Slimfit
  1. CƏMİYYƏT

İctimai nəqliyyatda qiymətlərin dəyişməsi xidmət keyfiyyətinə necə təsir edəcək?

İctimai nəqliyyatda qiymətlərin dəyişməsi xidmət keyfiyyətinə necə təsir edəcək?
Sakura

İctimai nəqliyyatda qiymətlərin dəyişməsi xidmət keyfiyyətinə necə təsir edəcək?

Artıq uzun müddətdir ki, Azərbaycanda bütün sahələrdə ətraf mühitə ayrılan diqqət ekologiyaya ən çox zərər vuran nəqliyyat sektorundan da yan keçmədi. Belə ki, ekoloji mühitin qorunması, nəqliyyat emissiyalarının azaldılması və daha təmiz nəqliyyat növlərinin təşviqi məqsədilə dizel yanacağının və "Aİ-92" benzinin qiyməti tənzimlənib, bununla da bir sıra ictimai nəqliyyatda sərnişindaşıma xidməti tarifləri dəyişib. Həmçinin gəlirləri xərclərini qarşılamayan “Bakı Metropoliteni” QSC-də də gediş haqqının qiymətində artım olub. Bəs, bu qiymət artımı nəqliyyatın işinə, xidmət keyfiyyətinə təsir edəcəkmi?

“Report” yanacaq qiymətlərindəki artımın ictimai nəqliyyatdakı təsirlərini araşdırıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, qiymətlərin, yəni tarifin tənzimlənməsindən asılı olmayaraq keyfiyyət məsələsi daim gündəmdə saxlanılır: “Keyfiyyət dedikdə ilk növbədə sərnişin təhlükəsizliyi nəzərdə tutulur. Bu, həm də sərnişinə xidmət mədəniyyətini özündə ehtiva edir. Dünya təcrübəsində özünü maliyyələşdirən metropolitenlərin sayı çox məhdud olduğundan müvafiq yardımların, yəni subsidiya formasında edilən maliyyə dəstəyinin xüsusi rolu, əhəmiyyəti var. Müvafiq tənzimləməyə baxmayaraq, Bakı metropolitenində subsidiyalaşma bundan sonrakı dövr üçün də nəzərdə tutulacaq. Çünki hazırda tənzimlənmiş tarif Bakı metrosunda sərnişinə xidmət göstərmək üçün kifayət etmir. Bu da o deməkdir ki, metro dövlətin əsas sosial layihələrindən biri olaraq qalır və metropolitenin fəaliyyətinin daha da inkişaf etdirilməsi dövlətin və hökumətin xüsusi diqqət mərkəzindədir”.

Bakı metrosunda sərnişinlərə xidmət keyfiyyətinin yaxşılaşdırılması məsələsinə toxunan B. Məmmədov buna nümunə olaraq yeni nəsil qatarların alınmasını, vaqon parkının yenilənməsini, QR biletdən istifadəni, vaqonların saz vəziyyətdə saxlanmasını, yeni avadanlıqlardan istifadəni qeyd edib: “Bank kartları ilə ödəniş sisteminin tətbiqi və digər məsələlər də uğurla həllini tapmaq üzrədir. Amma metropoliten üçün ən vacibi 1967-ci ildən fəaliyyət göstərən bir sistem üçün onun daim müasirləşdirilməsi, modernləşdirilməsidir. Bu zaman dövlətin investisiyaları və müvafiq maliyyə dəstəyi xüsusi rol oynayır və bundan sonrakı dövr üçün də aktuallığını qoruyub saxlayacaq”.

Metropoliten rəsmisi diqqətə çatdırıb ki, hazırda əsas mühəndis texniki qurğuların fasiləsiz elektrik enerjisi ilə təmini məqsədilə layihə həyata keçirilir və bu ilin sonuna qədər layihə tamamlanacaq: “Bu, metropolitendə dayanıqlı, etibarlı xidmətin həyata keçirilməsi baxımından çox vacibdir. Həyata keçirilən ən böyük layihələrdən biri də Dispetçer Mərkəzində həm işçi heyəti, həm də texniki təchizat baxımından yeni dövrün tələblərinə cavab verən avadanlıqların quraşdırılmasıdır. Bakı metrosunda vaqonların əsaslı təmiri sexinin olması da böyük üstünlükdür”.

Sərnişinlərə xidmət səviyyəsinin yüksəldilməsi barədə məlumat verən B.Məmmədov qatarlarda kondisionerin quraşdırılması mövzusuna da toxunub: “Təəssüf ki, yeganə çatışmazlıq kondisioner sisteminin quraşdırılmasıdır ki, bu da qeyri-mümkündür. Köhnə qatarlara kondisionerlərin quraşdırılmasının texniki cəhətdən mümkünsüzlüyü artıq isbat olunub. Bu, faktiki olaraq yeni vaqonun istehsalı prosesinə bərabərdir. Belə bir halda köhnə vaqonu əsaslı təmir edib modernləşdirməkdənsə, yenisini almaq daha məntiqli görünür və bu istiqamətdə işlər davam edir. Bundan əlavə metroda nasaz qatarların sayı da kifayət qədər azalıb. Xüsusən də qapılarla bağlı problemin azaldığını müşahidə edirik. Bunlar sərnişinə xidmət mədəniyyətinin yüksəldilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir”.

O bildirib ki, Bakı Metropoliteni təmizliyi baxımından da aparıcı yer tutur: “Bu, kifayət qədər böyük resurs tələb edən məsələdir. Bakı metrosunun hazırda həyata keçirdiyi hər bir yenilik sərnişindaşımanın maya dəyərinin azaldılmasına, təhlükəsizliyinin yüksəldilməsinə yönləndirilib və əminəm ki, zaman keçdikcə sərnişin bunu əyani şəkildə hiss edəcək. Metropoliten çox ağır, funksional və mürəkkəb sahələri özündə birləşdirdiyi üçün bu yeniliklər dərhal hiss olunmaya bilər. Pandemiya dövrünün metroya vurduğu zərbə hər kəsə məlumdur. Bu o deməkdir ki, metropolitenin əsas gəliri sərnişindaşımadan olduğu üçün həmin dövrdə qoyulmuş məhdudiyyətlər insanların sağlamlığı baxımından effektli olsa da, infrastruktur baxımından Bakı metrosuna müəyyən zərbələr vurub və bu gün də həmin zərbələrin izi hiss olunur”.

B. Məmmədov qeyd edib ki, dövlətin ayırdığı investisiyalar, subsidiyalar nəinki infrastrukturun qorunub saxlanması, hətta inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir.

Avtobuslarda xidmət keyfiyyəti barədə “BakuBus” MMC-dən məlumat verilib ki, tariflərdəki artımı zəruri edən bu sahədə fəaliyyət göstərən daşıyıcıların əməliyyat xərclərinin ödənməməsi ilə bağlıdır: “Bu sahədə yeganə dövlət operatoru olan “BakuBus” son illərdə xidmətin əhatə coğrafiyasının genişləndirilməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində əhəmiyyətli addımlar atıb. Yalnız bu il daha 15 marşrut xətti istismara qəbul edilib ki, bu da 200 avtobusun müasir standartlara cavab verən “BakuBus” avtobusları ilə əvəzlənməsinə gətirib çıxarıb. Bundan əlavə onlayn idarəetmə, keyfiyyətə nəzarət sistemi yaradılıb. Bu zəruri addımlar şirkətin xərclərinin də əhəmiyyətli artımını şərtləndirib. Digər tərəfdən sərnişindaşıma gəlirləri nisbətən artsa da, hazırda sərnişin dövriyyəsi pandemiyadan əvvəlki dövrün səviyyəsindən xeyli aşağıdır”.

Qeyd edilib ki, qəbul olunmuş qərar sosialyönümlülüyü nəzərə almaqla dövlətin bu sahədə siyasətinə uyğun olaraq, sərnişin ilə xidmət göstərən şirkət arasında maraqların balanslaşdırılmasına xidmət edəcək. Daşıyıcı şirkətlərin maliyyə sabitliyinin təmini ictimai nəqliyyatın müntəzəmliyini təmin etməklə, xidmət keyfiyyətinin artırılması üçün də əlavə imkanlar yaradacaq.

Ölkəyə idxal edilən avtobusların maya dəyərinin kəskin artdığını, onlara texniki xidmətin, amortizasiya xərclərinin dəfələrlə yüksəldiyini deyən daşıyıcı şirkətlərdən birinin mətbuat katibi Nizam Rzayev vurğulayıb ki, bu da dövlətin ictimai nəqliyyata dəstəyini labüd edir.

Sərnişinlərə xidmət keyfiyyətinin artırılması məsələsinə toxunan daşıyıcı şirkət rəsmisi qeyd edib ki, göstərilən xidmət Avro-5 standartlarına cavan verən müasir iritutumlu avtobusların gətirilməsini, yerli və xarici maliyyə təşkilatlarından böyük həcmdə investisiyalar cəlb edərək avtobus parkının böyük ölçüdə yenilənməsini, həmçinin paytaxt ərazisində müasir standartlara cavab verən iki müasir istehsalat bazasının qurulmasını əhatə edir.

“Son olaraq 51 ədəd CNG tipli Avro-6 standartlı avtobusu paytaxtımıza gətirərək istismarda olan marşrut xətləri üzrə sərnişinlərin xidmətinə vermişik. Bu istiqamətdə layihələr bundan sonra da davam edəcək, xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə yeniliklər edəcəyik”, - deyə o əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR