Slimfit
  1. TƏBİƏT

İqlimin ən təzadlı dövrü – Boz ay

İqlimin ən təzadlı dövrü – Boz ay
Sakura

İqlimin ən təzadlı dövrü – Boz ay

Xalq təqvimində xüsusi yer tutan Boz ay Novruz bayramından əvvəl bir ayı əhatə edən dövrə verilən addır. Xalq arasında bu dövrə boz ayla yanaşı, “alaçalpo(v)”, “çilləbeçə”lər, “ağlar-gülər ay” da deyirlər. Ayın bu cür adlandırılması onun buludlu, yağışlı, küləkli, bəzən də günəşli, bir sözlə, dəyişkən olması ilə bağlıdır.

“Küsəyən ayın” rəvayəti

AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu barədə danışan tədqiqatçı Zaleh Novruzovun sözlərinə görə, xalq arasında qışı müəyyən zamanlara bölüb ona müxtəlif adlar veriblər. Qışın Böyük çilləsinin 40, Kiçik çilləsinin 20 və Boz ayın 30 gün bölgüsünə el deyimlərində də rast gəlirik. Həsən bəy Zərdabi isə onların hər birinin 30 gün olduğunu yazırdı. Boz ayda 4 ünsür – su, torpaq, yel və odla bağlı dörd çərşənbə təntənəli şəkildə qeyd edilərmiş. Belə rəvayət olunur ki, qədim dövrlərdə insanlar ili 12 aya bölür, hər aya 32, Boz aya isə 14 gün düşür. Boz ayın incidiyini görən ayların hər biri ona bir gün verir. Boz ay yenə razılaşmır. Ancaq bu dəfə ayların bəziləri bir gün versə də, digərləri vermir. Xalq arasında belə bir təqvimin, həqiqətən də, olduğunu bir tapmaca da təsdiq edir:

Bir ağacım var

On iki budaqlı,

Otuz iki yarpaqlı.

Dörd çərşənbə, dörd müqəddəs

Zaleh Novruzov vurğulayıb ki, Boz ayda olan dörd çərşənbə müqəddəs sayılıb və təbiətin dəyişilməsində dörd ünsür - su, torpaq, yel və od mühüm rol oynayıb. Boz ayla bağlı folklorşünas Bəhlul Abdulla “Kommunist” qəzetinin 1989-cu il 24 fevral tarixli nömrəsində dərc olunmuş “Novruz gəlir” adlı məqaləsində yazır: “Boz ay çilləbeçələrə bölünür. Etiqada görə, çərşənbələrdən birinci üçünə “oğru buğ” (“oğru üskü”), ikinci üçünə “doğru buğ” (“doğru üskü”), sonuncuya isə ilaxır çərşənbə deyilir. Bu çərşənbələrin hər birinin ayin və mərasimləri var. Məsələn, torpağa dəyən ilk “oğru buğ”da insanlar tonqal üstündən hoppanmaqla yanaşı, öncədən düzəltdikləri lopanı alışdırıb üç kərə ev-eşiyin çevrəsinə dolandırıb, “Qaçın-qaçın, şeytanlar, sizi odda qalaram”, deyərmişlər. Ayinə görə, şər qüvvələr qorxub qaçarmışlar.

Yalançı və xəbərçi çərşənbələr

Tədqiqatçı bu mövzuda apardığı araşdırmalar barədə də danışaraq deyir ki, digər qaynaqlarda da əlavə çərşənbələrin olması haqda məlumatlar var. Əzizə Cəfərzadə 1989-cu il 3 mart tarixli “Ədəbiyyat və incəsənət” qəzetində “Anam deyərdi ki...” məqaləsində yazır ki, əslində, dörd çərşənbə var, analar bu çərşənbələrin sayına ikisini də əlavə edirdilər: yalançı çərşənbə, xəbərçi çərşənbə. Bu çərşənbələrin xuşkəbəri (quru meyvəsi) çox olmazdı. Şam da çox yandırılmazdı. Xörəyi də yüngül çilovdan-zaddan olardı. Çərşənbələrin, bayram axşamının öz xörəkləri var. İlaxır çərşənbə və bayram axşamında turşulu plov bişirmək olmaz. Yəni narqovurma, turşu qovurma, sirkəplov, zirinc plov bişirilməz. Yalançı çərşənbədə – sirkəplov, xəbərçi çərşənbədə – lobya çilov (balqabaqla), birinci çərşənbədə narqovurma və ya turşu qovurma, ikincidə – paxlaplov, üçüncüdə – səbzi qovurma, ilaxır çərşənbədə – çığırtma və ya şirinplov kişmiş, bayram axşamı isə qaysı ilə toyuqplov bişirilərdi.

Hər şeydən əvvəldir yaşıl səməni

Əhali boz ayda, adətən, bayrama hazırlaşır. Birinci bayram səmənisi qoyulur. Əvvəlki dövrlərdə bütün qışı içəridə yanan buxarı və kürsü təndirinin tüstüsü tavan və divarları qaraltdığı üçün evlər təmizlənər, divarlar ağardılardı.

Professor Mirəli Seyidov 1989-cu il 4 mart tarixli “Kommunist” qəzetində dərc olunan “Yaz-günəş bayramı” sərlövhəli məqaləsində yazır ki, qədim azərbaycanlılar təqvimlə bağlı vaxt anlayışını hərdən canlandırmış, hərdən insan kimi gözə çarpdırmış, hərdən isə zoomorfik dünya ilə əlaqələndirmişlər.

Etnoqraf Qəmərşah Cavadov da bu mövzuya uyğun folklor nümunəsini misal çəkir:

Babamın bir çuxası var, on iki cibi.

Hər cibində otuz düymə.

Hər düymənin bir üzü ağ, bir üzü qara.

“Bu nümunədə baba kainatı, çuxa ili, on iki cib ilin aylarını, otuz düymə ayın günlərini, düymələrin ağ üzü gündüzü, qara üzü isə gecəni təmsil edir” – deyən Zaleh Novruzov qeyd edir ki, bu cür bağlama formalı söyləmələr aşıq ədəbiyyatında da öz əksini tapıb. Molla Cümə “Varmı” adlı qoşmasında belə yazır:

Bir guş eylər Molla Cümə bədbəxtə,

Bir çıraq görmüşəm yeddi otaqda.

On iki şəcərdə, üç yüz altmış budaqda,

Gül olan otuzdan xəbərin varmı?

Boz ay bozara-bozara keçər

Boz ay haqqında bir neçə deyim də var: “Boz ay bozara-bozara keçər”, “Boz ay kimi qərarsız”.

Zaleh Novruzov ikinci deyimi yuxarıda qeyd edilən rəvayətlə əlaqələndirir. Belə ki, bütün aylar boz aya gün verdiyi üçün bu ayda havalar tez-tez dəyişir. Havalar əlverişli keçəndə palaz-xalçalar çırpılır, ev-eşik bayramsayağı döşənir.

Boz ay dövründə iqlim təzadlı keçsə də, əkinçilikdə bəzi işlərin görülməsinə başlanılır. Yaşlılar söyləyirlər ki, Naxçıvanda noxudu fevralın axırı, martın birinci ongünlüyündə əkmək lazımdır. Əsasən, dəmyə əkilən noxud bu dövrdə əkildikdə yağıntının hesabına su ilə təmin olunur, erkən əkildiyi üçün “ağ” (xəstəlik) vurmur. Bu ay heyvandarlar üçün də məsuliyyətli dövrdür. Çünki, adətən, mart ayının əvvəlindən heyvanlarda döl başlayır.

Qar altından boylanan novruzgülü

Bəzi etnoqraflar bahar müjdəçisi novruzgülünün Novruz bayramı ərəfəsində açdığını yazırlar. Tədqiqatçı Zaleh Novruzov isə deyir ki, bu gül Kiçik çillənin sonu, Boz ayın əvvəlində açır. Çox maraqlıdır ki, qış mülayim, qarsız-boransız keçsə də, novruzgülü Boz ay girməmiş heç vaxt açmır. Ən sərt keçən qışda isə Boz ayın əvvəlində cənub tərəfdə qarın altından zərif çiçəklər boylanır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR