Dərc edildi: Baxış sayı: 742
İkili vətəndaş Camalov DTX-də necə işləyir?
Dövlət Təhlükəsizlik Xidmətində çalışan şəxsin başqa ölkə vətəndaşı olması və ya ikili vətəndaşlığı mümkün deyil.
Bu sözləri BakuPost-a hüquqşünas Fərhad Mehdiyev iki vətəndaşlıq səbəbindən namizədliyi ləğv olunan, MSK-nın rəsmi saytında iş yeri kimi DTX göstərilən, Dövlət Təhlükəsizlik Xidmətinin Beynləxalq Antiterror Təlim Mərkəzinin rəisi olmuş Rəşad Camalovla bağlı yaranmış məsələ ilə bağlı danışarkən deyib.
F.Mehdiyev bildirib ki, ikili vətəndaşlığı olan şəxs DTX ilə ancaq xəfiyyə-casus şəklində əməkdaşlıq edə bilər:
“Yəni DTX ilə razılaşdırılmış formada, dövlətə müəyyən kəşfiyyat materialları ötürmək üçün ikili vətəndaşlığı olan şəxs sözügedən qurumun işçisi ola bilər. Ancaq bu zaman onun hansı qurumun əməkdaşı olduğu bilinməməli, forma geyinməməlidir. Ancaq rəsmi şəkildə oranın işçisi olduğunu elan edirsə, o şəxsin ikili vətəndaşlığı mümkün deyil.
Ümumiyyətlə, hüquq-mühafizə orqanlarında işləyən şəxslərin ikili vətəndaşlığı qeyri-mümkündür, qanunla qadağandır”.
Media eksperti Ələsgər Əhmədoğlu isə bildirib ki, məsələnin hüquqi tərəfi araşdırılmalıdır:
“Maraqlıdır ki, ikili vətəndaşlığa görə deputatlığa namizədliyi ləğv edilir, ancaq ikili vətəndaşın DTX əməkdaşı olmasına diqqət yetirilmir. Bu məsələyə aydınlıq gətirilməlidir. Dövlət qulluğu haqqında Qanunun 2.3-cü maddəsində bildirilir ki, Dövlət Təhlükəsizliyi Xidmətində çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunla tənzimlənir.
Qanunun 14-cü maddəsi isə deyir ki, dövlət qulluqçusu, dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır.
DTX-nın Əsasnaməsi 2015-ci ildən gizli sənəd kimi yayılmır və əslində normativ Hüquqi aktlar haqqında Konstitusiya qanununun tələbinə uyğun deyil. Çünki Prezidentin 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərmanının bir hissəsi gizli saxlanıb. Lakin DTX-nın varisi olduğu MTN-in Əsasnaməsinin 9.24. bəndində bildirilirdi ki, Nazirlik işə qəbul olunan şəxslər barəsində xüsusi yoxlama tədbirləri keçirmək hüququna malikdir. Məntiqlə, analoji hüquq DTX-da da mövcuddur və işə qəbul etdiyi şəxslər haqqında xüsusi yoxlama keçib.
İctimaiyyətə qaneedici açıqlama verilməli, məsuliyyət daşımalı olan şəxslər ortaya çıxarılmalıdır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət