Slimfit
  1. AZƏRBAYCAN

İçərişəhərdə həm çağdaş, həm də əbədi ola biləcək əsrarəngiz müasir dizayn məkanı

İçərişəhərdə həm çağdaş, həm də əbədi ola biləcək əsrarəngiz müasir dizayn məkanı
Sakura

İçərişəhərdə həm çağdaş, həm də əbədi ola biləcək əsrarəngiz müasir dizayn məkanı

Tarixin daş yaddaşı İçərişəhər. Hər küçəsi, hər döngəsi, hər daşı bizi-bizə tanıdan, həm də bizi dünyaya tanıdan bir məkan. Bura təkcə dünən deyil, həm də bu gündür, yaxın-uzaq gələcəkdi. Şərqlə-Qərbin qovuşuğunda yerləşən doğma Bakımıza kim üz tutsa, ilk tanışlığa İçərişəhərdən başlayır. Ona görə ki, bura sirli-sehrli bir aləmdir. Bura bir şəhərin yox, həm də bir millətin tarixini özündə yaşadır, həm də gələcək nəsillərə daşıyır. Qədim olduğu qədər də müasirliyi ilə insanları valeh edən bu məkanda çox mərkəzlər, qalereyalar, maraqlı muzeylər var. Bunlardan biri də İçərişəhər Ənənəvi İncəsənət Mərkəzidir. Az zamanda fəaliyyət göstərməsinə baxmayaraq, bu gün mərkəzin sorağı yaxın-uzaq məmləkətlərdən gəlir. Tanış olduqca bu mərkəzin İçərişəhərdə heç də hədər yerə yaranmadığının bir daha şahidi olursan.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2012-ci ildə təsis edilib. Bu mərkəz “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə Londonda yerləşən Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi arasında həyata keçirilən birgə layihə nəticəsində yaradılıb.

Azərbaycanın zəngin ənənəvi incəsənət irsinin öyrənilməsinə və canlandırılmasına xidmət edən bu mərkəz “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətində rəhbər tutduğu “Canlı tarix” konsepsiyasının tərkib hissəsidir.

Mərkəzin yaradılmasında əsas məqsəd istedadlı gəncləri təlimləndirərək, Azərbaycanın ənənəvi incəsənətini canlandırmaq və inkişaf etdirməkdir.

Mərkəz yaradılan zaman Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından 22 nəfər tələbə seçilib və onlar 3 il təhsil alıblar. Təhsil proqramını həm Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbindən gələn mütəxəssislər, həm də Rəssamlıq Akademiyasının müəllimləri həyata keçiriblər. 2015-ci ilin oktyabr ayında həmin tələbələr təhsillərini bitirib diplom alıblar və dizayner kimi mərkəzdə fəaliyyət göstərirlər.

Təbiətin quruluşu və Azərbaycanın zəngin mədəni irsi İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin fəaliyyətini canlandıran meyardır. Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin unikal üslubiyyatı gənc dizaynerlərə davamlı olaraq öz mədəni irsinə nəinki yeni yanaşmanı tətbiq etməyə, həmçinin ənənəni inkişaf etdirməyə imkan verir. Mərkəz həm çağdaş, həm də əbədi ola biləcək əsrarəngiz müasir dizaynı yaratmağa çalışır.

“Dastan” - İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin brendi

İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi məhsullarını “Dastan” brendi altından istehsal edir. “Dastan” brendi olaraq mərkəzin məhsulları dörd ənənəvi sənətkarlıq növündən – zərgərlik, batika, keramika və taxta işindən ibarətdir. Məhsullar ənənəvi sənət növləri üzrə texniki bacarıqlarının təkmilləşdirilməsi istiqamətində davamlı olaraq təlim keçən dizaynerlər qrupu tərəfindən əl ilə hazırlanır. Konseptual olaraq hər bir məhsulun dizaynı bir neçə ay davam edir. Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin, eləcə də yerli sənətkarlardan ibarət ekspert qrupu məhsulların hazırlanmasında və dizayn olunmasında gənc dizaynerlərə yaxından köməklik göstərirlər. Məhsullar təbii materiallardan hazırlanır. Onların istehsalında keçmiş və müasir dövrün texniki vasitələri və prinsiplərindən istifadə olunur. 

Mərkəzin unikal məhsullarının orijinallığını təsdiq edən sertifikatlar tərtib olunur və incə dizaynla hazırlanmış qutularda təqdim edilir. Sertifikatlarda məhsulun istehsal tarixi və hər bir dizayn haqqında məlumat verilir.

Çoxlu sayda sifarişlər qəbul olunur və fərdi müştərilərin istəyinə uyğun məhsullar istehsal edilir. Məhsulların hazırlanmasında yerli xammaldan və xaricdən alınan xammaldan istifadə olunur.

Məhsulların satış qiymətlərinə gəlincə bir az baha ola bilər. Mərkəzin marketinq və satış üzrə meneceri Aygün Əliyeva bunun da əsas səbəbini məhsulların əl işləri olması ilə izah edir.

“Dastan” brendinin ilk kolleksiyası - “Şirvanşahlar”

İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin “Dastan” brendinin “Şirvanşahlar” kolleksiyası qüdrətli, tarixi Şirvanşahlar dövlətinin mədəniyyətini bütün əzəməti ilə özündə əks etdirir. Əsas məqsədi Azərbaycanın zəngin tarixi və mədəni irisini təbliğ etməklə, müasir zövqün tələblərinə cavab verən sənət nümunələri yaratmaq olan gənc dizaynerlər kolleksiya üzərində işləyərkən qədim dövlətin zəngin mədəni irsindən bəhrələniblər. Vahid bir konsepsiya üzərində qurulan kolleksiya taxta, zərgərlik, keramika və batika kimi dekorativ-tətbiqi sənət sahələrini əhatə edən sənətkarlıq nümunələrindən ibarətdir. 

Əsas ilham mənbəyi olaraq Şirvanşahlar Saray Kompleksi memarlıq abidəsinin zəngin interyer və eksteryer dizaynları, nəbati və həndəsi naxışlar, kufi yazıları, eləcə də həmin dövrdə tikilən Bayıl qəsrinin daş pannoları üzərindəki antropomorf və zoomorf təsvirlər, həmçinin Şirvanşahlar dövlətinin dövlət atributlarında əks olunan simvolik təsvirlər seçilib. Kolleksiya “Divanxana” (batika), “Saray” (keramika, taxta), “Şirvanşah” (zərgərlik), “Aslan və öküz” (zərgərlik, keramika), “Səbayıl” (taxta) seriyalarından ibarətdir. Beləliklə, IX-XVI əsrlərə aid mədəni irs qədim sənətkarlıq texnikalarının köməyi ilə “Şirvanşahlar” kolleksiyasında tam müxtəlifliyi ilə əks olunub.

Mərkəzin kolleksiyası sərgilərdə

İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin kolleksiyası XV Azərbaycan Beynəlxalq Səyahət və Turizm Sərgisində, mərkəzi Londonda yerləşən Şahzadə Fond Qalereyasında, Fransada keçirilən “Azərbaycan şəhərciyi” adlı sərgidə, Moskvada “MİTT 2017” beynəlxalq turizm sərgisində, dünyanın aparıcı səyahət və ticarət sərgisi “İTB Berlin”də, London şəhərində Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin illik yekunlarına həsr olunmuş hesabat sərgisində nümayiş etdirilib.

Ustad dərslərinə qatıl, hazırladığın əl işini özünlə apar

Bu mərkəz, həmçinin bir çox insanlar üçün tədqiqat, təlim və təhsil resursu rolunu oynayır. Digər məqsəd ictimai və akademik proqramlar vasitəsilə bütün yaş qruplarına fərdi və ya kollektiv şəkildə qısamüddətli ustad dərsləri təşkil etməkdən ibarətdir. 

Ustad dərslərində iştirak etmək üçün hansı kriteriyaların tələb olunduğu sualına mərkəzin direktoru Əsmər Abdullayeva belə cavab verib: “Ustad dərslərində sənətkarlığa marağı olan, özü üçün bir dizayn tərtib edib və bunu hazırlamaq istəyən uşaqlar və böyüklər iştirak edə bilər. Burada keçirilən kursların nəticəsi olaraq hər hansı bir sənətkarlıq növünə aid məhsul hazırlanır və kursa gələn hər kəs sonda hazırladığı sənət əsərini özü ilə aparır. Mərkəzin məhsullarına və ustad dərslərinə yerli vətəndaşlarla yanaşı, xaricilər də böyük maraq göstərir”.

Mənbə: Azertag.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR