Hindistanda xüsusi karantin rejimi daha bir ay uzadılıb
Hindistanda yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar martın 25-dən qüvvədə olan xüsusi karantin rejimi daha bir ay müddətinə uzadılıb.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, xüsusi karantin rejiminin 5-ci mərhələsi müəyyən yumşaldılmalarla iyunun 1-dək 30-dək davam edəcək. Daxili İşlər Nazirliyi virusun daha çox yayıldığı yaşayış məntəqələri istisna olmaqla ticarət mərkəzlərinin, mehmanxanaların, restoranların, ibadətgahların açılmasına, habelə təhsil ocaqlarında tədrisin bərpasına, nəqliyyat vasitələrinin ştatlararası hərəkətinə mərhələli qaydada icazə verib. Səhiyyə Nazirliyi yumşalmalarla bağlı standart qaydalar toplusunu açıqlayacaq. Bununla belə həmin yumşalmalara dair son qərarı ştatların yerli hökuməti verəcək.
Yeni karantin rejimi dövründə zəruri hallar istisna olmaqla, insanların küçələrə çıxma qadağası hazırda olduğu axşam saat 7-dən səhər saat 7-dək deyil, axşam 9-dan səhər 5-dək olan müddətlə əvəz edilib.
Beynəlxalq təyyarə uçuşlarına, metro nəqliyyatının, teatrların, kinoteatrların, idman zallarının, üzgüçülük hovuzlarının, əyləncə mərkəzlərinin fəaliyyətinə, habelə ictimai-siyasi, elmi, mədəni, dini və digər kütləvi tədbirlərin keçirilməsinə olan qadağalar iyunun sonunadək qüvvədə qalacaq.
Qeyd edək ki, ötən sutkada Hindistanda günlük rekord səviyyədə yoluxma (7954) və ölüm (265) qeydə alınıb. Bununla da ölkədə COVID-19 virusuna yoluxanların ümumi sayı 180 mini, ölənlərin sayı isə 5140-ı ötüb. Səhiyyə Nazirliyi indiyədək 90 minə yaxın xəstənin sağaldığını, sağalma göstəricisinin 47 faiz təşkil etdiyini açıqlayıb. Hindistan virusa yoluxanların sayına görə dünyada 9-cu sıradadır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət