İngiltərə Premyer Liqası: “Tottenhem”ə qalib gələn “Liverpul” ardıcıl qələbələrinin sayını 12-yə çatdırıb
Futbol üzrə İngiltərə çempionatının 22-ci turunun mərkəzi qarşılaşmasında Premyer Liqanın cari mövsümünün lideri “Liverpul” səfərdə “Tottenhem”in qonağı olub.
AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən oyunda azarkeşlər cəmi bir qol görüblər. Matçın 37-ci dəqiqəsində braziliyalı Roberto Firmino komanda yoldaşı Məhəmməd Salahın ötürməsini dəqiq zərbə ilə tamamlayıb – 1:0. Qalan dəqiqələrdə “Tottenhem” futbolçularının cəhdlərinə baxmayaraq, hesab dəyişməyib. Bununla da Yurgen Kloppun yetirmələri ardıcıl qələbələrinin sayını 12-yə çatdırıblar.
“Liverpul”un ən yaxın izləyicisi “Lester Siti” bu turda doğma meydanda “Southampton”a 1:2 hesabı ilə uduzub. “Çelsi” öz meydanında “Börnli”ni (3:0), “Mançester Yunayted” isə “Norviç Siti”ni (4:0) məğlub ediblər. “Şeffild Yunayted” – “Uest Hem” və “Everton” – “Brayton və Hove Albion” görüşlərində ev sahibləri minimal hesabla qalib gəliblər. “Kristal Palas” – “Arsenal” və “Vulverhempton” – “Nyukasl” matçları isə heç-heçə (1:1) başa çatıb.
Tura yanvarın 12-də oynanılacaq “Bournmut” – “Uotford” və “Aston Villa – “Mançester Siti” qarşılaşmaları ilə yekun vurulacaq.
Beləliklə, Premyer Liqanın 22-ci turunda da qalib gələn “Liverpul” komandası xal ehtiyatını 61-ə çatdırıb. Bir oyun az keçirən Yurgen Kloppun komandası ən yaxın rəqibi “Lester Siti”ni 16 xal qabaqlayır. Üçüncü sırada qərarlaşan “Mançester Siti” (44 xal) sabahkı oyunda xal itirməzsə ikinci pilləyə yüksələcək. “Çelsi” 39 xalla dördüncü, “Mançester Yunayted” 35 xalla beşincidir. “Tottenhem” isə 30 xalla səkkizinci pillədə qərarlaşıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət