“Həmin qurumlar uşaq müdafiə mexanizmini çətinləşdirir”
“Qəyyumluq və himayə orqanlarının potensialının gücləndirilməsinə ciddi ehtiyac var”.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bu gün keçirilən komitə iclasında müzakirəyə çıxarılan “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanun layihəsinə münasibət bildirərkən deyib.
“Yerli icra hakimiyyətlərində yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları fəaliyyət göstərir. Təcrübədə görürük ki, bu qurumlar uşaq müdafiə mexanizmini çətinləşdirir. Yerli icra hakimiyyətlərində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın və qəyyumluq və himayə orqanlarının potensialının gücləndirilməsinə ciddi ehtiyac var.
Komissiyaların maddi-texniki bazasının zəif olması, ştat vahidlərinin sayının az olması, qəyyumluq və himayə orqanlarının əsasnaməsinin günün tələblərinə cavab verməməsi, uşaq müdafiəsinin yerli səviyyədə operativ təminatına, dövlət-uşaq siyasətinin həyata keçirilməsinə problem yaradır. Bu baxımdan, təqdim olunan qanun layihəsi xüsusi əhəmiyyət kəsb edir. Buna görə də reallıqları nəzərə almalıyıq. Təcrübədə yaranmış çətinliyi təhlil edib qanunvericilik müstəvisində effektiv dəyişikliklər etməliyik. Yeni layihəyə əsasən, uşaq hüquqlarının müdafiəsi üzrə komissiya və katiblik yaradılacaq. Komissiyalar müvafiq icra hakimiyyəti orqanları yanında həmin orqan tərəfindən 9-11 nəfərdən ibarət tərkibdə yaradılır”, - deyə komitə sədri bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət