Slimfit
  1. MARAQLI

İnsanların ən uzun ömür yaşadığı 5 ölkə

İnsanların ən uzun ömür yaşadığı 5 ölkə
Sakura

İnsanların ən uzun ömür yaşadığı 5 ölkə

Orta həyat həddi 83 yaş hesab olunan Yaponiya, uzun illərdir ki, dünyanın ən uzunömürlü sakinlərinin yaşadığı ölkələr sırasındadır

Bu ölkələrdə insanlar daha uzun ömür yaşayırlar və onların hər birinin uzunömürlülük sirri başqadır.

Tarix boyunca səyyahlar əfsanəvi gənclik bulağının axtarışında olublar. Bu bulaq hələ tapılmasa da, təxminən 71 yaşın orta ömür həddi sayıldığı dünyamızda müəyyən yerlərin insanları daha uzun həyat yaşayırlar və onların hər birinin uzunömürlülük sirri başqadır.

Biz, 2017-ci ilin Dünya Xoşbəxtlik Hesabatında əhalisinin daha uzun ömür sürdüyü ölkələrdən bir neçə nəfər ilə danışdıq və uzunömürlülüyün sirlərinə vaqif olmağa çalışdıq.

Yaşlı sakinlərin iştirak etdiyi aktiv sosial çevrə və sağlam yerli pəhriz Yaponiyada uzun ömrün zəmanətidir

 

Yaponiya

Orta həyat həddi 83 yaş hesab olunan Yaponiya, uzun illərdir ki, dünyanın ən uzunömürlü sakinlərinin yaşadığı ölkələr sırasındadır.

Yaponiyanın cənubunda yerləşən və tez-tez 'ölümsüzlər yurdu' adlandırılan Okinawa adaları, 400 ildən artıqdır ki, uzunömürlülük tədqiqatlarının qlobal mərkəzidir.

Adalar ölümsüzlük statusunu daha çox tofu, şirin kartof və az miqdarda balıqdan ibarət yerli pəhrizinə borcludur.

Yaşlı sakinlərin iştirak etdiyi aktiv sosial çevrə və güclü icma anlayışı da stress səviyyəsini aşağı saxlayır və insanlara güclü mənsubiyyət hissini aşılayır.

Uzun zamandır Yaponiyanın sakini olan Velvet Medianın əsas icraçı direktoru Daniele Gatti deyir ki, bir ekspatın bütün bunlardan faydalana bilməsi üçün dili öyrənməsi şərtdir.

"Dil səddini aşmağı bacarıb, yerli mentaliteti qavradıqdan sonra, Yaponiyanın müdhiş həyat keyfiyyətini mənimsəyə bilərsən. Bu mentalitet isə Qərb mədəniyyətindən çox fərqlidir," o deyir.

"Buraya köçmək niyyətində olan ekspatlar, dili öyrənməyə daha çox vaxt ayırmalıdırlar. Bu, yerli cəmiyyətə uyğunlaşaq və dolu və maraqlı həyat sürmək üçün açardır."

İspan şəhərlərində sıxlıq insanların gəzinti və ya velosiped sürməyə üstünlük verməsinə səbəb olur

 

İspaniya

Aralıq dənizi pəhrizi, zəngin zeytun yağı, tərəvəzlər və şərab, İspaniyanın uzunömürlü (orta həyat həddi 82.8 yaş) insanlarının həmişə seçimi olub. Lakin İspaniyanın bu mənada başqa bir sirri də var: siesta (mürgü, xüsusilə də isti yay günlərində günorta yuxusu).

"İnsanlar düşünür ki, günorta saat 2 ilə 5 arasında dükanlar bağlı olarkən hər kəs la siesta ilə məşğul olur, amma bu sadəcə olaraq oturuşmuş iş qrafikidir," Gray Line tur bələdçisi barselonalı Miquel Angel Diez i Besora deyir.

"Əgər iş saatın uzundursa və nahar yeməyi üçün yalnız yarım saatın varsa, tezbazar nə isə yeyirsən. Yox əgər iki və ya üç saat fasilə verməyə məcbursansa, evə və ya restorana gedib iki kurs yemək və şirniyyat qəbul etmək və yaxşı həzm üçün kifayət qədər vaxtın olur. Bu isə əlbəttə ki, tezbazar yeməkdən daha sağlamdır."

İspan şəhərlərində sıxlıq da sakinlərini daha hərəkətli edir. Burada əsas rolu dükan və restoranların bir çox sakinlərin evlərinə yaxın olması oynayır.

"Mən Moskvadan Barselonaya köçəndən sonra, insanların yerimək və ya velosiped sürməyə üstünlük verdiyini gördüm. Bir neçə bina uzağa getmək belə olsa, onlar ictimai nəqliyyatdan istifadə etmirlər," Barcelona Eat Local Food Tours-un həmtəsisçisi Marina Manasyan deyir.

"Hüceyrələrinizi oksigenlə zənginləşdirirsiniz və karbon qəbulunu azaltmış olursunuz."

Sakinlərin açıq havada idman etməsi üçün Sinqapurda çoxlu sayda ictimai park var

 

Sinqapur

Hər kəsin ölkədəki ən müasir tibb müəssisələr və 'möcüzəvi' adlandırılan səhiyyə sistemindən asanlıqla yararlana bilməsi, sinqapurluların əksəriyyətinin orta həyat həddi hesab olunan 83.1 yaşdan da daha uzun ömür sürməsinə səbəb olur.

Bura dünyada ən az ana və uşaq ölümü göstəricisinə malik ölkələrdəndir və səhiyyənin diqqət mərkəzində profilaktik qayğı durur.

Mədəniyyət və əlçatan şəhər həyatı da uzunömürlülüyə müsbət təsir göstərir.

"Əksər insanların ictimai parklarda idman etdiyini görə bilərsiniz," hazırda Sinqapurda yaşayan və I Wander səhifəsinin bloqçusu Bino Chua deyir.

Bu yaxınlarda ölkədə ilk terapevtik park da istifadəyə verilib. Məqsəd, yaşlanan insanlarda stressi azaltmaq və ruhi rifahı artırmaqdır.

Sinqapurda sağlamlığa zərərli vərdişlərə qapılmaq da çox çətindir.

"Ekspatlar bilməlidirlər ki, 'əksi' burada çox bahadır," Chau deyir.

"Siqaret və alkoqol üçün yüksək vergi mövcud olduğuna görə satış qiyməti də başqa ölkələrdəkindən qat-qat bahadır."

İsveçrədə insanlar üçün karyera daha önəmli olsa da, təbiət qoynunda istirahət etmək Alp dağları sayəsində çox asandır

 

İsveçrə

İsveçrəli kişilər dünyanın başqa yerlərdinəki kişilərdən daha uzun ömür sürürlər. Orta yaş həddi 81-dir.

Avropanın ən zəngin ölkələrindən biri kimi, yüksək keyfiyyətli səhiyyə, güclü şəxsi təhlükəsizlik və rifah, İsveçrə üçün xarakteristikdir. Bəzi araşdırmalarda buna səbəb kimi pendir və süd məhsullarından çox istifadə göstərilir.

Beynəlxalq qərargahların bir çoxu burada yerləşdiyinə görə ölkəyə çox sayda ekspat gəlsə də, onun coğrafi mövqeyi iş ilə daimi istirahət arasında balansı qorumağa kömək olur.

"Ölkənin coğrafi mövqeyini nəzərə alsaq, karyera ən yuxarı yerdə gəlir," İsveçrədə yaşamış Gatti deyir.

"Burada yaşamaq sizə qitənin başqa yerlərinə gözəl həftəsonu səfərləri etmək və valehedici Alp dağlarında vaxt keçirmək imkan verir."

Ölkədəki özəl məktəblər də "planetin ən yaxşılarından" hesab olunur, o əlavə edir, bu isə gənc ailələr üçün cəlbedici səslənir.

Koreyalılar daha çox fermentləşmiş (qıcqırmış) ərzaqlarla qidalanırlar. Deyilənlərə görə bu, xolesterini aşağı salır, immuniteti yaxşılaşdırır və xərçəngin qarşısını alır

 

Cənubi Koreya

Bir son araşdırmaya əsasən, Cənubi Koreya həyat səviyyəsinin 90 yaşı keçdiyi ilk ölkədir. Ölkə bunun üçün güclü və dinamik iqtisadiyyatı, səhiyyə xidmətlərindən rahat istifadə və yuxarı trayektoriyasına görə Qərb ölkələrindən daha aşağı qan təzyiqinə malik olmasına borcludur.

Əhali daha çox fermentləşmiş (qıcqırmış) ərzaqlarla qidalanır. Deyilənlərə görə bu, xolesterini aşağı salır, immuniteti yaxşılaşdırır və xərçəngin qarşısını alır.

"Koreya yeməkləri lif və bəsləyici qidalarla zəngindir," Hoheb deyir.

Sakinlərə görə, icmaya ənənəvi bağlılıq və onunla müşayiət olunan adətlər, gündəlik həyatın keyfiyyətinə güclü təsir göstərir.

"Jimjilbang (ictimai hamam) insanları bir araya gətirərək onların səmərəli vaxt keçirməsinə və stressin azalmasına kömək olur," Wellness Tourism Worldwide təsisçisi Camille Hoheb deyir."

"Cənubi Koreyada Buddizmdən qaynaqlanan qayğı hissi və individuallıqdan daha çox birlik mədəniyyəti daha yüksəkdir."

 

Mənbə: BBC Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR