İcra hakimiyyətindən şəhidin xatirəsinə hörmətsizlik iddiasına CAVAB: İlqar Mirzəyevin barelyefi hazırlanır
Sosial şəbəkədə bu il iyulun 14-də Tovuzda gedən döyüşlərdə şəhid olan polkovnik İlqar Mirzəyevin yaşadığı evin qarşısında abadlıq işləri çərçivəsində qoyulan skamyaların, işiqlandırmanın götürüldüyü qeyd olunub.
Söhbət Xətai rayonu, Babək prospekti 13 (ATS ilə üzbəüz) ünvanından gedir.
İddia edilir ki, şəhidin qırx mərasiminə qədər ərazidə səliqə-səhmanın qorunmasına diqqət edilib, yaxınlıqda məişət tullantıları üçün konteynerlər qoyulub, abadlıq işləri və küçənin işıqlandırılması üçün tədbirlər görülüb. Lakin qırx mərasimi başa çatdıqdan sonra əraziyə qoyulan skamyalar, zibil konteynerləri və işıqlandırma naməlum şəxslər tərəfindən sökülüb.
Ens.az xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Oxu.Az-a açıqlamasında məsələnin tamamilə yanlış şəkildə təsvir edildiyini deyib:
“Sözügedən ünvanda, eləcə də rayonun digər küçələrində abadlıq işləri planlaşdırılır. Bu çərçivədə şəhid polkovnik İlqar Mirzəyevin də yaşadığı küçədə abadlıq işlərinə hazırlıq görülür. Polkovnikin qırx mərasiminə qədər işlər müvəqqəti olaraq dayandırılmışdı. Artıq yenidən ərazidə hazırlıq işləri davam edir. Bu iddialar əsassızdır. Heç bir halda şəhidimizin xatirəsinə qarşı hörmətsizlikdən söhbət gedə bilməz. Qırx mərasiminə qədər icra hakimiyyətinin nümayəndələri ailənin yanında olub. Hətta tərəfimizdən polkovnik İlqar Mirzəyevin barelyefinin hazırlanması istiqamətində tapşırıqlar verilib. Şəhid polkovnikin barelyefi yaşadığı binaya vurulacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət