu mövzuda işəgötürənləri qınamaq olmaz: “Təcrübə məsələsində müəyyən mənada işəgötürənlər də haqlıdır. Çünki bu məsələdə yalnız təhsil kifayət deyil. İşin keyfiyyəti də vacib amildir. İşəgötürənlərə də əsasən iş lazımdır. Buna görə də gənc mütəxəssislər işə düzəlmək istəyərkən bu cür problemlərlə üzləşirlər. Mövcud problemin həll yolu təhsilin istehsalatla əlaqələndirilməsidir. Hətta orta təhsilin özündə müəyyən peşə vərdişlərinin aşılanması mümkündür. Xarici ölkələrdə elə təhsil müəssisələri var ki, onlar istehsalatla sıx bağlıdır. Təhsil müəssisələrində oxuya-oxuya həmin müəssisələrdə praktika keçirlər. Nəticədə iş taparkən bu kimi problemlərlə üzləşmirlər. Bundan əlavə, tələbə təhsil aldığı müddətdə bir çox şirkətdə könüllü şəkildə işləyib təcrübə toplaya bilər”.

“Dövlət müdaxilə edə bilməz”

İqtisadçı ekspert Vüqar Bayramlı bildirdi ki, bazar iqtisadiyyatında dövlətin işəgötürənin tələbinə müdaxilə etmək hüququ yoxdur. Onun sözlərinə görə, biznes bu tələbləri və qaydaları qoymaqda müstəqildir: “Çox təəssüf ki, bizim apardığımız monitorinqlər də göstərir ki, ümumiyyətlə, özəl sektor, xüsusən də xidmət sektoru əksər hallarda lazım olmadığı məqamlarda belə xarici dil bilikləri tələb edir. Baxmayaraq ki, biznes bu tələbləri və qaydaları müəyyənləşdirməkdə müstəqildir, dövlətin birmənalı şəkildə müdaxiləsi bazar iqtisadiyyatı şəraitində mümkün deyil. Amma, eyni zamanda, bunların mənfi təsiri də var. Belə olan halda nisbətən ixtisası az olan vətəndaşların işlə təmin edilməsində problemlər yaranır. Məşğulluq baxımından bu, arzuolunan deyil. Belə qaydalar imkan vermir ki, vətəndaşlar öz biliklərinə, bacarıqlarına uyğun iş tapsın. Belə çıxır ki, xarici dil biliyi olan vətəndaşlar işlə təmin olunacaq, amma biliyi az olan vətəndaşlar işləməməlidir. Bu, sosial baxımdan müəyyən çətinliklər yaradır”.

Ekspert bizimlə söhbətində xaricdəki təcrübə haqqında da məlumat verdi. V.Bayramlının sözlərinə görə, inkişaf etməkdə olan ölkələrdə dövlət konkret olaraq işəgötürənin iş tələblərinə müdaxilə edir: “Xarici ölkələrdə məşğulluğun və biznesin strukturuna uyğun olaraq tələblər müəyyənləşdirilir. İnkişaf etməkdə olan ölkələrdə buna dövlətin müdaxiləsi var. Dövlət konkret olaraq xidmət sektorunda tələblərin müəyyənləşdirilməsinə müdaxilə edir. İnkişaf etmiş ölkələrdə isə bunu bazar özü tənzimləyir. Sahibkarlar iş yeri yaradan və tələb qoyan zaman bazar iqtisadiyyatının tələblərini nəzərə alır”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR