Dərc edildi: Baxış sayı: 8659
İşə getdim, qapıdan qaytardılar ki, işdən çıxmısız - Abutalıbov
Baş Nazirin sabiq müavini, hazırda təqaüddə olan Hacıbala Abutalıbovun Qaynarinfo-ya eksklüziv-virtual müsahibəsini təqdim edirik.
– Hacıbala müəllim, işsiz qaldıqdan sonra özünüzü necə hiss edirsiniz?
– Düzü, ilk günlər bir az çətin idi. Beş-altı gün hər səhər tezdən qalxıb Nazirlər Kabinetinə gedirdim, mühafizəçilər qapının ağzından geri qaytarırdılar ki, artıq işdən çıxmısınız... Sonra başladım axşamdan əlimin üstünə "ruçka"yla "plyus" işarəsi qoymağa. Səhər duranda həmin işarəni görüb yadıma düşürdü ki, işdən çıxmışam, daha durub Nazirlər Kabinetinə getmirdim. Baş nazirin müavini təyin olunandan sonra da eyni vəziyyətə düşmüşdüm. Səhər qalxıb Bakı şəhər İcra Hakimiyyətinə gedirdim, orda deyirdilər ki, "Hacıbala müəllim, axı siz Baş nazirin müavinisiniz, burda nə işiniz var?".
Onda da buna güc-bəla ilə öyrəşmişdim.
– Təqaüdə çıxmağınızdan xeyli vaxt keçib. Vəzifəsiz darıxmırsız ki?
– Mən niyə darıxıram? Qoy vəzifə mənsiz darıxsın...
– İndi nə işlə məşğul olursunuz?
– Hələlik dincəlirəm. Düzü, bizdə vəzifədə olmaq özü, bir növ, dincəlməkdir. Ona görə mən hazırda elə dincəlməkdən dincəlirəm.
– Gələcək planlarınız nədir?
– Yenidən fizika ilə məşğul olmaq fikrindəyəm.
– Belə çıxır ki, elmi fəaliyyətə geri qayıdacaqsınız.
– Düz tapmısınız. Söz düşüb, sizə bir sirr açım: Nyutonun səhvini düzəltmək istəyirəm.
– (gözləri bərəlmiş halda) Nyutonun?
– Bəli... Təəccübünüzü başa düşürəm, Nyuton pis alim olmayıb, ancaq yerin cazibə qanunu barədə dediklərinin düzəlişə ehtiyacı var.
– Necə yəni?
– Düzü, əvvəl hamı kimi mən də elə bilirdim ki, Nyurton müəllim haqlıdır, cisimlər yer tərəfindən cəzb olunur. Ancaq indi belə fikirləşirəm ki, bunlar hamısı boş söhbətlərdir. Yerin cazibə gücü yoxdur, yerdəkilərin cazibə qüvvəsi var. Məsələn, Sofi Lorenin, Merlin Monronun... Sonraaa... Sonra Monika Bellucinin... Ancelina Colinin, canım sənə desin, Ketrin Zeta-Consun... Cisimləri yerə cəzb edən onlardır. Bu haqda ətraflı elmi araşdırmalar aparmaq fikrindəyəm.
– Hacıbala müəllim, siz ciddisniz?
– (gülür) Oğul, siz nə vaxtsa mənim ciddi olduğumu görmüsünüz?!
– O da doğrudur... Hacıbala müəllim, Bakıya hər dəfə yağış yağdıqdan sonra vətəndaşlar sosial şəbəkələrdə ağız-ağıza verib sizi xatırlayır, şəhərimizi Venesiyaya çevirməyinizdən bəhs edirlər.
– Bütün xalqımıza bu qədirbilənliyinə görə minnətdaram. Açığı, mənim gözəl Bakımızla bağlı planlarım çox idi. Venesiya bunlardan sadəcə biri idi. Məsələn, ən böyük arzularımdan biri o idi ki, Xəzərimizə sunami gətirim, bir balaca zəlzələ-zad olan kimi hündür dalğalar Bakımıza ağuşuna alsın, camaatımızın həyatına rəng qatsın. Belə şeylərə biz nə qədər televizorda baxmalıyıq? O əjdahalardan başqa ölkələrdə var, niyə bizdə də olmasın? Ya da istəyirdim, Bakıdakı bütün ağacların yerinə dekorativ ağaclar əkim, o ağacların başında dekorativ quşlar oxusun. Hətta Xəzərimizdəki balıqları da dekorativ balıqlarla əvəzləmək arzusundaydım. Ancaq təəssüf ki, vəzifə vəfa etmədi. Nə isə, "ömür qısa, dəyməz qıza"...
– Bu yaxınlarda məlum oldu ki, sizin kimi işsiz qaldıqdan sonra keçmiş nəqliyyat naziri Ziya Məmmədov şeir yazmağa başlayıb...
– Ziya müəllimin şeirləri ilə mən lap çoxdan tanışam. Bir dəfə hardasa təzə çəkilmiş yol çökmüşdü, bərpa işləri üçün əlavə vəsaitə ehtiyac vardı, o da bundan möhkəm təsirlənərək ürəkağrısı ilə belə yazmışdı:
Büdcədən dotasiya gözləyirəm mən,
Arılar çiçəkdən bal çəkən kimi.
Heç bir asfaltbasan yol çəkməyibdi,
Mənim bu gözlərim yol çəkən kimi.
Dinləyəndə, doluxsunmuşdum. Burada yol çəkmək şərti söhbətdir. Əslində Ziya müəllim həmin misralarda bütün məmurların kədərli daxili dünyasını, mənəvi iztirablarını özünəməxsus bədii-poetik dillə olduqca təsirli şəkildə təsvir eləmişdi. Allah heç bir məmura büdcədən ayrılan əlavə vəsaitin yolunu gözləməyi qismət eləməsin. Ağır dərddir. Yaşamayanlar bilməz.
– Hacıbala müəllim, nə vaxtsa sizin də şeirlərinizi oxuya bilərikmi?
– Qoy Nyutonu "neprav" çıxarım, ondan sonra fikrim var, Nizami Gəncəvi ilə balaca bir haqq-hesab çəkim.
– Niyə?
– O gün təsadüfən rastıma çıxdı, baxıb görürəm götürüb yazıb ki, "Bərdə nə gözəldi, necə qəşəngdi..." Mənim Nizami müəllimə böyük hörmətim var, ancaq vaxtilə mənim günbəgün gözəlləşdirdiyim Bakı haqqında niyə bu cür misrası yoxdu? "Xəmsə"ni başdan-ayağa beş-altı dəfə oxudum, heç nə tapmadım. Çox xətrimə dəydi.
– Axı Nizami Gəncəvi bunu səkkiz yüz il əvvəl yazıb...
– Oğul, heç səndən gözləməzdim. İndi mənimlə səkkiz yüz ilin söhbətini eləyirsən?!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlətDaha Çox