II Avropa Oyunları ilə bağlı Minskdə pilotsuz uçuş aparatının istifadəsinə qadağa qoyulub
Belarusda keçiriləcək II Avropa Oyunları ilə bağlı Minskdə pilotsuz uçuş aparatının istifadəsinə qadağa qoyulub.
AZƏRTAC xəbər verir ki, Belarus Daxili İşlər Nazirliyinin saytının yaydığı məlumata görə, II Avropa Oyunları zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə iyunun 17-dən iyulun 2-nə qədər Minskdə pilotsuz uçuş aparatından istifadə qadağan olunub. Bu müddətdə dövlətin icazəsi olmadan istifadə edilən pilotsuz aparat müsadirə olunacaq və II Avropa Oyunlarından sonra sahibinə qaytarılacaq.
Qeyd edək ki, 2019-cu il iyunun 21-dən 30-dək Belarus Respublikası Avropa Olimpiya Komitəsinin rəhbərliyi altında hər dörd ildən bir Avropa qitəsinin idmançıları arasında keçirilən 2-ci Avropa Oyunları – beynəlxalq multi-idman müsabiqələrinə ev sahibliyi edəcək.
II Avropa Oyunlarına 15 idman növü daxildir ki, onlardan 8-i Tokioda keçiriləcək 2020 Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Badminton, boks və cüdo yarışlarında iştirak edəcək idmançılar Avropa Çempionu statusunu əldə edə biləcəklər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət