Slimfit
  1. AZƏRBAYCAN

Heydər Əliyevin avtomobilləri, geyimləri, hədiyyələr

Heydər Əliyevin avtomobilləri, geyimləri, hədiyyələr
Sakura

Heydər Əliyevin avtomobilləri, geyimləri, hədiyyələr

Hər bir xalqın tarixində heç vaxt unudulmayacaq, dönüş nöqtəsi olan günlər var. 1969-cu il iyulun 14-də Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəldiyi gün Azərbaycan xalqının taleyində dönüş nöqtəsi oldu. Belə ki, 1969-cu ildə Ümummilli Lider hakimiyyətə gələndə Azərbaycan iqtisadi baxımdan geridə qalmış respublikalardan biri idi və göstəricilərinə görə keçmiş Sovet İttifaqının 15 respublikası arasında 13-cü yeri tuturdu. 1971-ci ildə isə Azərbaycan artıq inkişaf sürətinə görə qabaqcıl respublikalardan birinə çevrildi.

Müasir Azərbaycan dünyada Ümummilli Lider Heydər Əliyevlə tanındı. Bu gün Heydər Əliyevin adını daşıyan Mərkəz isə müasir Azərbaycanın, müasir Bakının rəmzinə çevrilib.

Mərkəzdə Ulu Öndərin xatirəsinin əbədiləşdirildiyi muzey təşkil olunarkən burada Azərbaycan tarixinin və Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilib. Muzeydə toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Muzey forma ilə yanaşı, məzmun orijinallığı ilə də seçilir. Burada materiallar iki paralel kontekstdə verilir.

Ziyarətçilərə Ümummilli Lider Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilədək ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr də çatdırılır.

Muzeyin girişində Ulu Öndərin Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi işlədiyi illərdə, elecə də müstəqil Azərbaycanın Prezidenti olduğu dövrdə istifadəsində olan avtomobillər sərgilənir. Heydər Əliyevin yol yoldaşı olan dörd avtomobilin içərisində “Çayka Qaz 13” də var.

Burada digər ən maraqlı bölmələrindən biri də Ümummilli Liderin müxtəlif ölkələrin rəhbərləri ilə görüşlərini əks etdirən multimedia zalıdır.

Muzeydəki xüsusi qlobusda ölkələrin üzərinə toxunmaqla arxa fonda Prezident Heydər Əliyevin dövlət başçıları ilə görüşlərinin, eyni zamanda, Ulu Öndərə ABŞ Prezidenti Corc Buşun “Qartal”, Ukrayna Prezidenti Leonid Kuçmanın “Ovçu qədəhləri”, Rusiya Prezidenti Vladimir Putinin “Qoşalülə və tüfəng”, Özbəkistan Prezidenti İslam Kərimovun “Silah dəsti” və digər ölkə rəhbərlərinin hədiyyələri ilə canlı tanış olmaq mümkündür.

Bundan əlavə, zalda Ümummilli Liderin hərbi və mülki geyimləri, o cümlədən onun iş masası da sərgilənir. Dahi şəxsiyyətin müxtəlif illərdə təltif olunduğu orden və medallar da ekspozisiyanın ən qiymətli nümunələri sırasındadır.

Ümumiyyətlə, burada Heydər Əliyevin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual formada təqdim edilir. Bu da öz növbəsində, Muzeyin orijinallığını daha da artırır. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir.

“Mənim həyatım ən gənc vaxtlarımdan Azərbaycan xalqının taleyi ilə bağlıdır, Azərbaycana həsr olunub”, - deyirdi Heydər Əliyev. Elə mərkəzdə yaradılan muzeyin dizayn konsepsiyasının əsasını da bu fikir təşkil edir. Yəni Heydər Əliyevin ömür yolu ilə Azərbaycan xalqının taleyi arasında bağlılıq və Ümummilli Liderin Azərbaycan tarixindəki müstəsna rolu Muzeydə paralel olaraq çatdırılır.

Qeyd edək ki, Heydər Əliyev Muzeyinə mütəmadi olaraq məktəblilər və tələbələrin səfərləri də təşkil olunur. Bu layihə Heydər Əliyev irsinin yeni nəsil arasında yaşadılmasına, uşaqların, gənclərin milli-mənəvi dəyərlərə və ənənələrə, tarixi keçmişimizə bağlı ruhda böyüməsinə xidmət edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR