Hulusi Akar: 'Naxçıvanın inkişafı Türkiyədə məmnunluqla qarşılanır'
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərində iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına səfərə gəlmiş Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşüb.
"Report" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ali Məclisin sədri Naxçıvana səfərlə bağlı qəbul etdiyi qərara görə Hulusi Akara hörmət və ehtiramını bildirib, bu tarixi səfəri muxtar respublikanın həyatında mühüm hadisə kimi dəyərləndirib: "Azərbaycan-Türkiyə əlaqələrinin əsası xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərliyi dövründə qoyulub. 1993-cü ildən isə münasibətlərimiz bir millətin, iki dövləti səviyyəsinə yüksəlib, ötən dövrdə ölkə Prezidentlərinin iradəsinə uyğun olaraq strateji tərəfdaşlığımız daha da möhkəmlənib. Ölkələrimiz arasındakı əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm yeri var. Xüsusilə muxtar respublika ilə qardaş ölkə arasındakı hərbi əməkdaşlıq məmnunluq doğurur. 1997-ci ildən bu günə qədər Naxçıvan Muxtar Respublikasında 600-ə yaxın Türkiyə hərbçisi xidmət keçib. Eyni zamanda Heydər Əliyev adına Hərbi Liseyi bitirən 80-ə yaxın kursant Türkiyənin ali hərbi məktəblərində təhsillərini davam etdirib. Türkiyə Silahlı Qüvvələri Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərdə dəstəyini əsirgəməyib, muxtar respublikadakı ordu, birləşmə və hissələrin ərzaq, geyim, əşya, texnika, tibbi avadanlıqlar və dərman vasitələri ilə təminatında təmənnasız köməklik göstərib.
Ali Məclisin sədri göstərilən dəstəyə görə Türkiyə dövlətinə və Türkiyənin Milli Müdafiə nazirinin şəxsində Türkiyə Silahlı Qüvvələrinə minnətdarlıq edib.
Türkiyənin milli müdafiə naziri Naxçıvana səfərini və göstərilən qonaqpərvərliyi yüksək dəyərləndirib: "Naxçıvan qədim tarixi və müasir inkişafı ilə tamamilə fərqli bir məkandır. Burada olmaqdan böyük məmnunluq duyur və özümüzü doğma vətənimizdəki kimi hiss edirik. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin də dediyi kimi, Naxçıvanda “Bir millət, iki dövlət” olduğumuzun bir daha şahidi olduq".
Hulusi Akar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Ali Məclisin sədrinə çatdırıb, Naxçıvanın inkişafının qardaş ölkədə məmnunluqla qarşılandığını vurğulayıb.
Böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” fikirlərini xatırladan Hulusi Akar Moskva və Qars müqavilələrinə toxunub, Türkiyənin daim qardaş ölkə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib, ikitərəfli əlaqələrdən və qarşılıqlı etimaddan danışıb.
Qeyd olunub ki, Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasında ordu quruculuğu sahəsində əlaqələr hər iki tərəfin səyləri ilə inkişaf etdirilir.
Ali Məclisin sədri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlıq edib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov, ölkəmizin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, habelə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoral və Azərbaycandakı hərbi attaşesi İsmail Hakkı Köseali görüşdə iştirak ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət