İş vaxtından artıq işlədilməklə bağlı qanunvericiliyə dəyişiklik edilə bilər
Oxu.Az xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında bəzi qurumlarda işçilərin iş saatından artıq işlədilməsi məsələsindən danışarkən deyib. O, bildirib ki, bununla bağlı müvafiq qanunvericiliyə dəyişikliklər edilməlidir:
“Niyə insanlar saat 8-ə kimi işləməlidir? Axı bunun ailəsi, başqa işləri var. Biz hansısa sənədlə bunu təsdiqləməliyik ki, insanlar iş vaxtından artıq işlədildikdə onlara əlavə ödəniş olunsun. İşçilər səsini çıxarıb bunu deyə bilmir. Məhkəməyə verəndə məhkəmədə də həmişə rəis qalib olur. Məsələn, Milli Məclisdə bu ənənə yaxşı qoyulub. İşçilər axşam 6-dan sonra evə yola salınır”.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli həmkarının fikirlərində haqlı olduğunu dilə gətirib:
“Bu məsələdə biz nə etməliyik? Qeyd edim ki, bu münasibərlərin tənzimlənməsi üçün Əmək Müfəttişliyi var. Ona görə də, gələcəkdə bu qurumun belə məsələlərin yoxlanılmasına məsuliyyətinin daha da artırılması ilə bağlı qanunvericiliyə müəyyən dəyişikliklər edə bilərik”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət