Slimfit
  1. MARAQLI

İlisu – Gözəlliyindən doyulmayan təbiət möcüzəsindən reportaj

İlisu – Gözəlliyindən doyulmayan təbiət möcüzəsindən reportaj
Sakura

İlisu – Gözəlliyindən doyulmayan təbiət möcüzəsindən reportaj

Azərbaycanın dilbər guşələri çoxdur. Təbiət öz gözəllikləri sarıdan ölkəmizə səxavətlə yanaşıb. Hamımızın tez-tez və haqlı olaraq öyündüyümüz,  çoxlu iqlim qurşaqlarının vətənimizi əhatə etməsi buna ən yaxşı nümunədir. Dünyada əvəzi olmayan yeraltı və yerüstü sərvətləri ilə yanaşı, relyefinin, ərazi quruluşunun rəngarəngliyi, flora və faunasının zənginliyi baxımından da vətənimiz heç yerlə müqayisə olunmazdır. Ölkəmizdə dənizi sevənlər üçün mavi Xəzərin unikal qumu olan gözəl çimərlikləri, dağlıq əraziləri xoşlayanlar üçün başı qarlı dağları, sıx meşələri, min bir rəngə çalan ucsuz-bucaqsız çəmənlikləri, büllur kimi saf bulaqları, gölləri və saymaqla bitməyən min bir başqa təbiət möcüzələri vardır. 

Əslində, məşhur şeirdə səslənən “cənnət görmək istəyən Azərbaycana gəlsin” ifadəsi vətənini sevən, onu əziz tutan şairin patriotizmi yox, gerçək həqiqətin təcəssümü kimi qəbul olunmalıdır. Təəssüf ki, bu cənnət vətənizimiz ən gözəl guşələrinin bir hissəsi mənfur düşmən tapdağındadır və hələ ki, o yerlərə getmək, təbiətinin gözəlliklərindən zövq almaq hissindən məhrumuq. Həmin yerləri tezliklə görmək ümidi ilə hamımız bacardıqca, imkan olduqca digər  bölgələrimizə səfər etməyə, xüsusən mənəvi istirahət etməyə çalışırıq. Bu tələbat indiki dövrdə, pandemiya ilə bağlı uzunmüddətli qapalı halda, şəhər mühitində yaşamağa məcbur qalan hər kəs üçün daha aktualdır.

Mən də yaranmış bu fürsəti dəyərləndirməyə çalışaraq bugünlərdə ölkəmizin şimal-qərb bölgəsinə səyahət etdim. Bu yerləri gəzdikcə, bir yandan təmiz dağ havasını ləzzətlə ciyərlərimə çəkir, aldığım təəssüratlardan isə qəlbim fərəhlənirdi. Uzun müddət təbii gözəlliklərdən ayrı qalmağımdanmı, yaxud yay fəslində buraların gülüstana çevrilməyindənmi, indiki səyahətim mənim üçün xüsusən unudulmaz oldu. Ona görə təəsüratlarımı yazıya almağı və fotoaparatımın yaddaşına köçürdüyüm təbiət gözəlliklərini sizinlə də bölüşməyə qərar verdim.

Şübhə etmirəm ki, çoxunuz yurdumuzun bu əsrarəngiz guşəsində olmusunuz, ancaq bu yazının oraları sizə yenidən tanıdacağına və daha artıq sevdirəcəyinə ümid edirəm. 

Beləliklə, Qaxın İlisu kəndi. Adı kimi bəmbəyaz Ağçayın yatağı. Hər iki tərəfi meşəliklə əhatə olunan vadidən başlayan yol getdikcə yuxarılara, dağlara qalxır. Bu gözəlliyə tamaşa etməkdən göz yorularmı? Al-əlvan çəmənlikdən keçən cığırlarla gəlib meşənin ayağına çatanda başı göylərə yüksələn ağacların kölgəsi, günəşin zərrin şəfəqində oynayan yarpaqların sərin dağ mehi ilə pıçıldayan xışıltısı adamı məftun edir. Yol yorğunluğunu bir anda unutdurur. 

Yol isə uzanır. Yuxarıya qalxdıqca yeni mənzərələr bir-birini əvəz edir. Hündür ağaclar, qarağat, böyürtkən, moruq kolları, cürbəcür rəngli, qoxusu adamı bihuş edən çiçəklər insanın yaddaşına həkk olunur. 

Dağda olanlar bilirlər, belə yerlərin gözəlliyi kimi, havası da yeknəsək deyil, rəngarəng, dəyişkəndir. Bir də gördün, bulud, parlaq günəşin isitdiyi çəmənlərə qısqanırmış kimi onun qabağını kəsdi, səma üz-gözünü turşutdu,  gur yağış başladı. Yaxud bir neçə dəqiqə ərzində hər yer dumana, çənə büründü, uzaqlar görünməz oldu.

 

Bu cür fərqli hava şəraiti bir neçə saatın içində irəlilədikcə, adamda  qeyri-adi  hisslər yaradır. Dəniz səviyyəsindən təqribən 1100 metr yüksəklidən başlayan yürüş, 6-7 saat sonra,  1250 metr hündürlük fərqini qət edib mənzil başında – 2350 metr yüksəklikdə yerləşən yaylaqda başa çatır. Bizi dağ zirvəsində bu yerləri özlərinə yaylaq seçən çobanların vəfalı dostları - itlər qarşılayır. Quzuların mələməsi, itlərin hürüşü yaylağa tamamilə ayrı rəng qatır. Çadır qurulur, iştahla yemək yeyilir, çay süfrəsi və bu süfrəyə şirinlik qatan söhbətlərlə gecənin necə düşdüyünün fərqinə də varmırsan. Yorğunluğu çıxarmaq üçün isə  yatmaq lazımdır.

Səhər sübh tezdən saat 7-də yola çıxırıq. Bu dəfə tam fərqli mənzərələr fonunda, başqa hava şəraitində geriyə - İlisuya yolçuluq başlayır. Təbiətdə hər anın özünəməxsus xüsusiyyəti var ki, bu, bəlkə də heç vaxt təkrar olmur, yalnız həmin  anda onu yaşayanlar hiss edir, duyur.  Və ən əsası, həmin anlar insana fərqli  motivasiya, enerji, güc verir. Şəhərə, hər şeyin quru, rəsmiyyətlə, bozluqla dolu olduğu yaşayış mühitimizə geri qayıtdıqda bizə dayaq olur. Adama,  əlimizdə olanın dəyərini bilmək, qoruyub saxlamaq, sevmək hisslərini aşılayır. Ən əsası isə insanda həyat eşqini, yaşayıb yaratmaq hisslərini artırır. Mənfi enerjini müsbətə çevirir və insanı tam pozitivə kökləyir.

Zamin Cəfərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR