Hesablama Palatası AzərTAc və İTV-nin fəaliyyətini yoxlayıb
Bu gün Hesablama Palatasının geniş tərkibdə kollegiya iclası keçirilib.
“Report"un quruma istinadən verdiyi xəbərə görə, iclasda əsas diqqət 5 sentyabr 2018-ci il tarixdən qüvvəyə minmiş “Hesablama Palatası haqqında” yeni Qanununa, Qanunda Hesablama Palatasının müəyyən edilmiş fəaliyyət istiqamətləri, hüquqları, vəzifələri və bunların həyata keçirilməsi ilə bağlı qarşıda duran məsələlərə yönəldilib.
Palatanın sədri Vüqar Gülməmmədov bildirib ki, dövlət vəsaitlərinin və dövlət əmlakının məqsədyönlü və səmərəli istifadə edilməsinə daha keyfiyyətli və effektiv kənar dövlət maliyyə nəzarətini təmin etmək üçün bu qanun ali audit orqanı olaraq Hesablama Palatasının qarşısında mühüm vəzifə və öhdəliklər müəyyən edib. Yeni qanunda ilk dəfə olaraq ali audit orqanı kimi Hesablama Palatasının statusu müəyyən edilmiş, kənar dövlət maliyyə nəzarəti, dövlət vəsaiti, kənar dövlət maliyyə nəzarəti tədbirləri və kənar dövlət maliyyə nəzarətinin obyektlərinin anlayışları verilib ki, bu da dövlət maliyyəsi ilə bağlı bəzi metodoloji qeyri-müəyyənliklərin və uyğunsuzluqların aradan qaldırılmasına xidmət edəcək. Yeni Qanunda ali audit orqanı olaraq Hesablama Palatasının müstəqilliyinə dair ayrıca maddənin verilməsi, o cümlədən Hesablama Palatasının təşkilati və funksional müstəqilliyə malik olması və onun fəaliyyətinə qanunsuz müdaxilə etməyin yolverilməzliyi, həmçinin dövlət büdcəsindən ona ayrılmış vəsait həddində strukturunu və ştat sayını özünün təsdiq etməsi Ali Audit Qurumlarının Beynəlxalq Standartları (ISSAI) olan ISSAI 1 (Auditin Rəhbər Prinsiplərinin Lima Bəyannaməsi) və ISSAI 10-da (AAQ-ların Müstəqilliyi haqqında Mexiko Bəyannaməsi) müəyyən edilmiş prinsiplərə tam cavab verir.
Qeyd edilib ki, yeni yanunda əvvəlki qanunvericilikdən fərqli olaraq Hesablama Palatasının fəaliyyət istiqamətləri konkret müəyyən edilərək bu istiqamətlər üzrə vəzifə və hüquqları daha əhatəli və dolğun şəkildə verilmişdir ki, bu da Palata tərəfindən aparılan kənar dövlət maliyyə nəzarətinin keyfiyyətini artırmaqla bərabər dövlət vəsaitlərinin və digər dövlət əmlakının səmərəli şəkildə istifadə edilməsinə nəzarəti tam təmin etmiş olur.
Tədbirdə bildirilib ki, yeni Qanun Hesablama Palatası ilə dövlət qurumları arasında elektron inteqrasiya sisteminin genişləndirilməsi ilə hesabatlılığın gücləndirilməsi, dövrü informasiya mübadiləsinin təmin edilməsi, məsafədən auditin aparılması, maliyyə-büdcə nəzarətinin rəqəmsallaşdırılması işlərinin təşkili və başlanılmasına təkan verir.
İclasda həmçinin, Hesablama Palatasının tərkibi və işinin təşkili, Qanunun pozulmasına görə məsuliyyət, Palatanın fəaliyyətinin təminatları haqqında Qanunda müəyyən edilmiş məsələlər haqqında məlumat verilib.
Kollegiya metodiki sənədlərin yenilənməsi və yeni metodiki sənədlərin hazırlanması, kənar dövlət maliyyə nəzarətinin həyata keçirilməsi zamanı elektron informasiya sistemlərinə daxil olunması, nəzarət tədbirlərində informasiya texnologiyalarının tətbiq edilməsi, informasiya sistemlərinin qiymətləndirilməsi, informasiya sistemləri üzrə məlumatların toplanması kimi mühüm səlahiyyətlərin müəyyən olunduğunu nəzərə alaraq bu sahələrdə Palatanın IT istiqaməti üzrə fəaliyyətinin təkmilləşdirilməsi üçün texniki tapşırıqların hazırlanması və yeni proqram təminatlarının alınması, yeni Qanunun tətbiqi ilə bağlı qüvvədə olan normativ-hüquqi aktlarda aparılacaq dəyişikliklərlə bağlı təkliflərin hazırlanması üzrə tapşırıqları müəyyən edib.
Kollegiya iclasında həmçinin dövlət büdcəsindən Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AzərTAc) ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasının auditinə dair, İctimai Televiziya və Radio Yayımları Şirkətinə (İTV) dövlət büdcəsindən ayrılan və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsinin auditinə dair hesabatlar müzakirə olunub.
İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədi ilə aidiyyəti qurumlara təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət