Hitlerin doğulduğu ev satıldı – neonasistlərin ziyarətgahı idi
Üçüncü reyxin rəhbəri Adolf Hitlerin doğulduğu evlə bağlı söz-söhbət səngimir. Avstriya hökuməti evin sahibəsi ilə qiymətdə razılığa gələ bilmir.
Bizimyol.info xəbər verir ki, əvvəlcə evin 310 min avroya alınmasından söhbət gedirdi. Gerlinde Pommer məbləğlə razılaşmadı. İşə Avstriyanın Braunau-am-İnn şəhər məhkəməsi baxmalı oldu. İndi məhkəmənin qərarına görə hökumət Pommerə 1,5 milyon avro ödəməlidir.
Avstriya maliyyə prokurorluğu hesab edir ki, qiymət çox şişirdilib. Çünki hökumət indiyə qədər Pommerə müəyyən məbləğ ödəyib. Üstəlik, bina qorunub, onun yaxşı qalması üçün pul xərclənib.
Digər tərəfdən, evin tarixi əhəmiyyəti çox böyükdür. Qiyməti yüksəldən də məhz bu amildir.
Hitler bu evdə 1889-cu il aprelin 20-də doğulub. Pommerin ailəsi 100 ildən çox bu evin sahibi olub. 2016-cı ildən bina hökumətin balansına keçib. Amma qiymət məsələsi açıq qalmışdı. Tərəflər bir ildən çoxdur məhkəmənin qərarını gözləyirdi.
Ümumiyyətlə, Avstriya hökumətinin bina ilə bağlı narahatlığı çoxdur. Çünki neonasistlər Hitlerin doğulduğu evə xüsusi maraq göstərirlər. Bura bir növ ziyarətgah kimi yanaşırlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət